Dərc edildi: Baxış sayı: 1232
Miskin Abdal - Qocalıram
Ay dolaşıb, il ötüşür,
Yavaş-yavaş qocalıram.
Ötən çağlar yada düşür,
Əriyir yaş, qocalıram.
Nə qədər həmdəmim vardı,
İndi mənlə qalan yardı.
Şəvə kimi telim vardı,
Çallaşıb baş qocalıram.
Hayıf ömür getdi bada,
Qoy car olsun dosta, yada,
Sözüm keçmir arvada da,
Bişməyir aş qocalıram.
Zimistandır hər gələn yaz,
Dünya uzun, ömür də az...
Dilimdə söz, əlimdə saz,
Gözümdə yaş qocalıram.
Miskin Abdal bəlli adım,
Pərvazlanmır qol-qanadım...
Qayaları oynadardım,
Tərpənmir daş qocalıram.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət