Slimfit
  1. AZƏRBAYCAN

Misirdə “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” adlı kitabın təqdimatı olub

Misirdə “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” adlı kitabın təqdimatı olub
Sakura

Misirdə “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” adlı kitabın təqdimatı olub

Misir Ərəb Respublikasının “Hivar” (Dialoq) Siyasi Araşdırmalar və Media Mərkəzində Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşı Emil Rəhimovun müəllifi olduğu “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” adlı kitabın təqdimatı keçirilib. Bu, ərəb dilində ərəb dünyasının diqqətinə çatdırılan ilk fundamental kitabdır.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Azərbaycanın, həmçinin digər ölkələrin səfirliklərinin əməkdaşları, Azərbaycan diasporunun, Misir ictimaiyyətinin nüfuzlu nümayəndələri, müxtəlif qəzetlərin baş redaktorları, jurnalistlər, tələbələr iştirak ediblər.

Təqdimatı açan E.Rəhimov kitabın Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən çap olunduğunu diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzaladığını bildirib. Müəllif AXC-nin qurulmasında müstəsna rol oynamış Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov kimi görkəmli şəxsiyyətlərin fəaliyyəti, eyni zamanda, Azərbaycan diplomatiyasının uğurları, habelə Cümhuriyyətin mənəvi varisi sayılan müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin böyük xidmətləri, Azərbaycanın beynəlxalq müstəvidə tanıdılması, inkişafı və tərəqqisində əsas rol oynayan və Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti barədə danışıb.

Daha sonra səfirliyin müşaviri Azər Abbas çıxış edərək 100 il bundan öncə Azərbaycan xalqının həyatında misilsiz hadisənin baş verdiyini vurğulayıb, sürətlə inkişaf edən ölkəmizin qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olduğunu iştirakçıların diqqətinə çatdırıb.

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov çıxış edərək Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrə toxunub. O, Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olduğunu, burada əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığını bildirib.

Tədbirdə iştirak edən “Hivar” Mərkəzinin müdiri, Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin sabiq müdiri, Helvan Universitetinin doktoru və digərləri çıxış edərək müxtəlif mövzulara toxunublar.

Tədbirin sonunda iştirakçıların Misir və Azərbaycan arasındakı ikitərəfli münasibətlərə dair, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, Xəzəryanı ölkələrin statusu, böyük ipək yolunda Azərbaycanın rolu, Şimal-Cənub dəhlizi, Azərbaycanda təhsil və turizmlə bağlı verdiyi suallar E.Rəhimov tərəfindən cavablandırılıb.

Qeyd edək ki, təqdimat zamanı səfirlik tərəfindən ərəb dilində çap olunan kitabların sərgisi təşkil edilib və sonda iştirakçılara ölkəmizin həqiqətlərini təbliğ edən kitab və jurnallar hədiyyə edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR