Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Şəfi Vazeh - Məktubun intizarında

Mirzə Şəfi Vazeh - Məktubun intizarında
Sakura

Mirzə Şəfi Vazeh - Məktubun intizarında

Məhəbbət bağının sərvi-rəvanı,
Məlahət bağının tazə fidanı,

Ucaboylular içrə fəxri-dövran,
Şikəstə qəlblərə munisü dərman,

Zamanın ən seçilmiş nocəvani,
Gözəllərin gözəli, mehribani,

Şəfəqdə, mehridə göylərdə bir ay,
Vəfadə, əhdidə yoxdur sənə tay.

Xoşəndamsan, xoşiqbal, xoşəməlsən,
Zəmanə görməmiş nazlı gözəlsən.

İlahi, sən uzaq et bədnəzərdən,
Yanında bədnəzər düşsün kəsərdən,

Səni Allah görüm ki, hifz qılsın,
Könül aynan həmişə aydın olsun,

Kamınca gərdişə gəlsin bu dövran,
Sənə sağlıq dilər qəlb ol xudadan.

Deyirəm, dost ayağına dəyən daş,
Ona yox, sinəmə dəysin mənim kaş,

Əbədi ömür qıl sən bu cahanda,
Həyatım olmasın sənsiz bir an da.

O tazə qönçətək ətrin var olsun.
Başında daima sövdalar olsun.

Məhəbbət şərtinin itmamı yetdi,
Bizim ərzi-halın əyyamı çatdı.

Bizə qafil olubsan, bu nədəndir?
Cövrə mayil olubsan, bu nədəndir?

Fərağında gözüm qanla dolubdur.
Biri Qülzüm, biri Ceyhun olubdur.

Bütün kirpiklərin xəncərsayağı,
Tökər qəlbim qanın üzüm aşağı.

Dövrəm Dəclə olub gözüm yaşından,
Oturmuş qan içində min-min insan.

Ürək göylər kimi əfğana gəlcək,
Gözümdən yaş axar gürşad yağıştək.

Mənim göz yaşlarım, himmət edin siz,
Yarın məskəninə axıb gedin siz.

Ayağına düşüb nazlı nigarın
Yetirin ərzini bu biqərarın.

Ürəyim parçalanmış qəm əlindən,
Məgər zülfü əsir sübhün yelindən?

Hardan bir qafilə gəlsə, qərarsız
Sürünnəm mən, sürünnəm ixtiyarsız.

Bu xəstə qəlbimin ahi, nəvası
Olar ol qafilənin zəng sədası.

Arayar, varmı yarın bir nişanı,
Arayar ol yeniyetmə cəvanı.

Nə ümmid, nə cavab tapmaz sualı,
Suallar dəf qılmaz bu məlalı.

Niyə didəm dolar həsrət yaşıyla?
İlahi, kimsəni salma bu hala!

Haray, ey çərx, əlindən, nə edərsən?!
Bu könlümü hər an dərdlə didərsən.

Mənə min dərdi verdin, yoxdu dərman;
Bir anlıq vəsl üçün bu qədri hicran?

Neçə min sinəyə dağlar çəkibsən,
Usanmazsan məgər bu cövridən sən?

Nə olardı, məhəbbət olmayaydı!
Olurdu kaş bu möhnət olmayaydı!

Üzünü görməyə yox əldə imkan,
Nə də gül dərmədim vəslin bağından.

Nə bir kəs var ki, həməsrarım olsun,
Nə bir kəs var mənim qəmxarım olsun.

Kimə deyim ilahi, vəsfi-halım?
Kimə deyim bu dərdim, bu məlalım?

Bu əsrara ilahi, kimdi mərhəm?
De kimdə var bu qədri dərdilə qəm

Ki, ona söyləyim dərdimi bir dəm?
Alım ondan bu dərdə bəlkə məlhəm.

Ey ənbər qoxulu sübhün küləyi,
Xəbər gətir, sevindir bu ürəyi.

Sən ey, aşiqlərin dərdinə məhrəm,
Möhnətkeş insana ən yaxşı həmdəm,

Tutulsa qönçətək bir qəlb kədərdən,
Sən onu gül kimi xəndan edərsən.

Nə olar ki, olub məhrəmi-əsrar
Bizim də dərdimizdən ol xəbərdar.

Danışım mən yarımın firqətindən,
Xəbər verim cəfavü-möhnətindən.

Mənim bu halıma rəhm eyləyib sən,
Tükənməz dərdimə imdad edəsən.

Gedib sən yanına ol zülmkarın
Yetir peymanını aşiqi-zarın.

Onun vüsalına yetən zamanda
Tələsmə halımı şərhü-boyanda.

Amandır, xatirinə dəymə birdən,
Bəlkə də rəmzi var, gizlində səndən.

Əvvəlcə başına dolan onun sən,
Mənim əvəzimdə öp gözlərindən.

Yetir bu ərzimi qəlb ovlayana,
Kədərli qəlblərə məlhəm qoyana.

Dəmadəm, ləhzə-ləhzə, sən müdam de,
Ona məndən dua söylə, salam de.

Əgər lütf eyləyib halım sorarsa,
Bu idbar olmuş iqbalım sorarsa,

Nə gecəm var, nə də bir gündüzüm var,
Nə bir iş görməyə yox məndə kirdar.

Qərarım ol şəkər göftarım idi,
Mədarım ol gözəl rəftarım idi.

O sözlərdən ürəkdən dərd qalmış,
O rəftardan məni tufanlar almış,

Ürəkdə qəm, bu canımda soyuq tər,
Həyat bağçamda da əsir küləklər.

Haray, mənim bahar fəslim nə soldu?
Həyat çeşməm daha görünməz oldu.

İnan, sənsiz elə yannam, yaxıllam,
Mənimtək görməmiş təşnə bu əyyam.

Əgər sevdan başımda qalsa böylə,
Ümidim yoxdu vəslə heç səninlə.

Dönüb bəxtim, gecəm bil, gündüz olmaz
Səhər doğsa qəmimdən heç nə qalmaz.

Kimin xoş bəxti var gülsün, sevinsin
Ona tale yar olmuş, qoy öyünsün.

Qarabəxtin halın hardan bilər o?
Sitəmdən, hicrdən bilməz xəbər o.

Günəş cəmallıda rəhm olsa hərgah
Günəşə həsrətlə mən çəkmərəm ah.

Axı, səndən uzaqdı bu kədər-qəm,
Ürək darda, ciyər qan, gözlərim nəm.

Könül doymuş inan ki, qəm-kədərdən,
Qaçaram vəhşitək, cinsi-bəşərdən.

Elə bil Məcnunam sevdayi-Leyli,
Ürəkdə səhrayə artırdı meyli.

Göründü bir qasid, yox-yox o candı,
Bu xəstə qəlbimə ruhi-rəvandı.

Məni şad eylədi, o verdi namə,
Nə namə, ətridə misli - şəmamə.

Dolunca dağu-səhra mişk ilə mən –
Dedim ahu göbəyi gəldi Çindən.

Başımdan əqlimi aldı bir anda,
Dəyişdi halimi bu xəstə canda.

Açarkən naməni getdi kədər, qəm,
Kəramət qapısı açıldı ol dəm.

Bu namə dilrüba, o yardan idi,
O munis sevgilim dildardan idi.

Gah öpdüm, gah da qəlbim üstə qoydum,
Mənə sevinc gətirmişiydi, duydum.

Fəqət birdən halım oldu pərişan,
O xəttə baxmağım deyildi asan.

Təəccüb eyləyirdim iqbalımdan,
Mənə namə gəlib mişkin xalımdan.

Baxanda naməyə halım duruldu,
Ürək də namənin ətriylə doldu.

İlahi, bu necə xoş saət idi?
Bu ki, bir əvəzsiz səadət idi.

Məgər bu dövranın rəyi dolandı,
Yatan bəxtim məgər, birdən oyandı?

Nə oldu cövr - çərx, ol zülmü-dövran?
O zülmündən məgər oldu peşiman?

Oxudum naməsin gülüzlü yarın
İşindən hali oldum ol nigarın.

O namə çox şəfəqqətlə yazılmış,
Necə lütfü-məhəbbətlə yazılmış.

Yazıb: "Ey hicranın bəndində dustaq,
Hicrana səbr ilə dözərlər ancaq.

Qoy, üzün dönməsin cövri-fəraqdan,
Hicrimdə əl üzmə sən iştiyaqdan.

Hələ əskilməmiş mehrin yanımda,
Sevdan başımdadır, zövqün canımda.

Səni unutmaram, fikrim bu olmuş,
Nə vaxt ollam o yarımla həmağuş.

Bütün eşq əhlinə bu bir məramdır,
Naümmidlik məşuqlara həramdır..."

Gəl ey saqi, gətir bir cami-gülgün,
Ürəkdə pas tutan dərdimi silsin.

Şükur olsun ki, bəxtim də yar oldu,
Nə xoş əyyam, nə xoş ruzigar oldu!

Gəl ey Vazeh, məcazi-eşqidən sən
Həqiqət tap, onunla yüksələrsən.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR