Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Fətəli Axundzadə - Sərgüzəşti-vəziri-xani-Lənkəran/Dördümcü məclis

Mirzə Fətəli Axundzadə - Sərgüzəşti-vəziri-xani-Lənkəran/Dördümcü məclis
Sakura

Mirzə Fətəli Axundzadə - Sərgüzəşti-vəziri-xani-Lənkəran/Dördümcü məclis

DÖRDÜMCÜ MƏCLIS


Dördümcü məclis Şölə xanımın otağında vaqe olur. Şölə xanım və Nisə xanım
qayət nigaranlıqda oturublar.


Nisə xanım. Görəsən nə vaqe oldu? Xacə Məsud gəlmədi ki,
bir xəbər gətirə; ürəyim çox iztirabdadır.
Şölə xanım. Niyə iztiraba düşürsən? Sənin sözünlə xan Teymur
ağaya bir zad edə bilməyəcəkdir.
Nisə xanım. Doğrudur ki, bir zad edə bilməz amma qorxuram
ki, Teymur ağa ilə mənim arama ayrılıq sala ki, ölümdən bədtərdir.
Bu halda xacə Məsud girir.
Ş ö l ə x a n ı m . Xacə Məsud, söylə görək nə oldu!
Xacə Məsud. Nə olacaq! Vəzir xana ərz elədi, xan Teymur
ağanı gətirib istirdi boğdursun. Teymur ağa tapança çəkib fərraşları
dağıtdı, aralıqdan çıxdı. Xan dalısınca əlli adam buyurdu ki, hər yerdə
tapsalar tutub qolu bağlı gətirsinlər ki, öldürsün. Indi tamam şəhəri və
evləri ondan ötrü axtarırlar.


Nisə xanım qüssədən ah çəkir; bu halda qapı açılır. Teymur ağa içəri girir.


Şölə xanım. Vay, dədəm vay, sən bura necə gələ bildin?
Məgər Aslan ürəyi yemisən? Məgər canından qoxmursan?
Teymur ağa (təbəssümlə). Nə var ki, canımdan qorxam?

Şölə xanım. Necə nə var? Xan səni axtardır ki, tutdursun, öldürsün.
Necə sən arxayın bura gəlmisən? Xacə Məsud, çıx çölə, gözətlə!
Gələn olmasın!


Xacə Məsud çıxır çölə.


Teymur ağa. Sənin xəyalına gəlir ki, mən ölüm qorxusundan
bu gün Nisə xanımı görməyə gəlməyəcəkdim? Bu başı qoymuşam
onun uğrunda! Amma mən işsiz də gəlməmişəm. Istirəm, bu gecə
Nisə xanımı götürüb qaçam. Dəxi bundan sonra onu burada qoymaq
olmaz! Sənin ərin mənim ilə nəməkbəhəramlıq binasını qoyubdur;
mən dəxi öz nişanlımı onun əlində qoyub, ondan sonra bura gəlibgedə
bilmənəm?

Ş ö l ə x a n ı m . Çox yaxşı, mən də bu əmrə razıyam. Amma gündüz
bura gəlmək xilaf idi. Özün bilirsən ki, Ziba xanım yüz yerdən
pusquçu qoydurub ki, bir səbəblə səni ölümə verib, bizi bədnam etsin.
Yaxşısı budur ki, indi bir tövr ilə buradan uzaqlaşıb gecənin yarısında
at və adamla darvaza dalısında hazır olasan. O saatda mən Nisə xanımı
çıxarıb sənin əlinə tapşırram, apararsan.
Teymur ağa. Nisə xanım, razısanmı?
N i s ə xanım. Əlbəttə razıyam, dəxi bundan başqa çarə qalmayıb.


Bu halda Xacə Məsud qapıdan çığırır.


Xacə Məsud. Ay aman, vəzir gəlir!
Şölə xanım və Nisə xanım (rəngləri təğyir tapmış). Vay,
dədəm vay, nənəm vay! Amandır, Teymur ağa, pərdənin dalısında
gizlən, görək bu zalımı qaytara billikmi?
Teymur ağa (heç halətinə təğyir verməyib arami-qəlb ilə). Mən
hərgiz dəxi o pərdənin dalısına girməyəcəyəm; qoy gəlsin məni burda
görsün!
Şölə xanım və Nisə xanım (onun ayağına düşüb dizlərindən
qucaqlayırlar, iztirab ilə). Allahı sevirsən, özünü qana çalxama!
Baban goru xatiri üçün gizlən pərdənin dalısında!
Teymur ağa. Heç vaxt!
Xacə Məsud (genə başın içəri uzadıb). Ay Aman, vəzir yetişdi!
Ş ö l ə xanım və N i s ə xanım. Ay başına dönüm, bizə rəhm
elə, bizə yazığın gəlsin! Vəzir bu səfər səni burda görsə, biz bişək
ölümə gedərik!

Teymur ağa. Hə, ancaq sizdən ötrü. (Girir pərdənin dalısına,
bir saniyə keçmiş vəzir içəri daxil olur).
Və z i r . Yaxşı oldu ki, siz hər ikiniz burdasınız. Mənə vacib idi ki,
siz ilə danışıq edim. Qulaq asın. Şö lə xanım, heç bilirsənmi ki, sənin
bacını xana vermək ilə nə qədər mənim dərəcəm və sənin rütbən artıq
olacaqdır? Belə olan surətdə, aya sənə lazım deyilmi öz təmiz adını
itirməyəsən və deməsinlər ki, xan bu övrətin bacısını alır ki, naməhrəmlər
ilə həmişə aşnalığı var.
Şölə xanım (arami-qəlb ilə). Buyur, görək, mən hansı naməhrəmlərlə
aşnalıq edirəm?
Və z i r . Məsələn, Teymur ağa ki, sənin otağında gördüm.
Ş ö l ə x a n ı m . Arvadın Ziba xanımla bu pərdənin dalısında?
Vəzir. Doğrudur, mən sənin haqqında gümani-bəd edə bilmənəm;
olur ki, bu təqsir Ziba xanımın ola; amma bu sözləri ondan ötrü deyirəm
ki, elə durub-oturmayasan ki, sənin xüsusunda xana bir yaman söz
deyələr və Nisə xanımdan da könlü çıxa; çünki bu saatda Nisə xanımdan
ötrü biixtiyardır və mənə buyurdu ki, bir həftəyədək onun köçmək
tədarükünü gör! Budur, ona bir üzük də peşkəş göndəribdir. Al, Nisə
xanım, tax barmağına! (Üzüyü Nisə xanımın əlinə qoyur).
Nisə xanım. Bir qız ki, onun bacısının haqqında bədgüman
olalar, xana layiq olmaz. Bu üzüyü apar, xana layiq bir qız tap, onun
barmağına tax! (Üzüyü vəzirin qabağında yerə qoyur, çölə çıxır).
Vəzir (dalısınca). Qızım, mən məgər sənin bacın haqqında bədgüman
oluram? Mən bu sözləri nəsihət yolunca ona danışdım.
Şölə xanım. Olmazmı bu nəsihətləri arvadın Ziba xanıma
verəsən?
Və z i r . Əlbəttə, sabah ona bundan qaim sözlər deyəcəyəm.
Ş ö l ə x a n ı m . Dəxi sabah niyə, elə bu saatda gedə bilməzmisən?
Vəzir. Dəxi saatda çəndan lüzumu yoxdur. Ondan ötrü ki, Teymur
ağa fərzən onun sevgilisi də olmuş ola, öz cəzasına yetişdi, ya tapılıb
ölümə gedəcək, ya da bu vilayətdən dərbədər düşəcəkdir. Bundan
sonra bu xüsusda heç zad danışmaq lazım deyil. Nisə xanımın köçmək
tədarükünə gərək məşğul olmaq.
Şölə xanım. Get anamın otağına, bu sözləri ona danış; bu
mənim işim deyil.
Və z i r . Get ananı bura çağır, burda danışaq.


Bu halda qapı açılır, Pəri xanım və Nisə xanım içəri girirlər.


Və z i r . Əcəb oldu gəldin. Buyur otur!
P ə r i x a n ı m . A qadan alım, oturmaq vaxtı deyil, genə əlimdən
çıxıb gedərsən. Sözümə qulaq as. O qədər şüğlun var ki, səni görmək
olmur.
Və z i r . Bəli, ələlxüsus bu günlərdə heç bir macalım yox idi. De
görüm, ana, mətləbin nədir?
P ə r i x a n ı m . A qadan alım, bir cüzvi mətləbdir. Getmişdim falçı
Qurbana dua yazdırmağa ki, Allah sən qızım Şölə xanımdan bir oğlan
kəramət eləsin. Falçı duanı yazıb buyurdu ki, gərək vəzirin başının üç
ağırı buğda səməni qoyub füqəraya paylayasan. Indi gərək sənin başının
üç ağırını tutam, səməni vaxtı keçir.
Və z i r . Əcəb təklif edirsən, ana! Mənim başımı necə çəkib ağırını
tutacaqsan, madam ki, başım bədənimdədir.
P ə r i x a n ı m . A qadan alım, çox asan zaddır. Falçı tövrünü öyrədibdir.
Bir dərin qab qoyarıq başına, əgər başın tamam ola sığsa, onun
dolusu buğda o başın ağırıdır. Nisə xanım, o badyanı bura gətir!


Nisə xanım gedib qapının dalısında Xacə Məsud hazır eləmiş bir kiçik badyanı
gətirir. Pəri xanım tez arami-qəlb ilə vəzirin papağın qaldırır.


Və z i r . Əgərçi namünasib təklifdir, amma müzayiqə yoxdur; necə
ki, deyiblər əməl elə, taki Allah Şölə xanımın arzusun bitirsin.
P ə r i x a n ı m . Bəli, qadan alım. Nisə xanım, badyanı qoy başına!
Nisə xanım badyanı geydirir. Badya vəzirin qaşına qədər girib aşağı getmir. Nisə
xanım zor edir.
Və z i r . Ay aman, burnum əzildi! Nə qayırırsan, yavaş! (Iki əlli
badyanı qaldırır).
P ə r i x a n ı m (tez). A qız, o böyük badyanı gətir.


Nisə xanım yüyürüb tez böyük badyanı gətirir.


Və z i r . Ay ana, Allahı sevirsən, olmazmı bu iş özgə vaxta qala?
Indi səninlə vacibi danışası mətləbim var.
P ə r i x a n ı m . Olmaz, vaxtı keçər, a qadan alım! Incimə, bir dəqiqəlik
işdir. Biz də səndən ötrü çalışırıq! (Ağlamaq halında). Bəs bu
axır ömrümdə sən rəva görürsən ki, mən Şölə xanımın qucağında oğul
görməyim ölüm? (Gözün yaşla doldurur, Nisə xanıma üzün tutur).
A qız, qoy badyanı, əvvəldən gərək bunu gətirəydin.

Nisə xanım badyanı qoyur, badya vəzirin lap boğazına keçdikdə, Pəri xanım tez Şölə
xanıma pərdə sarı işarə edir. Şölə xanım ahəstə pərdəni qalxızıb, Temur ağanı çıxarıb
qapıya sarı ötürür. Teymur ağa qapıdan rədd olduqda Nisə xanım badyanı qaldırır.

Və z i r . Ana, indi otur səninlə söz danışacağam.
P ə r i x a n ı m . Baş üstə, oğul!


Istir otursun, bu halda həyətdə çox qalmaqal səsi gəlir. Bir dəqiqə çəkməmiş
Teymur ağa əlində tapança otağa daxıl olur. Vəzir onu görən kimi başlayır titrəməyə.


Teymur ağa. Mənim atamın yaxşılıqları sənə haram olsun!
Axır heç nahaq yerə məni ölümə vermək istirsən? Mən əvvəl səni
öldürməmiş özüm ölmənəm.


Tapançanı qalxızır vəzir tərəfinə. Şölə xanım düşür onun ayağına, yalvarır.


Ş ö l ə x a n ı m . Amandır, Teymur ağa, təəmmül et, əl saxla!


Teymur ağa əl saxlayır. Bu halda Səməd bəy bir neçə cəzairçi ilə otağa daxil olur,
qapı ağzında durur.


Teymur ağa. Səməd bəy, qərəzin nədir?
Səməd bəy. Ağa, biz sənin atan və özün nökəriyik. Bizim həddimiz
nədir ki, sənə tərki-ədəblik edək? Amma özün bilirsən ki, xanın
buyruğudur, gərək səni onun yanına aparaq.
Teymur ağa. Məni diri onun yanına apara bilməzsiniz! Məgər
mənim başımı apararsınız. Başım da asanlıqla ələ gəlməz! Bismillah,
əgər hünəriniz var, ayaq irəli qoyun. (Tapançanı yuxarı qalxızır).
Səməd bəy. Ağa, fərz elə ki, onun ilə öldürdün bir adamı; mənim
ilə əlli cəzairçi var, buları ki, qırıb qurtara bilməzsən? Bu hərəkətlər
nə lazımdır? Inanın ki, xan əhd edibdir sizə bir zad etməsin.
Teymur ağa. Mənim hərgiz onun əhdinə etibarım yoxdur. O
hansı əhdin üstündə durubdur ki, ona inanmaq olar? Söz odur ki, dedim.


Bu halda həyətdə dübarə qalmağal qopur. Səlim bəy eşik ağası, Teymur ağanın
süd qardaşı Riza ilə içəri girir.


Səlim bəy. Səməd bəy, geri çəkil! Teymur ağa, başın sağ olsun!
Əmin xan dərya üzündə seyrə çıxmışdı, qəflətən bərk külək əsib,
lötgə çevrilib, xan dəryaya qərq olubdur. Indi xalq xanlıq imarətinin
ətrafına cəm olub özlərinə xan istirlər. Təşrif gətirin!


Teymur ağa. Riza belədirmi?
Riza. Bəli başına dönüm, belədir. Buyurun gedək (Bu halda vəzir və Səməd
bəy yeriyib torpağa düşürlər. yalvarırlar). Ağa, bizi başına çevir!
Teymur ağa. Səməd bəy, sən dur geri çəkil. (Səməd bəy durub geri çəkilir. Teymur ağa vəzirə). İndi sənə məlum olsun ki mənim sənin evinə gəlməyim ondan ötrü idi ki mən sənin baldızın Nisə xanıma təəşşüq yetirib Allahın əmrilə onu almağa talib idim. Amma çüki sən bir para arzuların xatiri üçün onu xana vermək fikrinə düşmüşdün, ona görə bu əmri sənə bildirmək mümkün olmurdu və o cəhətdən sən bir para gümani-bəd mənim haqqımda edib mənim ölümümə çalışırdın! Amma cənabi-əqdəsi-ilahi doğruya yar olub sənin muradın əksi üz verdi. İndi mən təqsirindən keçib səni bilkülliyyə bağışlayıram və əgərçi səni öz sifətlərinə görə dəxi şüğli-vəzarətdə baqi qoya bilmənəm. Lakin bundan sonra müdamül-həyat məndən vəzifəxar olub kamali asayişdə güzəran edəcəksən. Nisə xanımı köçürmək tədarükünə məşğul ol ki bir həftədən sonra gərəkdir ki, toy başlansın. Anam Pəri xanım, bacım Şölə xanim, xudahafiz!

Pəri xanım və Şölə xanım. Ağa, Allah sənin ömür və dövlətini ziyad eləsin, yüz il xanlıq edəsən!

Teymur ağa bəylər ilə otaqdan çıxır, vəzir heyrətlə baxmaqda qalır.

Cəzairçilər (qışqırır). Teymur xan sağ olsun!

Pərdə salınır.

Tamam olur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR