Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Fətəli Axundzadə - Sərgüzəşti mərdi-xəsis/Üçüncü məclis ( I hissə)

Mirzə Fətəli Axundzadə - Sərgüzəşti mərdi-xəsis/Üçüncü məclis ( I hissə)
Sakura

Mirzə Fətəli Axundzadə - Sərgüzəşti mərdi-xəsis/Üçüncü məclis ( I hissə)

Üçüncü məclis vaqe olur Arazın kənarında. Qızılbaş səmtində. Bəylər və Hacı Qara Təbrizdən qaçaq mal alıb qayıdırlar. Arazın kənarına, piyadalanıb yığışıblar qırağa. Araz qıjhaqıj axır, dumanlı gecədir, gah-gah ildırım şaxır.

H e y d ə r b ə y. Burdan indi keçmək olmaz. Gərək bir dört verst aşağıda küy-qalmaqal salaq, kazaklar tamam aşağı ensinlər, sonra qayıdıb burdan keçək.

Ə s g ə r b ə y. A kişi, indi bu dumanda, çiskində kazaklar tamam dam altında yığışıblar. Arazın qırağında cin də tapılmaz, gəlmişkən keçək.

H e y d ə r b ə y. Heç vaxt olmaz! Mən Arazdan bu taya çox oğurluğa gəlmişəm; kazakların həmişə Arazın qırağında busqusu olur.

H a c ı Q a r a. Heydər bəy doğru deyir. Ehtiyatı əldən qoymamaq gərək! O deyən kimi edək.


S ə f ə r b ə y. Hacının sözü doğrudur. Gedək aşağıda küy salaq. Hacı, sən yüklərin yanında qal. Bəylər uzaqlaşırlar aşağı. Bir azdan sonra küy, qalmaqal qopur. Yuxarıdan kazaklar yaraqlı-əsbablı başlayırlar beş bir, üç bir aşağı enməyə.

K a z a k l a r d a n b i r i s i. Ax, məlunlar! Yəqin quldurdurlar, at qovub gətirib keçirmək istirlər!

İ k i n c i s i. Mən belə bilirəm qaçaqçıdırlar!


Ü ç ü n c ü s ü. Hər kim olsa, haqqına fikir çəkərik. Kazakların dalı kəsilir. Bir azdan sonra qalmaqal sakit olur. Bəylər Hacı Qaranın yanında olurlar.

H e y d ə r b ə y. Di tez olun, keçin! Dayanmaq vaxtı deyil. Hamısı tökülürlər Araza, ortasında Hacı Qaranın atı büdrüyür. Hacı Qara atdan oynuyub düşür suya, axır, kənardan suya uzanan söyüd ağacının budağına ikiəlli yapışıb sallanır, çağırır.

H a c ı Q a r a. Ay aman, Heydər bəy, Səfər bəy, Əsgər bəy, mənim dadıma yetişin, mən boğuldum!

H e y d ə r b ə y. Hacı, hardasan?

H a c ı Q a r a. Burda, söyüd ağacına yapışıb sallanmışam!

H e y d ə r b ə y. Ay evin yıxılsın, bir elə dərin yerə düşübsən ki, səni çıxarmaq heç mümkün deyil!

B ə d ə l. A başınıza dönüm, mənim atamı çıxardın!

K ə r ə m ə l i. A gədə, qoy boğulsun, malı, dövləti tökülsün qalsın, beş gün yeyin, için, kef edin! Nəyinə gərəkdir qaydına qalırsan?

Ə s g ə r b ə y. Gədə, sarsaq danışma! Xurcundan sicimi çıxart, bura ver! Kərəməli sicimi tez çıxardıb verir.

H e y d ə r b ə y. Əsgər bəy, tez sicimi gətir! Əsgər bəy sicimi yetirir.

H e y d ə r b ə y. Hacı, sicimi atırıq, tut!

H a c ı Q a r a. A qurbanınız olum, tuta bilmənəm. Əlimi budaqdan üzsəm, su güclüdür, məni aparacaq. Halqa edin, atın, belimə düşsün! Heydər bəy sicimi halqa edib tullayır, düşür Hacı Qaranın boğazına, çəkir. Hacı Qara ikiəlli sicimdən yapışıb boğula-boğula qırağa çıxır, suyu səpələnir.

H a c ı Q a r a. Evin yıxılsın məni bu günə salan! Qapın çırpılsın məni dükanımdan avara qoyan!

H e y d ə r bəy. Hacı, səfərdə adamın başına çox iş gələr, gərək darılmamaq! Söyləmək vaxtı deyil, indi üstümüzə tökülərlər. Tez gərək qıraqdan uzaqlaşaq, qamışlıqda gizlənək. Gecəyarısı adam yatan vaxtda yola düşək. Hamısı tez qıraqdan uzaqlaşıb gözdən itirlər. Sonra on nəfər yaraqlı-əsbablı ermənilər bu yan tərəfdən yetişirlər.

O h a n (ermənilərin yüzbaşısı). Qoççum Sərkis, qoççum Karapet, qoççum Qəhrəman, siz mənim yanımda durun, qabaqda tüfənglərinizi hazır edin, mən havaxt deyərəm, o saatda atın, vurun! Mən sizi adbaad murova nişan verib istəmişəm, siz mənim yanımda olandan sonra yüz qaçaqçı da olsa, öhdəsindən gəlləm. Ay qalan uşaqlar, siz bizim dalımızda olun, qorxmuyun. İnşallah bizi görən kimi yükləri töküb qaçacaqlar. Qaçmasalar, əl açsalar, allah bilir, hamısını xingəl kimi doğrayacağam!

S ə r k i s. A yüzbaşı, hansı tərəfdən gələcəklər?

O h a n. Bax, elə qabağımızdan gələcəklər. Qasid xəbər gətirib ki, burdan başqa gələsi yolları yoxdur. Sərkis, muğayat ol! Allah qoysa, bu yüklərdən adama əlli manatdan artıq bəxşeyiş yetişəcək!

S ə r k i s. A yüzbaşı, elə hamı yüklərini alacaqsan?

O h a n. Allah bilir ki, xurcunlarınadək alacağam!

S ə r k i s. A yüzbaşı, yazıq deyillərmi? Hər necə olsa axır qarabağlıdırlar.

Biz onların tərəfin saxlamasaq, kim saxlayacaq? Genə gərək bir zad özlərinə qoyaq qalsın; yoxsa bəd dua yiyəsi olluq.

O h a n. Olan, nə danışırsan, tərəf saxlamaq bizəmi düşübdür? Tərəf saxlasan, qarabağlılığını gözətləsən, bəd duadan qorxsan, qulluq yaraşdıra bilməzsən.

S ə r k i s. Yüzbaşı, bir irəli gedim, baxım görüm gəlirlərmi?

O h a n. Yaxşı, ehtiyatlı ol, qorxudub geri qaçırma!

S ə r k i s. Xeyr, heç gözlərinə görükmənəm! Gedir.

O h a n. Uşaqlar, sərhesab olun! Başlayır adamları düzməyə, sonra Sərkis qayıdıb.


S ə r k i s. Yüzbaşı, evinə od düşsün, qaçaqçılar gəlirlər! Amma qabaqlarınca bir ucaboylu, qıvraq geyinmiş, yaraqlı-əsbablı oğlan gəlir ki, çox heybətlidir. Gözlərindən qan damır.


O h a n. Doğru deyirsən?

S ə r k i s. Allah bilir ki, doğru deyirəm!

O h a n. De ki, sən öləsən!

S ə r k i s. Sən öləsən, sənin başın üçün! O h a n. Üstündə doğrudan tüfəng və tapança gördün?

S ə r k i s. Vallah gördüm!


O h a n. Neçə idilər?


S ə r k i s. Hamısı üç adam nəzərə gəldi, amma o bir oğlan heç birisinə bənzəməz.


O h a n. Heç qorxu yoxdur, qoy gəlsinlər. Amma, Sərkis, çox irəli durmuşuq, bu yerdə qapaqap üstümüzə çıxarlar. Bir az geri dursaq yaxşıdır ki, sərvaxt olaq. Adamları geri durğuzur. Bu halda bəylər qabaqca, dallarınca Hacı Qara və yüklər yetişirlər.


H e y d ə r b ə y (əlində tüfəng irəli yeriyir). Ey, nə atlısınız? Yolu niyə kəsibsiniz? Çıxın yoldan! O h a n . Ba, olan, yoldan niyə çıxırıq? Sən kimsən ki, belə ürəklə danışırsan?

H e y d ə r b ə y. Qırışmal, qara soransan, rahdarsan, bizim yolumuzu kəsdiribsən? Sənə nə kiməm! Demirəm çıxın yoldan, doldurummu qarnını tüstü ilə! (Tüfəng qaldırır). A gədə, Əsgər bəy, Səfər bəy, niyə durubsunuz, niyə buları qırmırsınız? Vursanız buları yıxılalar!

O h a n (yoldaşlarilə yoldan yan durub). Olan, dəli olubsunuz, qudurubsunuz? Nahaq qan eləməyə, gümanam, çox örgənibsiniz, amma balam, biz qırılası adamlar deyilik.


H e y d ə r b ə y. Qırışmal, siz yəni nə qoçaq adamlarsınız ki, qırılmayasınız? Al gəldi! (Tüfəngi uzadır).

O h a n. A balam, dəli olma! Bax, biz gedirik. Gəl yolunla düz çıx get. Allahı sevirsən, nahaq qan yiyəsi olma. Bizim sizlə işimiz yoxdur!

H e y d ə r b ə y. Olmaz, qırışmal, öyünmə! Səni öldürməmiş qoymayacağam!

O h a n. A canım, mən qoçaqlıqdan ötrü demirdim ki, biz qırılası adam deyilik. Mən dediyim odur ki, bizi murov göndərib, bizi öldürsəniz, murova nə cavab verərsiniz?

Heydər b ə y . Qırışmal, özümüz billik murova nə cavab verrik; sənin nə borcundur soruşursan? Çıxın yoldan, yoxsa bu saatda hamınızı yarpaq kimi tökərəm!!

O h a n. Çıxırıq, çıxırıq, darıxma balam! Sərkis, Karapet, Qəhrəman, dönün, qayıdın, balam! Bulardan qan iyisi gəlir!

S ə r k i s. A yüzbaşı, bəs murova nə deyək?

O h a n. Olan, nə deyəcəyik? Görmürsən bular quldurdullar? Qaçaqçı belə olar? Qaçaqçı yarım ağaclıqdan qaraltı görəndə malın tökür, qaçır. Bular ha bizi də soymaq, qırmaq istirlər. Sarsaq köpək oğlu qasid, buları nahaq yerə qaçaqçı hesab edib, xəbər gətiribdir! Qayıdırlar.

S ə r k i s. A yüzbaşı, murov soruşsa ki, heç bir adama rast gəlmədinizmi, nə deyək? O h a n. Deyərik ki, heç qaçaqçıya rast gəlmədik!

S ə r k i s. Bəs deyəkmi quldura rast gəldik? O h a n. Balam, nə işimiz var? Deyərik: dəvə gördün qığın da görmədik.

K a r a p e t. Xeyr, yüzbaşı, deyərik quldura rast gəldik, çox idilər, girişə bilmədik.

O h a n. Yaxşı, onu sonra fikir edərik, hələ gəl!

S ə r k i s. Qoy bir bulardan soruşum ki, qaçaq malınız varmı? (Geri dönür).

H e y d ə r bəy. Erməni, genə geri dönürsən? Vallah, sizin əcəliniz yetib. Mən sizi qırmasam, siz burdan itməzsiniz. Ermənilərin üstünə hərəkət edir. Bu halda Sərkisin papağı qaçdığı yerdə başından düşür. O h a n (diltəng). A gədə, Sərkis, bu yana dön, bizi qana çalxama! S ə r k i s. Yüzbaşı, papağım düşübdür, qoy bir əyilim, götürüm.

O h a n (darıxmış). A gədə, qoy gəl, qoy qalsın! Sərkis tez dönür, hamısı gedirlər.

H e y d ə r b ə y (dallarınca). Ey, atamın goru haqqı, əgər bizi gördüyünüzü bir yerdə deyərsiniz, xəbər verərsiniz, sonra evinizin içində beşikdəki uşaqlarınızadək tamam gəlləm qırram! Özünüz bilin!


O h a n (uzaqdan). Olan, nə danışırsan? Bir elli deyilik, üz-üzə gəlmiyəcəyik? Nə işimiz var xəbər verək? Sən elə bilirsən, biz sizin üstünüzə gəlmişdik? Yalandan sizə sataşırdıq ki, bizi murov göndərib, görək siz nə deyirsiniz. Biz hadrutluyuq, gəlmişdik şahsevənlərdən camış almağa, sövdəmiz baş tutmadı, qayıdıb gedirik. H e y d ə r b ə y. Yaxşı, di gedin! (Heydər bəy qeyzlə ayağın yerə çırpıb). Tez-tez gedin!.. Ermənilər qədəmlərin yeyin götürürlər, uzaqlaşıb gözdan itirlər. Bundan sonra Hacı Qara irəli yeriyib yoldaşlarına.


H a c ı Q a r a. A kişi, niyə erməniləri buraxdınız? Niyə qolların bağlayıb bu qamışlığa salmadınız? H e y d ə r b ə y. Nədən ötrü, Hacı?

H a c ı Q a r a. Ondan ötrü ki, gedib üstümüzə kazak gətirməsinlər.

H e y d ə r b ə y. Camış alanın nəyinə lazımdır ki, gedib özünə zəhmət verə, üstümüzə kazak gətirə? H a c ı Q a r a. Sən bilmirsən, şəksiz, bular camış alan deyillər! Oların sözünə necə inanmaq olar? Eşitmədin, Səfər bəy deyirdi ki, buların yüz hiyləsi olur?

H e y d ə r b ə y. Hacı, mən zamın ki, bu səfərdə bulardan sənə heç bir xəta yetişməsin.

H a c ı Q a r a. Olan, nə danışırsan? Məgər elə bu səfərdir? Gərək belə adamların bir neçəsinə tənbih oluna ki, qaçaqçının qabağına çıxmayalar. Hər qabağa gələni adam sağ-salamat buraxsa, dəxi buların əlindən qaçağa gedib-gəlməkmi olar? Bundan sonra hərgiz dəxi belə qazanclı səfərdən geri qalmayacağam. Çifayda, mən sənə arxayın oldum, dalda durdum, yoxsa bulara zərbi-dəstimi göstərib, bu nadürüstlərdən gələcəyinə yolları təmizlərdim!

Ə s g ə r b ə y. Yaxşı, bir özgə dəfə rast gələndə zərbi-dəstini göstərərsən, indi keçdi dəxi.

H a c ı Q a r a. Allah qoysa, siz də eşidərsiniz. Di sürün, durmağa vaxt yoxdur; gərək bu gecə Qarğabazarına yetişək. Ordan mən Bədəli sizin yanınızda qoyub gərək Kərəməlilə ötüm Ağcabədiyə ki, sabah cümə günüdür, bazara çatam, malı satam.


H e y d ə r b ə y. Hacı, oradan o yana yalqız gedə bilərsənmi?


H a c ı Q a r a. Oradan o yana dəxi ki, kazak yoxdur.

H e y d ə r b ə y. Kazak yoxdur, amma murov yasavuluna tuş gələsən, onda yaxşı olmaz.

H a c ı Q a r a. Mən özüm tarıdan istirəm ki, bir murov yasavuluna rast gələm, olardan bir qisas alam! H e y d ə r b ə y. Bərakallah, Hacı, maşallah qoçaq imişsən!

H a c ı Q a r a. Bir-iki yasavul mənə rast düşsün, oların başına bir iş gətirim ki, qiyamətədək dadı damaqlarından getməsin; bundan sonra xalq olar sarıdan farağat olsunlar. Ta bu yasavulların bir neçəsinə toy tutulmasa, ölkə oların əlindən dincəlməz!

H e y d ə r b ə y. Əcəb olar, Hacı, biz də hünərini eşidərik. Başlayırlar getməyə, bir az gedib gözdən itirlər. Pərdə salınır. DÖRDÜMCÜ MƏCLİS Dördümcü məclis vaqe olur Xonaşin dərəsində, aydınlıq gecədə, iki erməni, biri piyada, biri eşşək üstə gəlirlər.

A r a k e l. Mkrtıç, allah qoysa, bu il səksən çuval taxılımız olar.

M k r t ı ç. İnşallah olar. Üç ildir taxılımızı çəyirtkə yeyirdi, amma tarı bu il o qədər veribdir ki, keçən illərin də əvəzi çıxacaq.

A r a k e l. Mkrtıç, nə yaxşı deyirəm ki, bizim köhnə zamandan quyularda taxıllarımız qalırmış, yoxsa bu bahalıq illərdə çox korluq çəkərdik.

M k r t ı ç. Bişək, bizim kəndin taxılı olmasaydı, Dizaq mahalı acından qırılacaq idi.

A r a k e l. Əkinçiliyə allah bərəkət versin. Dünyada ondan yaxşı peşə yoxdur.

M k r t ı ç. At tappıltısı gəlir. Dayan görək kimdir. Dayanırlar, bu halda qabaqda Hacı Qara görükür.

K ə r ə m ə l i. Evimiz yıxıldı, ağa, qabaqda iki adam görürük. Dedimmi, yoldaşlardan ayrılma! Tamahın güc gətirdi, gəldin di indi yaxşı Ağcabədi bazarında malını satarsan. Bu saatda yükü alacaqlar.

H a c ı Q a r a. Gədə, nə danışırsan? Kimin həddi var mənim malımı ala?

K ə r ə m ə l i. Belə bu görükənlər! Bir irəli dur, bax! Bular, şəksiz, murov yasavullarıdırlar. Di çalış görək necə yükünü saxlayacaqsan. H a c ı Q a r a. Allah qoysa olara bir çöp də vermənəm dişlərini qurtlayalar! Sən yükün üstündə bərk otur, qorxub yıxılma. Mən buları qabaqlayım, görüm sözləri nədir? Tutub qollarını bağlayıb yıxacağam dərəyə. Ta mən özümü bir neçə beləsinə göstərməsəm, yollar əmin olmaz! Allah qoysa bir iş tutum ki, dəxi heç kəs cürət edib qaçaqçı malına tamah etməsin.

K ə r ə m ə l i. Mən mıx kimi yükün üstünə qaxılmışam. Dartıb salan olmasa, yıxılan deyiləm.

H a c ı Q a r a. Yaxşı, otur irəli! (Ermənilərlə qabaqlaşıb əlində tüfəng). Ay adam, kimsiniz? Dinin, yoxsa vurdum! M k r t ı ç. A canım, niyə vurursan? Biz ki, sənə yamanlıq eləmirik? Yoldan gedənik!

H a c ı Q a r a. Yava-yava danışma! Yoldan çox adam gedir. Doğrusun de görüm, kimsiniz? Bu gecə vaxtı burda niyə görükürsünüz? M k r t ı ç. Tuğluyuq, getmişdik çöldə taxılımızı biçirdik. Biçib qurtarıb evimizə qayıdırıq. H a c ı Q a r a. Bu sözlər ilə məni aldada bilməzsiniz. Mən siz deyənlərdən deyiləm. Mən bilirəm ki, siz kimsiniz! Ta mən sizin ikinizi də şil-küt etməsəm, ölkə sizin əlinizdən dincəlməz, gəlib-gedənlər sizin əlinizdən qurtarmaz! M k r t ı ç (təəccüb ilə). Arakel, bu nə danışır?!

A r a k e l. Bir ağıllı-başlı soruş gör, sözü nədir, nə istir?

M k r t ı ç. Ay qardaş, biz fağır padşah rəiyyətiyik. Öz kasıblığımız ilə başımızı saxlayan adamıq. Biz ömrümüzdə bir kəsə zərər yetirməmişik. Yol kəsmirik, bunt salmırıq. Biz neylirik ki, ölkə bizim əlimizdən dincələ bilmir?


H a c ı Q a r a. Mən sizin tamam hiylələrinizdən xəbərdaram! Əgər siz dürüst adam olsaydınız, bu gecə vaxtı bu yolda görükməzdiniz. Sizin fikriniz həmişə xalqa zərər yetirməkdir, xalqın evin yıxmaqdır. Tüfənglərinizi yerə salın, yoxsa vurdum!

M k r t ı ç. A canım, tüfəngimiz harda idi ki, yerə salaq! Bir cüt oraqdan başqa bizdə bir zad yoxdur. Əgər qərəzin bizi soymaqdır, onu bildir.

H a c ı Q a r a. Mən adam soyan deyiləm. Sizin kimi özgə malına tamah edənlərin canını alanam!

A r a k e l. Mkrtıç, bu necə quldurdur? Mən heç bunun sözlərin başa düşmürəm.

M k r t ı ç. Heç mən də başa düşmürəm. Dinmə, görüm nə danışır. (Hacı Qaraya mütəvəcceh olub), Qardaş, biz kimin malına tamah eləmişik. Biz bir əkinçi xalqıq. Allaha şükür, padşaha xərac da, töycü də veririk. Biyara gedirik. Bacardıqca xalqa da xeyrimiz dəyir. Bu qış bahalıqda tamam qonşu müsəlman obalarına taxıl borc verdik ki, aclarından qırılmasınlar. Əgər bu zamanadək tuğlu bir adamın bir quruşunu yeyibsə, bizim qanımız sənə halaldır!

H a c ı Q a r a. Sizin qanınız çoxdan halaldır. Amma bu zamanədək tökən olmuyub. İndi sizi əcəl çəkə-çəkə mənə düçar edibdir. Özgəyə quyu qazan özü düşər. Çox adamların evin yıxıbsınız. İndi cəzanıza yetişərsiniz! Yaraqlarınızı salın, yoxsa, vallah, tüfəngi bu saatda ürəyinizin başına boşaldaram! Ermənilər başlayırlar qorxmağa.

M k r t ı ç. Ay qardaş, yer haqqı, göy haqqı bizim yarağımız yoxdur! Axır bizim təqsirimiz nədir ki, sənin bizə belə qəzəbin tutur?

H a c ı Q a r a. Sizin təqsiriniz nə yerə sığışır, nə göyə! Qurumsaq uşağı, başınıza sənət qəhət olubdur?

M k r t ı ç. A canım, dünyada bizim sənətimizdən yaxşı sənət varmı? Bizim peşəmiz olmasa, aləm çörək tapmaz. H a c ı Q a r a. Bax, bax, cürətinə bax, sənətini tərif də edir! Qırışmal uşağı, xalq əzab çəksin, alnının tərilə mal qazansın, siz müftə yerə sahiblik edin! Bu harda görülübdür?


M k r t ı ç. A qardaş, allahı sevirsən, bizi incitmə, qoy ötək, çıxaq gedək! Sənin işin zarafata bənzir. Hacı Q a r a . Vallah, əgər ayaq-ayaqdan tərpədibsiniz, cəmdəklərinizi yerdə sərilmiş bilin! Mənim sözlərimi zarafat sayırsınız? Qərəziniz budur ki, mən sizin kimi sarsaqlara allanam, yaxın gəlib öz bildiyinizi edəsiniz? Yaraqlarınızı tulluyun, deyirəm!

M k r t ı ç . Arakel nə eyliyək?

A r a k e l. Vallah, mən özüm də mat qalmışam.

M k r t ı ç. Pərvərdigara, bu nə iş idi düşdük? A canım, irəli qoymursan ötək, bəs qoy geri qayıdıb, başqa yol tapıb gedək.

H a c ı Q a r a. Heç vaxt olmaz! Ayaq tərpədə bilməzsiniz, fikriniz odur ki, gedib murova xəbər verəsiniz, özü gəlib mənim üstümə tökülə? Allah qoysa, sizin ölüm xəbəriniz murova çatar! Bundan sonra qalan yoldaşlarınıza ibrət olar!

M k r t ı ç. A canım, sən bizi kim hesab edirsən ki, bu oyunu bizim başımıza gətirirsən?

H a c ı Q a r a. Mən sizi hesab edirəm quldura, yol kəsənə, xalqın evini yıxana, zalıma, müftəxora, dar ağacına layiq olana!


M k r t ı ç. Bəs sən özün kimsən?

H a c ı Q a r a. Məni siz özünüz yaxşı bilirsiniz. Bilməsəydiniz bu gecə vaxtı dərənin ortasında məni qabaqlardınızmı?

M k r t ı ç. Vallah, biz özümüz də çox-çox peşmanıq ki, bu yol ilə gəldik, sənə düçar olduq. Biz heç səni tanımırıq və xəyalımızdan da keçməzdi ki, səni görəcəyik.

H a c ı Q a r a. Bu sözlər bir pula dəyməz! Axırıncı sözümdür, məni məəttəl eləməyin. Tez olun, yaraqlarınızı salın!

M k r t ı ç. Arakel, nə çarə edək? A r a k e l. Vallah, yarağımız yoxdur! Bu iki oraqdan başqa bizdə bir kəsər tapılmaz; istirsən tullayaq, ha! Oraqları qabağa tulluyurlar.

H a c ı Q a r a. Tüfənginizi, tapançanızı, qılıncınızı tulluyun! Yoxsa od elədim!

A r a k e l. A kişi, sən necə adamsan? Allah haqqı, peyğəmbər haqqı tüfəng, tapança yoxdur!

H a c ı Q a r a. İnanmanam, yalan deyirsiniz, gizliyibsiniz, tulluyun.

M k r t ı ç. Çünki inanmırsan, özün bil, hər nə eləyəcəksən elə! Allah cəzanı versin! H a c ı Q a r a. Bəs belə? Görün nə eylərəm! (Başlarının üstündən tüfəngi atır. Eşşək ürkür, Arakel qorxusundan eşşəyin üstündən yumbalanır. Hacı Qara tapançanı çəkib buların üstünə yüyürür, çığırır). Tərpənməyin! Biçarə ermənilərin biri yıxılmış, biri ayaq üstə.

M k r t ı ç. Ay allah bəndəsi, bizi nahaq yerə niyə öldürürsən?


H a c ı Q a r a. Tərpənməyin! (Sonra üzün Kərəməliyə tutub). A gədə, Kərəməli, mən buları əyləmişəm, tez qaç qurtar!

K ə r ə m ə l i. Ay ağa, geri qaçım, ya irəli!

H a c ı Qa r a. Gic oğlu gic, geriyə hara qaçacaqsan? Genə Araza qayıdıb gedəcəksən? İrəliyə qaç qurtar, tez! K ə r ə m ə l i. Yəni yük ilə qaç demirsənmi? H a c ı Q a r a. Fu, gic balası gic! Əlbəttə, yüksüz necə gedərsən?

K ə r ə m ə l i. Mən özüm də belə bilirəm. Atı çubuqlayıb qabağa, gözdən itir. Bu halda Arakel istiyir ayağa dursun. H a c ı Q a r a (qaim sövt ilə). Ay tərpənmə, yoxsa vurdum!

A r a k e l genə yerə enir. Bu əsnada m u r o v, üstüncə bir dəstə adam yetişir. X ə l i l yüzbaşı(murova). Ay ağa, burdadırlar, tapmışam, gəlin!

M k r t ı ç. Ay başınıza dönüm, gəlin bizi bu zalımın əlindən qurtarın!

A r a k e l (ayağa durmuş). Ay qurbanınız olum, yetişin, bizə bu quldurdan nəcat verin! H a c ı Q a r a. Gözünüzə dönüm, hər kimsiniz, gəlin! Bular mənim qorxumdan tərpənə bilmirlər. Buların qolun bağlayın, əyliyin, mən çıxım gedim. Bu halda murov adamları ilə bulara tərəf çevrilir. M u r o v. Haramzadalar, mənim əlimdən hara gedəcəksiniz? Sorağınızı alıb dalınızca gəlmişəm! Xəlil yüzbaşı, qoyma! X ə l i l yüzbaşı(irəli yeriyib ermənilərə). Ey, vallah, tərpənərsiniz, hamınızı qırrıq, yarağınızı salın!

 

(II hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR