Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Fətəli Axundzadə - Sərgüzəşti mərdi-xəsis/Dördüncü məclis

Mirzə Fətəli Axundzadə - Sərgüzəşti mərdi-xəsis/Dördüncü məclis
Sakura

Mirzə Fətəli Axundzadə - Sərgüzəşti mərdi-xəsis/Dördüncü məclis

Dördüncü məclis vaqe olur Xonaşin dərəsində, aydınlıq gecədə, iki erməni, biri piyadə, biri eşşək üstə gəlirlər.

A r a k e l: Mkrtıç, allah qoysa bu il səksən çuval taxılımız olar.

M k r t ı ç: İnşallah olar. Üç ildir taxılımızı çəyirtkə yeyirdi, amma tarı bu il o qədər veribdir ki, keçən illərin də əvəzi çıxacaq.

A r a k e l: Mkrtıç, nə yaxşı deyirəm ki, bizim köhnə zamandan quyularda taxıllarımız qalırmış, yoxsa bu bahalıq illərdə çox korluq çəkərdik.

M k r t ı ç: Bişək, bizim kəndin taxılı olmasaydı, Dizaq mahalı acından qırılacaq idi.

A r a k e l: Əkinçiliyə allah bərəkət versin. Dünyada ondan yaxşı peşə yoxdur.

M k r t ı ç: At tappıltısı gəlir. Dayan görək kimdir. Dayanırlar, bu halda qabaqda Hacı Qara görünür.

K ə r ə m ə l i: Evimiz yıxıldı, ağa, qabaqda iki adam görükür! Demədimmi, yoldaşlardan ayrılma! Tamahın güc gətirdi, gəldin, di indi yaxşı Ağcabədi bazarında malını satarsan! Bu saatda yükü alacaqlar.

H a c ı Q a r a: Gədə, nə danışırsan? Kimin həddi var mənim malımı ala?

K ə r ə m ə l i: Belə bu görükənlər! Bir irəli dur, bax! Bular şəksiz Murov yasavullarıdırlar. Di çalış görək necə yükünü saxlayacaqsan.

H a c ı Q a r a: Allah qoysa olara bir çöp də vermənəm dişlərini qurtlayalar! Sən yükün üstündə bərk otur, qorxub yıxılma, mən buları qabaqlayım, görüm sözləri nədir. Tutub qollarını bağlayıb yıxacağam dərəyə. Ta mən özümü bir neçə beləsinə göstərməsəm, yollar əmin olmaz! Allah qoysa bir iş tutum ki, dəxi heç kəs cürət edib qaçaqlı malına tamah etməsin.

K ə r ə m ə l i: Mən mıx kimi yükün üstünə qaxılmışam. Dartıb salan olmasa, yıxılan deyiləm.

H a c ı Q a r a: Yaxşı, otur irəli! (Ermənilərlə qabaqlaşıb əlində tüfəng.) Ay adam, kimsiniz? Dinin, yoxsa vurdum!

M k r t ı ç: A canım, niyə vurursan? Biz ki, sənə yamanlıq eyləmirik? Yoldan gedənik!

H a c ı Q a r a: Yava-yava danışma! Yoldan çox adam gedir. Doğrusun de görüm, kimsiniz? Bu gecə vaxtı burada niyə görükürsünüz?

M k r t ı ç: Tuğluyuq, getmişdik çöldə taxılımızı biçirdik. Biçib qurtarıb evimizə qayıdırıq.

H a c ı Q a r a: Bu sözlər ilə məni aldada bilməzsiniz. Mən siz deyənlərdən deyiləm. Mən bilirəm ki, siz kimsiniz! Ta mən sizin ikinizi də şil-küt etməsəm, ölkə sizin əlinizdən dincəlməz, gəlib gedənlər sizin əlinizdən qurtarmaz!

M k r t ı ç: (təəccüb ilə) Arakel, bu nə danışır?!

A r a k e l: Bir ağıllı-başlı soruş, gör sözü nədir, nə istəyir?

M k r t ı ç: Ay qardaş, biz fağır, padşah rəiyyətiyik. Öz kasıblığımız ilə başımızı saxlayan adamıq. Biz ömrümüzdə bir kəsə zərər yetirməmişik. Yol kəsmirik, bunt salmırıq. Biz neylirik ki, ölkə bizim əlimizdən dincələ bilmir?

H a c ı Q a r a: Mən sizin tamam hiylələrinizdən xəbərdaram! Əgər siz dürüst adam olsaydınız, bu gecə vaxtı bu yolda görükməzdiniz. Sizin fikriniz həmişə xalqa zərər yetirməkdir, xalqın evin yıxmaqdır. Tüfənglərinizi yerə salın, yoxsa vurdum!

M k r t ı ç: A canım, tüfəngimiz harda idi ki, yerə salaq! Bir cüt oraqdan başqa bizdə bir zad yoxdur. Əgər qərəzin bizi soymaqdır, onu bildir.

H a c ı Q a r a: Mən adam soyan deyiləm. Sizin kimi özgə malına tamah edənlərin canını alanam!

A r a k e l: M k r t ı ç, bu necə quldurdur? Mən heç bunun sözlərin başa düşmürəm.

M k r t ı ç: Heç mən də başa düşmürəm. Dinmə görüm nə danışır. (Hacı Qaraya mütəvəcceh olub) Qardaş, biz kimin malına tamah eləmişik? Biz bir əkinçi xalqıq. Allaha şükür, padşaha xarc və tövcü veririk. Biyara gedirik. Bacardıqca xalqa da xeyrimiz dəyir. Bu qış bahalıqda tamam qonşu müsəlman obalarına taxıl borc verdik ki, aclarından qırılmasınlar. Əgər bu zamanadək Tuğlu bir adamın bir quruşunu yeyibsə, qanımız sənə halaldır!

H a c ı Q a r a: Sizin qanınız çoxdan halaldır. Amma bu zamanadək tökən olmuyub, indi sizi əcəl çəkə-çəkə mənə düçar edibdir. Özgəyə quyu qazan özü düşər. Çox adamların evin yıxıbsınız. İndi cəzanıza yetişərsiniz! Yaraqlarınızı salın! Yoxsa, vallah, tüfəngi bu saatda ürəyinizin başına boşaldaram!

Ermənilər başlayırlar qorxmağa.

M k r t ı ç: Ay qardaş, yer haqqı, göy haqqı, bizim yarağımız yoxdur! Axır bizim təqsirimiz nədir ki, sənin bizə belə qəzəbin tutur?

H a c ı Q a r a: Sizin təqsiriniz nə yerə sığışar, nə göyə! Qurumsaq uşağı, başınıza sənət qəhət olubdur?

M k r t ı ç: A canım, dünyada bizim sənətimizdən yaxşı sənət varmı? Bizim peşəmiz olmasa, aləm çörək tapmaz.

H a c ı Q a r a: Bax, bax, cürətinə bax, sənətini tərif də edir! Qırışmal uşağı, xalq əzab çəksin, alın tərilə mal qazansın, siz müftə yerə sahiblik edin! Bu harda görünüb?

M k r t ı ç: A qardaş, allahı sevirsən, bizi incitmə, qoy ötək, çıxaq gedək! Sənin işin zarafata bənzir.

H a c ı Q a r a: Vallah, əgər ayaq-ayaqdan tərpədibsiniz, cəmdəklərinizi yerdə sərilmiş bilin! Mənim sözlərimi zarafat sayırsınız? Qərəziniz budur ki, mən sizin kimi sarsaqlara allanam, yaxın gəlib öz bildiyinizi edəsiniz? Yaraqlarınızı tulluyun, deyirəm!

M k r t ı ç: Arakel, nə eyliyək?

A r a k e l: Vallah, mən özüm də mat qalmışam.

M k r t ı ç: Pərvərdigara, nə iş idi düşdük! A canım, irəli qoymursan ötək, bəs qoy geri qayıdıb, başqa yol tapıb gedək. H a c ı Q a r a: Heç vaxt olmaz! Ayaq tərpədə bilməzsiniz. Fikriniz odur ki, gedib Murova xəbər verəsiniz, özü gəlib mənim üstümə tökülə? Allah qoysa, sizin ölüm xəbəriniz Murova çatar! Bundan sonra qalan yoldaşlarınıza ibrət olar!

M k r t ı ç: A canım, sən bizi kim hesab edirsən ki, bu oyunu bizim başımıza gətirirsən?

H a c ı Q a r a: Mən sizi hesab edirəm quldura, yol kəsənə, xalqın evin yıxana, zalimə, müftəxora, dar ağacına layiq olana!

M k r t ı ç: Bəs sən özün kimsən?

H a c ı Q a r a: Məni siz özünüz yaxşı bilirsiniz. Bilməsəydiniz bu gecə vaxtı bu dərənin ortasında məni qabaqlardınızmı?

M k r t ı ç: Vallah, biz özümuz də çox-çox peşmanıq ki, bu yol ilə gəldik, sənə düçar olduq. Biz heç səni tanımırıq və xəyalımızdan da keçməzdi ki, səni görəcəyik.

H a c ı Q a r a: Bu sözlər bir pula dəyməz! Axırıncı sözümdür: məni mətəl eləməyin! Tez olun, yaraqlarınızı salın!

M k r t ı ç: A r a k e l, nə çarə edək?

A r a k e l: Vallah, yarağımız yoxdur! Bu iki oraqdan başqa bizdə bir kəsər tapılmaz; istəyirsən tulluyaq, aha! (Oraqları qabağa tullayırlar.)

H a c ı Q a r a: Tüfənginizi, tapançanızı, qılıncınızı tulluyun, yoxsa od ələdim!

A r a k e l: A kişi, sən necə adamsan? Allah haqqı, peyğəmbər haqqı tüfəng, tapança yoxdur!

H a c ı Q a r a: İnanmanam, yalan deyirsiniz, gizliyibsiniz, tulluyun.

M k r t ı ç: Çünki inanmırsan, özün bil, hər nə eləyəcəksən, elə! Allah cəzanı versin!

H a c ı Q a r a: Belə bəs? Görün nə eylərəm! (Başlarının üstündən tüfəngi atır. Eşşək ürkür.

A r a k e l qorxusundan eşşəyin üstündən yumbalanır. Hacı Qara tapançanı çəkib buların üstünə yüyürür, çığırır:) Tərpənməyin!

Biçarə ermənilərin biri yıxılmış, biri ayaq üstə.

M k r t ı ç: Ay allah bəndəsi, bizi nahaq yerə niyə öldürürsən?

H a c ı Q a r a: Tərpənməyin! (Sonra üzün Kərəməliyə tutub) A gədə, Kərəməli, mən buları əyləmişəm, tez qaç qurtar!

K ə r ə m ə l i: Ay ağa, geri qaçım, ya irəli?

H a c ı Q a r a: Gic oğlu gic, geriyə hara qaçacaqsan? Genə Araza qayıdıb gedəcəksən? İrəliyə qaç, qurtar, tez!

K ə r ə m ə l i: Yəni yük ilə qaç demirsənmi?

H a c ı Q a r a: Fu, gic balası gic! Əlbəttə, yüksüz necə gedərsən?

K ə r ə m ə l i: Mən özüm də belə bilirəm. (Atı çubuqlayıb qabağa, gözdən itir. Bu halda Arakel istəyir ayağa dursun.)

H a c ı Q a r a: (qaim sövt ilə) Ay, tərpənmə, yoxsa vurdum!

A r a k e l genə yerə enir. Bu əsnada Murov, üstüncə bir dəstə adam yetişir.

X ə l i l y ü z b a ş ı: (Murova) Ay ağa, burdadırlar, tapmışam, gəlin!

M k r t ı ç: Ay başınıza dönüm, gəlin bizi bu zalımın əlindən qurtarın!

A r a k e l: (ayağa durmuş) Ay qurbanınız olum, yetişin, bizə bu quldurdan nicat verin!

H a c ı Q a r a: Gözünüzə dönüm, hər kimsiniz gəlin! Bular mənim qorxumdan tərpənə bilmirlər. Buların qolun bağlıyın, eliyin, mən çıxım gedim.

Bu halda Murov adamları ilə bulara tərəf çevrilir.

M u r o v: Haramzadalar, mənim əlimdən hara gedəcəksiniz? Sorağınızı alıb dalınızca gəlmişəm! Xəlil yüzbaşı, qoyma!

X ə l i l y ü z b a ş ı: (irəli yeriyib ermənilərə) Ey, vallah tərpənərsiniz, hamınızı qırrıq, yarağınızı salın!

M k r t ı ç: Ay başına dönüm, biz quldur deyilik. Bizim üstümüzə tökülən bu kişidir.

H a c ı Q a r aya işarə edir. X ə l i l y ü z b a ş ı onun tərəfinə çevrilir.

X ə l i l y ü z b a ş ı: A kişi, tərpənmə, yarağını sal!

H a c ı Q a r a: A qardaş, mən dinc, farağat kəsb əhliyəm. Yoldan ötdüyüm yerdə bular məni qabaqlayıb eyliyiblər, istəyirdilər soyalar, çalışıb özümü soydurmamışam.

M u r o v: Xəlil yüzbaşı, buyur ki, hamınız yarağınızı salın! Sonra hər kim təqsirlidir, məlum olar!

M k r t ı ç və A r a k e l: Ay ağa, vallah bizim yarağımız yoxdur! İstəyirsən, yaxın gəlin, baxın.

X ə l i l y ü z b a ş ı: (Hacı Qaraya) A kişi, sən yarağını sal, Murov buyurur!

H a c ı Q a r a: A başına dönüm, Murov burdadır? Başım üstə, budur saldım! Mənim canım və malım Murova peşkəşdir. Amma bunlar yalan deyirlər, yaraqları gizliyib. (Yaraq-əsbabın yerə salır, sonra Murov öz adamları ilə yavuqlaşıb Hacı Qaraya)

M u r o v: A kişi, mən səni üç kecədir, axtarıram. Xəlil yüzbaşı, bağla bunun qolların! (Xəlil yüzbaşı Hacı Qaranın qolların bağlayıb.)

H a c ı Q a r a: A başına dönüm, mənim təqsirim nədir?

M u r o v: Çox danışma, yoldaşlarını de, yoxsa sabah səni dar ağacından asdırram!

H a c ı Q a r a: Ağa, məni niyə dar ağacından asdırırsan? Mən quldur deyiləm, yol kəsən deyiləm. Quldur, yol kəsən dar ağacından asılar.

M u r o v: Necə quldur deyilsən? Bəs sən Əylis ermənilərini soyub ipəklərini aparanların yoldaşı deyilsən?

H a c ı Q a r a: Ay ağa, başına dönüm, mən bir fağır adamam, peşəm sövdagərlikdir. Adam soymaq bacarmanam.

M u r o v: Bəs yaraqlı-əsbablı bu gecə vaxtı burda nə qayrırsan? Düz adam burda gəzməz. Ay uşaqlar, bunu bərk saxlayın, görüm bu adamlar kimdir. (Üzün çevirir ermənilərə) A kişi, siz kimsiniz?

M k r t ı ç: A qurbanın olum, biz tuğlu fağır biçinçiyik, əkindən evimizə qayıtdığımız yerdə bu kişi bizi əyliyib, qoymuyub gedək. Sən yetişməsəydin, bunun əlində dustaq idik.

M u r o v: (H a c ı Q a r aya) A kişi, buları sən burda saxlamışdın?

H a c ı Q a r a: Mən buları saxlamışdım? Yalan isə allah buların evin yıxsın! A başına dönüm, bular mənim yolumu kəsib məni soymaq istəyirdilər.

M k r t ı ç: Ağa, yalan deyir, o bizi soymaq istəyirdi!

H a c ı Q a r a: Bularda çox hiylə var, ağa! Bulara inanma! Deyirdilər ki, guya sizin yasavullarınızdırlar. İndi öz sözlərini gizlirlər.

M k r t ı ç: Ay ağa, vallah bu kişi yalan deyir! Bunun sözünə inanma! Biz əvvəldən axıra özümüzə tuğlu biçinçi deyib buna yalvarmışıq ki, bizdən əl çəksin. Bunun bir yoldaşı da var idi qaçdı.

M u r o v: X ə l i l y ü z b a ş ı, di gəl qan ki, bunların hansı doğru deyir. Şeytan da bunların sözündən baş aça bilməz. Kim bilsin bular necə adamdırlar? Buların üçün də götürün gedin, sabah naçalnikə göstərrik, silist olunar. Hər necə buyursa, əməl edərik.

X ə l i l y ü z b a ş ı hamısını dustaq edir.

H a c ı Q a r a: (başlayır ağlamağa) Evin yıxılsın mənim evimi yıxan! Qan qusasan məni qana çalxayan! İmansız öləsən məni bəlaya salan! Mən harda, divan harda! Mən silistdən qaçırdım, yenə silistə düşdüm! Cibindən birəyədək başlayacaqlar soruşmağa. Di gəl boş-boş suallara cavab ver! Gözlə ki, axırı nə olacaq! Ermənilərdən birisi: A kişi, səni görək könlün şad olub, üzün gülməsin ki, bizi nahaq yerə müsibətə saldın. Kim bilsin indi silistdən havaxt qurtaraçağıq! Urusun silisti beş ilə qurtarmaz. Taxılımızı kim yığacaq, xırmanımızı kim döyəcək. Ax-ax!

X ə l i l: A kişi, az danışın, yeriyin!

Hamı gedirlər, gözdən itirlər.

Pərdə salınır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR