Mirzə Məhəmməd Tağı Qumri - Cana, məhəbbət aləmi pürinqilab olur
Cana, məhəbbət aləmi pürinqilab olur,
Əhli-məhəbbətin işi daim əzab olur.
Aramü taqəti kesilir əhli-nəşənin,
Bisəbrü bitəhəmmülü büxürdü xab olur.
Əncüm sayar sabaha kimi aşiqin gözü,
Hicranda hər gecə ona yövmül-hesab olur.
Bir tarmuy ilən dağıdır can binasını,
Ol kakilin ki riştəsi pürpiçü tab olur.
Əhli-günahə nari-cəhənnəm verir əzab,
Üşşaqı dilkəbab eləyən ləli-nab olur.
Ruxsari-mahtələtə baxmaq deyil rəva,
Çox baxsa aftabə əgər göz, xərab olur.
Abi-həyat tək görünür vəsli-məhvəşan,
Təhqiqi-nəfsül-əmrdə baxsan sərab olur.
Vermə könül o taifeyi-bədməzacə kim,
Kirdari nazü kəlmeyi-nitqi itab olur.
Bir nuş versə qəlbüvə yüz nişi-qəmə urar,
Cövrü cəfası aşiqinə bihesab olur.
Yoxdu kitabi-məzhəbi kafir gözəllərin,
Kafir bulardan əsldə əhli-kitab olur.
Aldanma hüsni-surətə, bu xudfüruşlər
Surətdə bülbül olsa da, batin qürab olur.
Zahirdə Müştəridir, əgər batinən Zühəl,
Axır Zühəldən aləm ara ictinab olur.
Bu növdür vəfalarının istiqaməti,
Guya ki, filməsəl, su üzündə hübab olur.
Qətən əqidəsində bu zalimlərin yəqin
Aşiqlərə cəfa eləmək çox savab olur.
Qumri, bu qövlə mötərif ol, qılma etiraz,
Bəsdir dəxi, nə qədər sualü cavab olur?!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət