Misirin Soxaq əyalətində 50-dən çox siçan, pişik və şahin quşu mumiyaları aşkar olunub
Misirin cənubundakı Soxaq əyalətində Ptolemeylər dövrünə aid (bizim eradan əvvəl IV-I əsrlər) yaxşı vəziyyətdə qalmış divarüstü yazılar və toxunulmamış çoxlu miqdarda heyvanların mumiyaları olan məzarlıq aşkar edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Qədim Abidələr üzrə Nazirliyi məlumat yayıb.
Qədim Abidələr üzrə Misirin Ali Şurasının baş katibi Mustafa Vəziri açıqlamasında bildirib ki, bu rayonda aşkar edilən tapıntı ən təəccüblü tapıntılardan biridir. Onun sözlərinə görə, iki minilliyin keçməsinə baxmayaraq yaxşı vəziyyətdə qalmış tanrıların həyatını təsvir edən divarüstü yazılar bu günə kimi boyaların parlaqlığını qoruyub saxlayıb.
Mütəxəssislərin fikrincə, tədricən yerin altına çökən çoxlu sayda daxili otaqları olan məzarlıq o dövrün Tutu adlı yüksək səviyyəli məmuruna məxsusdur. Məzarlıqda cəmi iki sarkofaq olub, ikincisinin isə, onun həyat yoldaşına aid olduğu ehtimal edilir.
Mustafa Vəziri, həmçinin bildirib ki, arxeoloqlar orada 50-dən çox siçan, pişik və şahin quşu mumiyaları kolleksiyası aşkar ediblər.
Asya Hacızadə
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət