Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Fətəli Axundzadə - Sərgüzəşti mərdi-xəsis/İkinci məclis

Mirzə Fətəli Axundzadə - Sərgüzəşti mərdi-xəsis/İkinci məclis
Sakura

Mirzə Fətəli Axundzadə - Sərgüzəşti mərdi-xəsis/İkinci məclis

İkinci məclis Ağcabədi kəndində vaqe olur. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. Hacı Qara yarımarşın əlində bikef oturubdur.

H a c ı Q a r a. Allah kəssin belə bazarı! Belə alış-verişi! İt oğlu qədək, şilə verənin əli qurğuşun imiş! Üç aydır Qalada almışam, gətirib beş top satmamışam! Heç kəs malın üzünə baxmır. Deyəsən ölətdən qırılanların sovxasıdır. Heç kəs yovuğuna gəlmir. Bu bazar ilə mən bir ilədək də buları satıb qurtara bilməyəcəyəm. Evim yıxıldı getdi! Bu nə iş idi mənim başıma gəldi?! Beş yüz manat nəqd pul verəsən, faydasından, qazancından əl çəkəsən, mayan da əlinə gəlməyə, bu harda görülübdür? Evin dağılsın çit satan! Qapın çırpılsın şilə verən! Çadra verən, səni görüm heç uğruna xeyir gəlməsin! Sağ-salamat satdığın malın qazancın yemiyəsən! Uf, uf! (Əlin dizinə çırpır). Zalım oğlu, yüz yol qurana, peyğəmbərə and içdi ki, çox rəvac maldır, Ağcabədi bazarında üç gündə hamısın satarsan! Üç gün indi üç ay olubdur. Üç ay deyil ki, bu mal üç ilə də satılmaz. Yaxşı məni aldatdı. Bu hesab ilə düz yüz manat zərərim var. Bu dərd məni şəksiz öldürəcək. Bu halda Xudaverdi müəzzin yetişib qəflətən.

X u d a v e r d i. Salaməleyk! Hacı, atanızın ismi-şərifi nədir?

H a c ı Q a r a. Əleykəssəlam! Naşurun topu neçiyədir?

X u d a v e r d i. Xeyr, mən soruşuram ki, mərhum atanızın adı nədir?

H a c ı Q a r a. Nəyinə lazımdır, əzizim?

X u d a v e r d i. Necə nəyinə lazımdır? Axır bir sureyi-cümə oxumuşam, istəyirəm atanızın adına tapşıram. H a c ı Q a r a. Çox-çox razıyam, əzizim! Yaxşı, bu xeyir iş hardan sizin xəyali-şərəfinizə düşdü?

X u d a v e r d i. Necə hardan düşdü? Bu gün səhərdən bizim evin qabağından keçəndə bəndəzadənizə özünüz buyurmuyubsunuz ki, atana de, bu gün cir cümə surəsi mənim atama oxusun, gəlsin bir abbası verim?

H a c ı Q a r a. Mən? Necə? Nə danışırsan, dəli olubsan?

X u d a v e r d i. Hacı, hələ dəli olmağa bir səbəb yoxdur. Sən deyibsən, oğlum da mənə xəbər veribdir, surəni də oxumuşam, indi abbasını verməsən, bəlkə onda dəli olam.

H a c ı Q a r a. Kişi, özbaşına sənə nə lazım olmuşdu, mənim atama quran oxuyursan?

X u d a v e r d i. Mən özbaşına oxumamışam, sən demisən, mən oxumuşam.

H a c ı Q a r a. Mən heç vaxt belə sözü demənəm! Bu heç olan iş deyil! Mən həmişə özüm atama quran oxuram. Pul ilə mən ömrümdə quran oxutduğum yoxdur!

X u d a v e r d i. Hacı, bir abbası nə olacaqdır ki, bu qədər danışırsan? Deməmiş olsan da, bir abbası şəfəqqət elə, gedim. Əgərçi oğlum nişanbənişan səni deyirdi.

H a c ı Q a r a. Əzizim, oğlun yanılıbdır; olur ki, özgəsi demiş ola, get, axtar, tap, abbasını al. Bu kasad bazarda mənim bir şahı qazancım yoxdur, abbasını hardan alıram, sənə verim? Allahı sevirsən, dükanın qabağın kəsmə, müştəri gəlir. Xudaverdi gedir. Bu halda Əsgər bəy, Səfər bəy, Heydər bəy yetişirlər.

Ə s g ə r b ə y. Səlaməleyküm, hacı. H a c ı Qara (başın yuxarı götürüb). Vəəleyküməssəlam! Hacı belə sizin qadanızı alsın! Buyurun içəri, əyləşin! (Bəylər dükana girib otururlar). Xoş gəldiniz, ağrınızı alım, səfa gətirdiniz. Bu dükan sizə peşkəşdir! Çubuqmu çəkirsiniz, qəlyanmı istirsiniz!

Ə s g ə r bəy.Qəlyan çəkirik!

H a c ı Q a r a. Bu saatda, qadanız mənə gəlsin! (Tez qəlyanı doldurur).

Ə s g ə r b ə y . Hacı, bazarınız necədir? Alış-veriş yaxşıdırmı?

H a c ı Q a r a. Allah bərəkət versin! Ağrın alım, mal ki, yaxşı oldu, bazar heç vaxt kasad olmaz. Özün bilirsən ki, mən dükana pis mal qoymanam. Günbəgün satılır. Dünən dükan lap boşalmışdı. Qalaya sifariş eləmişdim, qulbeçəniz bu malı təzə göndəribdir. Elə bu gün yığıb doldurmuşam. (Qəlyanı verib, əlin uzadır qədəkdən, şilədən tökür bəylərin qabağına). Hacı qadanızı alsın, hər nə qədər istirsiniz seçin. Getdiyim Kəbəyi-beytüllah haqqı, qurana and olsun, peyğəmbər haqqı, oğlum Bədəlin toyun görməyim, yalan deyirəmsə, tamam Ağcabədidə bundan yaxşı qədək və çit heç kimdə tapmazsınız! Buların qumaşı özgə qumaşdır. Müştəri macal vermir, göydə götürür. Sabah bura güzarınız düşsə, buların birin də dükanda görməzsiniz. Alın, aparın! Ə s g ə r b ə y. Nəyimizə gərəkdir, Hacı? Zəhmət çəkib parçaları töküb-dağıtma! H a c ı Qara (təəccüb və məlal ilə). Necə nəyinizə gərəkdir? Bəs sövdə eləməyəcəksiniz? Bayram ağzıdır, yalavaşlıq istəməzsinizmi?

Ə s g ə r b ə y. Xeyr, Hacı, yalavaşlıq üçün gəlməmişik, bir ayrı mətləbimiz var.

H a c ı Q a r a. Əgər nəqd pulunuz yox isə, mən yağ ilə də sövdə edərəm. Bəşərti ki, xalis inək yağı ola. Heydər b ə y. A kişi, yağ olsa, özümüz yeyərik: nə inək yağı var və nə qoyun yağı. Qulaq as, gör Əsgər bəy nə deyir.

H a c ı Q a r a (qaşqabaq ilə). Allahı sevirsiniz, indi zəhmət çəkin, gedin, bir özgə vaxt gələrsiniz, danışarıq! Müştərinin gələn zamanıdır, dükanın qabağın kəsməyiniz!

Ə s g ə r b ə y . Hacı, bir çox vacib iş vardır. Alış-veriş bir az sonra olsun. Axı biz səni deyib gəlmişik!

H a c ı Q a r a. Vallah, indi macalım yoxdur. Sonra dan-şarıq. Hələ zəhmət çəkin, gedin!

H e y d ə r b ə y. A kişi, bizi qovmayacaqsan ki? Nə tövr adamsan!

H a c ı Q a r a. A başına dönüm, mən ki, qovmuram. Təvəqqə edirəm. Axıb kasıb adamam, siz mənim zərərimə razı gərək olmayasınız! İndiyədək siz gəlməsəydiniz, beş-on top çit, qədək satmışdım.


H e y d ə r b ə y. Əsgər bəy əcəb adam yanına gətirdi bizi! Durun gedək, bundan fayda yoxdur!

Ə s g ə r b ə y. Heydər bəy, sən allah, sən dinmə! Hacı, incimə, bir qəlyan ver çəkək, bu saatda gedərik.

H a c ı Q a r a. Oğlum ölsün ki, dəxi kisədə tənbəki yoxdur. Elə axırı idi ki, silkədim, doldurdum. Xoş gəldiniz! Ə s g ə r b ə y. Hacı, doğru deyirmişlər ki, bir adamdan allah alsa, bəndə vermək ilə dövlət olmaz. Mən ki, bilirəm sən Ağcabədidə üç aydır üç top çit, qədək satmayıbsan. Dərya zərərin vardır. Biz gəlmişdik ki, on beş günün içində sənə yüz manat xeyir yetirək; çifayda bəxtin işləmədi, xudahafiz! Ayağa durub çevrilirlər getməyə.

H a c ı Q a ra. Bura baxın görüm, nə deyirsiniz? Necə on beş günün içində yüz manat?

Ə s g ə r b ə y. Dəxi nə deyək? Sən ki, qulaq asmadın, bizi aşkara qovdun.

H a c ı Q a r a. A kişi, nə vaxt mən sizi qovdum? Oturun aşağı, allahı sevirsiniz, cəhənnəm olsun alış-veriş! Oturun aşağı! Mən bilmədim ki, siz inciyəcəksiniz, yoxsa yüz tümən zərərə düşsəydim də, sizə get deməzdim. Məndən bir kimsənə güldən ağır söz eşitdiyi yoxdur!

Ə s g ə r b ə y. İndi ki, belədir, baş üstə, oturaq, deyək ki, mətləb nədir. Hamı təzədən otururlar. H a c ı Q a r a. Di söyləyin görüm, Hacı qadanızı alsın, yüz manat xeyir hardan yetişəcək? Bu xeyri yetirən kimdir?


Ə s g ə r b ə y. Bu xeyri yetirən Heydər bəydir. (İşarə edir Heydər bəyə).


H a c ı Q a r a. Hardan yetirəcək? Bay sənin qadan alım, Heydər bəy! Qəlyan doldurummu, ağrın mənə gəlsin! H e y d ə r b ə y. Tənbəki yoxdur, nədən dolduracaqsan?

H a c ı Q a r a. Torbada var. Sən təki qəlyan çək. (Tez əlin uzadıb, torbadan tənbəki çıxarıb, qəlyanı doldurub Heydər bəyə təvazö edir, üzün çevirir Əsgər bəyə). Di söylə görüm, necə yetirəcək?

Ə s g ə r b ə y. Hacı, bu qədər mal ki, bura tökübsən, heç bir quruş bundan qazanc varmı?

H a c ı Q a r a. Nə bilim varmı, yoxmu, sözünü de!


Ə s g ə r b ə y. Hacı, Heydər bəyin qoçaqlığını sən bilirsənmi?

H a c ı Q a r a. Bəli, deyirlər ki, qoçaq adamdır!

Ə s g ə r b ə y. Hamı bilir ki, Qarabağda Heydər bəyin adı gələndə quş qorxusundan qanad salır!

H a c ı Q a r a. Bu zəmanədə çox qoçaqlıqdan isə ağrın alım, adamın cibi pul ilə dolu olsa yaxşıdır. Ə s g ə r b ə y. Qoçaqlıq da olmasa, pul olmaz. Hacı, sözümə qulaq as! İndi firəng malı görürsənmi necə baha olub? Təbrizdə arşını bir abbasıya alınan çit, burda altı şahıya satılır. Girvənkəsi bir manata alınan çay, burda manat yarıma göydə gedir, heç bilirsənmi bunun səbəbi nədir?

H a c ı Q a r a. Xeyr, bilmirəm!

Ə s g ə r b ə y . Səbəbi odur ki, qarabağlıların, erməni yasavullarının, gömrükxana qaravullarının və kazakların qorxusundan quş quşluğu ilə Arazın o tayına səkə bilmir.

H a c ı Q a r a . Yaxşı, siz istirsiniz ki, quşdan da zirək olub Arazın o tayına səkəsiniz?

Ə s g ə r b ə y . Əlbəttə, bizim Araz aşığımızdandır, Kür topuğumuzdan! Heydər bəy ki, bizim yanımızda ola, qaravul, yasavul, bizə nə eyliyə bilər!

H a c ı Q a r a. Olan, qaravulları, yasavulları qırağa qoy, kazaklar olmasa, vallah, ayda iki yol Təbrizə gedib qayıdaram. Qaravul, yasavul mənə nə eliyəcək? Mən allahın lütfü ilə yalqız oların iyirmisinin öhdəsindən gələrəm. Ancaq rus adı gələndə bağrım yarılır. Oların qılınc-tüfəngi o qədər məni qorxutmur ki, silisti, apar-gətiri canıma vəlvələ salır. Doğrusu, kazaklardan çox xəta var!

Ə s g ə r b ə y. Eh, biz əlli yolun bilirik. Kazakları aldadıb elə yerdən keçərik ki, izimizi-tozumuzu görməzlər.

H a c ı Q a r a. Bəs indi mənim yanıma gəlməkdən qərəziniz nədir?

Ə s g ə r b ə y. Qərəzimiz odur ki, milçək gözünə qona-qona sən burda nə qazanacaqsan? Dur, çoxlu pul götür, bizə də ver, özün də saxla, gedək. Bizim alış-verişdən başımız çıxmaz. Təbrizdə sən bizə də, özünə də xirid elə. Biz də səni sağ-salamat malın ilə gətirək bura çıxardaq. On beş günə yüz qızıla əlli qızıl qazanc olur. Bizə verdiyin pulun qazancın bizə ver, öz pulunun qazancın özün götür.

H a c ı Q a r a. Yaxşı, sizə verdiyim pulun faydası necə olsun?

Ə s g ə r b ə y. Axır faydasının əvəzinə biz də sənə yaxşılıq edirik; səni quldurdan ötürürük, qazanc yetiririk, dəxi artıq nə istirsən? On beş günə bizdən puluna fayda istəmək sənə ayıb deyilmi? Bizsiz ki, sən nə gedə bilərsən, nə mal gətirə bilərsən!

H a c ı Q a r a. Niyə gedə bilmirəm? İstəsəm bu gün gedərəm. Heç kəs də məndən bir çöp ala bilməz! Mən özüm neçə yol quldura rast gəlmişəm, dava eləmişəm.


Ə s g ə r b ə y. A canım, yüz əjdaha olasan, bu yola yalqız gedib-gələ bilməzsən! Biz ki, sənin rəşidliyini danmırıq. H a c ı Q a r a. Doğrusu, mən faydasız pul verməyə öyrənməmişəm. Əgər pulumun faydasın çıxarsanız, sözünüzə qulaq asaram.

Ə s g ə r b ə y. Adama yüz qızıl versən, on beş günə nə qədər fayda istəyəcəksən? H a c ı Q a r a. Beş qızıl yüz qızıla fayda götürrəm. Artıq hər nə qazansanız sizin olsun. Ə s g ə r b ə y (Heydər bəyə, Səfər bəyə üzün çevirib). Yoldaşlar, nə deyirsiniz, razısınızmı?

H e y d ə r bəy v ə S ə f ə r bəy. Dəxi, nə eliyək, razıyıq!


Ə s g ə r b ə y. Hacı, di pul hazır elə!

H a c ı Q a r a. Ha vaxt gedirsiniz? Ə s g ə r bəy. Bu axşam gərək yola düşək! H a c ı Q a r a. Çox yaxşı, pul hazırdır. Gedin, geyinin, axşamçağı gəlin bizim evə. Mən də atımı, əsbabımı tədarük edim, yola düşək. B ə y l ə r (ayağa durub). Xudahafiz, Hacı! Gedirlər.

H a c ı Q a r a (dallarınca). Xoş gəldiniz, axşam vaxtlı qayıdın!

B ə y l ə r. Xatircəm ol. Uzaqlaşırlar.

H a c ı Q a r a. A kişi, canım çıxdı dəxi bu köpək oğlunun malının üstündə oturmaqdan! Qiyamətədək bu satılmayacaqdır. Deyirlər firəng malı alıb satma, sövdəgərlik eliyirsən, qızılbaş, rus malı al, sat. Mən başıma nə kül töküm! Bu qızılbaş, rus malı bəs niyə satılmır? Xeyr, bir elə iş olmasa, mən bu zərəri ölüncə ödəyə bilməyəcəyəm! Durum, gedim evə, tədarükü görüm. Bir belə xeyir az ələ düşər, yoxsa qüssədən dərdəcər ollam. Dükanı yığışdırıb bağlayıb gedir. Bu vaxtda məclisin vəzi dəyişib Hacı Qaranın evi nəzərə gəlir. Hacı Qara əlində açar, sandığın ağzın açır, torbadan qızıl çıxardır. Üç yüz qızıl sanıyıb əlahiddə kisələrə qoyur, sonra gedir tüfəng-tapançasını, xəncərini, qılıncını gətirir, yığır qabağına. Bu halda arvadı Tükəz yetişir.

T ü k ə z. A kişi, nə qayırırsan? Bu yaraq-əsbabı qabağına niyə tökübsən?

H a c ı Q a r a. Səfərim var, yola çıxacağam!

T ü k ə z. De görüm, hara gedəcəksən?

H a c ı Q a r a. Sənə deməli deyil!

T ü k ə z. Necə deməli deyil! Quldurluğa getmirsən ki, məndən gizlirsən.

H a c ı Q a r a. Elə, bir elə zaddır!

T ü k ə z. Bəs elə zad isə, heç vaxt gedə bilməzsən! Dur ayağa, get dükanına, malını sat! (Yaraqları yığışdırır).


H a c ı Q a r a. Dükanı allah batırsın, malı yoxa çıxsın! Satılır məgər! Qoymazsan başımın çarəsini görüm?

T ü k ə z. A kişi, başına nə gəlibdir, çarəsin görəsən? Nə danışırsan?

H a c ı Q a r a. Dəxi nə gələcəkdir! Evim yıxılıb gedib. Düz yüz manat indiyədək zərərim var. Boğazıma çörək getmir!

T ü k ə z. Səni görüm boğazın elə tutulsun ki, su da ötməsin, ay göyərmiş! Uşaq aşıq yığan kimi, bu qədər pulu yığıb nə eləyəcəksən? Yüz il ömrün ola yiyəsən, geyəsən, içəsən, sənin pulun tükənməz. Yüz manat zərərdən ötrü nə özünü öldürürsən?

H a c ı Q a r a. Min kəmə sənə demişəm ki, sən arvadsan, get arvadlığına, mənə öyüd-nəsihət vermə! Yaraqları yerə qoy! (Əlin uzadıb tüfəng-tapançanı dartıb alır).

T ü k ə z. Yəni sən bu yaraqları qurşanıb olar ilə adam qorxudacaqsan? Bu tüfəng-tapançanın iyirmisin üstünə götürəsən, mən bu arvadlığım ilə səndən qorxmanam! Torpaq sənin başına (İkiəlli başına qarıyır).


H a c ı Q a r a. Səni lənətə gələsən, arvad! Toxumunuz yer üzündən götürülsün! İtil burdan! T ü k ə z. Kişi, dəli olubsan. Mən evimdən hara itiləcəyəm? De görüm, hara gedirsən?

H a c ı Q a r a. Cəhənnəmə, gora! Əl çəkməzsən? Nə istirsən məndən? T ü k ə z. Kaş cəhənnəmə, gora indiyədək getmiş olaydın! O günü görərəmmi toy-bayram edəm? Çifayda, Əzrailin yolu yumrulsun ki, sənin kimi murdarı yer üzündə qoyub, gözəl cavanları qara torpaq altına yollayır.


H a c ı Q a r a. Yer üzündə qalan murdarların biri sən özünsən ki, tuği-lənət olub keçibsən mənim boğazıma! Mən ömrümdə bir kimsəni incitməmişəm, bir kimsəyə bir zərər yetirməmişəm! Mən niyə murdar oluram?

T ü k ə z. Bir kimsəyə zərər yetirməmisən, xeyir də verməmisən! Ondan ötrü murdarsan ki, öz malını nə özün yeyib-içirsən, nə əyalına məsrəf edirsən. Sən ölsən, heç olmazsa arvad-uşağın doyunca çörək yeyər.


H a c ı Q a r a. Arvad-uşaq zəhirmar yesin! T ü k ə z. Sənin evində zəhirmar da tapılmaz; olsaydı, onu da bizə qıyıb verməzdin! Bu halda bəylər çağırır. B ə y l ər. Hacı! Hacı!

H a c ı Q a r a. Arvad, çəkil get, adamlar gəlir! Tükəz tez uzaqlaşıb, qapının dalısından qulaq asır.

B ə y l ə r (geyinmiş içəri girirlər). Səlaməleyk, Hacı!

H a c ı Q a r a. Əleyküməssəlam. Hacı qadanızı alsın, buyurun əyləşin.


Ə s g ə r b ə y. Hacı, hazırsanmı?

H a c ı Q a r a. Bəli, başına dönüm, hazıram! Pulları da, budur, ayırmışam; amma Hacı ağrını alsın, üç yüz qızılı mən özüm Təbrizdə gözünüzün qabağında çaya, parçaya verrəm, əlinizə tapşırram, gətirərsiniz!


Ə s g ə r b ə y. Elə niyə, Hacı? Burada tapşıranda nə olar?

H a c ı Q a r a. O yaxşıdır, qadan alım! Heç təfavütü yoxdur.

Ə s g ə r bəy. Eybi yoxdur, olsun. Di dur gedək! H a c ı Q a r a. Bir az dayanın, qulbeçənizi göndərmişəm atlarımı, nökərimi gətirməyə.

Ə s g ə r bəy. Neçə at götürürsən, Hacı? H a c ı Q a r a. Üç at, ağrın alım! Birin qulbeçəniz minəcək, birin özüm, birini də yüklərik, nökər başın çəkər. Siz neçə at götürürsünüz?

Ə s g ə r bəy. Bizim də hər birimizin iki atı var: biri yük üçün, biri minik üçün. Bu yaraq-əsbab sənindir, Hacı?

H a c ı Q a r a. Bəli!


Ə s g ə r b ə y. Çox yaxşı. Di bəs geyin! Heydər bəy. Vallah, Hacı, səni tanımayan adam olsa, görəndə bağrı yarılacaq.

S ə f ə r b ə y. Vallah, mənim Hacıya bu gümanım yox idi.

H a c ı Q a r a. Adam iş vaxtı tanılır, qadan alım! Siz məni elə arşınölçən bilib saya salmırsınız. Amma, inşallah, görərsiniz ki, mən qorxaqlardan deyiləm! Təəccüb edirəm bir para qaçaqçılara ki, hər yoldan ötənlərə mallarını verib boş qayıdırlar.

S ə f ə r bəy.Hacı, mal tutanlar bilmirsən necə hiyləgərdirlər. Yasavul-qaravul libasında ki, adamın gözünə görükmürlər. Görürsən ki, bəzi vaxt ya palanlı at, ya eşşək minib, bəzi vaxt piyada, yaraqsız-əsbabsız qabağına rast gəlirlər, nə biləsən, deyirsən ki, fəqir yoldan ötəndir. Elə ki, qapaqap yavuqlaşanda, yaraq-əsbab bilmirsən ki, haradan tapıldı. Dəxi əl açmağa heç macal olmur; soyurlar, hər nəyin var alırlar.


H a c ı Q a r a. Bular tamam qorxaqlıqdan və ehtiyatsızlıqdan adamın başına gəlir. Heç kəsi gərək adam özünə yavuq qoymasın. İstər hər libasda olsa da. Bircə mənə rast gələlər, görərlər oların başına nə gətirrəm! Hamısına tövbələmə verrəm ki, dəxi heç qaçaqçının qabağın kəsməsinlər!


S ə f ə r b ə y. Bəli, doğru deyirsən, adam gərək qorxaq olmaya, ehtiyatını əldən qoymaya! Bu halda Kərəməli - Hacının nökəri və oğlu Bədəl içəri girirlər.

K ə r ə m ə l i. Ağa, atlar hazırdır. Hara gedəcəksən?

H a c ı Q a r a. Təbrizə!

K ə r ə m ə l i. Təbrizə məni də istirsən aparasan?

H a c ı Q a r a. Bəli! K ə r ə m ə l i. Nədən ötrü gedirsən, ağa?


H a c ı Q a r a. Sənin nə vecinə? K ə r ə m ə l i. Necə vecimə deyil? Axı deyirsən, səni də aparıram. Bəs bilməyim ki, mən nəyə gərəyəm?

H a c ı Q a r a. Gedirəm xiridə. Mal alıb ata yükləyəcəyəm, sən çəkə-çəkə gətirəcəksən.


K ə r ə m ə l i. Ay ağa, havaxt başburt aldın ki, Təbrizə gedirsən?


H a c ı Q a r a. Başburt lazım deyil.

K ə r ə m ə l i. Elə olsa, mən getmənəm.

Mən bir yol burdan Səlyana bilitsiz getmişdim, murov o qədər döydürdü ki, indi də ağrısı yadımdan çıxmayıbdır.


Ə s g ə r b ə y. Qorxma, murov heç vaxt bizim getdiyimizi bilməz!


K ə r ə m ə l i. Doğrusu, mənim vədəm yaxınlaşıbdır, çıxıb özgəyə nökər duracağam.

Hacı çox az muzd verir; bir də, qarnım doymur. Mən gedən də deyiləm.


Ə s g ə r bəy. Sən bu səfər get. Yolda qarnın tutunca biz sənə çörək verrik. Hər birimiz də bir top çit bağışlarıq.

K ə r ə m ə l i. Hacı da bağışlarmı?

H a c ı Q a r a. Yükü sağ-salamat gətirib çıxarsan, mən də çalışaram sənin xeyrin üçün sənə verilən çitləri çox baha sataram.

K ə r ə m ə l i. Olsun!

H a c ı Q a r a. Buyurun, gedək! Hamısı çölə çıxırlar. Sonra Tükəz məclisə gəlir, yalqız.

T ü k ə z. Vay, evinizi allah yıxsın! Kişiciyi tovlayıb qaçaq mala apardılar. Başına bir iş gəlsə uşaqcıqlarım yetim qalacaq! Vay-vay! (Dizinə çırpır, gedir).

Pərdə salınır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR