Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə İsa Xəyali - Sahiba, gərçi varam zahirən həzrətdən uzaq

Mirzə İsa Xəyali - Sahiba, gərçi varam zahirən həzrətdən uzaq
Sakura

Mirzə İsa Xəyali - Sahiba, gərçi varam zahirən həzrətdən uzaq

Sahiba, gərçi varam zahirən həzrətdən uzaq,
Deyiləm batinən ixlasi-iradətdən uzaq.

Fələyin gərdişi hər dəm məni bir hala salır,
Qoymayır bir dəm olam rəncü məşəqqətdən uzaq.

Çox gəzib, çox dolanıb, çox qazanıb, az yemişəm,
Qismətim yoxdu, yemək olmuru qismətdən uzaq.

Bəxti-bəddən il ötüb, ay dolanıb, ömr keçir,
Taleyi-bəd məni qılmadı kəsalətdən uzaq.

Düşmüşəm xaliqi-aləm nəzərindən qətən
Ki, döyül mən kimi bir kimsənə zəhmətdən uzaq.

Ey xoş ol gün ki, bizim həm var idi vüsətimiz,
İşimiz yetmədi məxluqa himayətdən uzaq.

Yaxşılıqda hərəkət çox elədim, çərx əvəzin
Hərəkət eylədi əltafü mürüvvətdən uzaq.

Bir tikə nanü pənirə görə btı gərdişi-çərx
Şəhrdən həm qılıb avarə vilayətdən uzaq.

Müttəhim, şəhrdə çün bəllidi, bihörmət olur,
Qız ki, oldu ata mülkündə bəkarətdən uzaq.

Zahiri-surətim ər xəlqə xoşayənd deyil,
Ülfətim qılsa olur etdiyi fikrətdən uzaq.

Nə cahan əhli kimi hirsü təməh çoxlu varam,
Deyiləm bir nəfəs insafü mürüvvətdən uzaq.

Ülfətimdən sədəmə bir kəsə yetmibdi mənim,
Şöleyi-atəşəm, amma ki, hərarətdən uzaq.

Nola bir növ güman xəlq edə dərhəqqimdə,
Bəndeyi-xaliq olan olmadı töhmətdən uzaq.

Ey fələk, sahibi-müyon məni eylə, gör olur
Bir dəqlqə ürəyim bəzli-səxavətdən uzaq!

Xəlq tək gər mənə həm vüsəl ola, namərdəm
Gər olam bircə zaman eyşilə işrətdən uzaq.

Neyləyim, çərx məni yandırı fərq atəşinə,
Şüğldən şüğlə salır, rəhmü mürüvvətdən uzaq.

Gah sərraf qılıb verdi mənə milyanı,
Xəlq arasında nəfəs çəkmədim izzətdən uzaq.

Ərdəbil içrə bizi eylədi şəxsi-əvvəl,
İşimiz keçmədi məxluqə himayətdən uzaq.

Gəh qılıb kündəvü zəncir ilə Talışda əsir,
Salıb eldən məni avərə, vilayətdən uzaq.

Gahi baqqal qoyub adımı, gahi əttar,
Bir zaman istəmədi kəsb ticarətdən uzaq.

Gəh zavodlar arasında hisü düdə biləşib,
Nəcisaludə gəzib, qüslü təharətdən uzaq.

Gəh piristində neçə pirkeşik içrə oturub,
Rasparajet verib, olmadım hökmətdən uzaq.

Gah Bakuda təzə yer verib, etdi sakin,
Olmadıq şamü səhər hörmətü izzətdən uzaq.

Gəh neçə tifli-səğirə məni yoldaş qılıb
Hamı nadan, hamı bifəhmü fərasətdən uzaq.

Aqibət bir neçə əşxasə məni qıldı düçar,
Ki, hamı vəsfləri həddi-nahayətdən uzaq.

Seyyid Əhməd ağa bir şəxsdi bimislü nəzir,
Heyf dövran məni saldı elə həzrətdən uzaq.

Məşdi Həmidin Allah evin etsin məmur,
Bizi qoymadı olaq nazilə nemətdən uzaq.

Yer verib, pul verib, hörmət edib, qoymadı heç,
Özümü nemət ilə, cismimi xilqətdən uzaq.

İstərəm ömrumü tezliklə tamam edə xaliq,
Bu təriq ilə olam bəlkə xəcalətdən uzaq.

Hacı Əbdülqasıma siz deyin həmsöhbət ola,
Hər kəs istər ola dərdü qəmü möhnətdən uzaq.

Ağa Məmmədsəlimin təbinə maşaallah,
Nə ticarətdən uzaqdır, nə şəriətdən uzaq.

On manat mən deməmiş verdi, xəyalında dedi:
On manat səhldir olmaq bəlkə nikbətdən uzaq.

Yüz ilin taciri diqqətlə baxa, görməz onu,
Çörtgəvü dəftərü adabi-ticarətdən uzaq.

Kərbəlayi Atakişi özü göyçək, sözü düz,
Döyül əsla sözü adabi-ticarətdən uzaq.

Allah-Allah, nə əcəb yer, necə himmətləri var!!!
Barilaha, oları eyləmə izzətdən uzaq.

Kişilik şərti bu, mərdanəlik adabı budur,
Eyləsin onları Allah özü afətdən uzaq.

O qədər kim, mənə hörmət olunub, vallahi,
Yenə mən olmaram ölsəm də xəcalətdən uzaq.

Xiclətimdən götürüb başımı qaçdım axir,
Yoxsa kim öz-özünü istəri rahətdən uzaq?

Nə üzüm var olar sarı baxam, bir də gözüm,
Xiclətim bəs ki, varanı bihədü qayətdən uzaq.

Arzudan savayı indi nə iş var, nə gücüm,
Qoymayıblar məni hər vəqtdə həsrətdən uzaq.

Ey Xəyali, mənü xaki-dəri-ərbabi-hüquq,
Məni həm eyləsə dövran bu kəsalətdən uzaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR