Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Fətəli Axundzadə - Hekayəti Molla İbrahim-Xəlil Kimyagər/Üçüncü məclis

Mirzə Fətəli Axundzadə - Hekayəti Molla İbrahim-Xəlil Kimyagər/Üçüncü məclis
Sakura

Mirzə Fətəli Axundzadə - Hekayəti Molla İbrahim-Xəlil Kimyagər/Üçüncü məclis

ÜÇÜNCÜ MƏCLİS

Üçüncü məclis genə haman yerdə Molla İbrahimxəlilin çadırında vaqe olur. Molla
İbrahimxəlil sabah vaxtı səccadə üstündə, başında əmmamə, əlində uzun təsbeh, dizi üstə oturub övrad oxumağa məşğuldur. Molla Həmid, onun şagirdi, əl bağlayıb qabaqda
durubdur.

Molla Həmid: Ağa, buyurursunuzmu qonaqları hüzurunuza çağırım?

Molla İbrahimxəlil: Yaxşı, get çağır!

Molla Həmid baş vurub çadırdan çıxır. Nuxulular ilə bərabər qayıdıb Molla İbrahimxəlilin hüzuruna daxil olur.

Nuxulular: (bir yerdə Molla İbrahimxəlilə) Səlam-əleyküm!

Molla İbrahimxəlil təbəssüm ilə halətinə əsla təğyir verməmiş, ahəstə gah o tərəfə, gah bu tərəfə yırğalanmaqda, təsbehin dənələrin çevırə-çevirə səlamı rədd edir.

Molla İbrahimxəlil: Əleyküm səlam, xoş gəlibsiniz, səfa gətiribsiniz. Zəhmət çəkibsiniz.
(Nuxululara yer göstərir oturmağa.)

Nuxululardan birisi: (oturandan sonra) Sizin kimi büzürgüvarın ziyarəti üçün çəkdiyimiz
zəhmət bizlərə eyni-rahət və səadət göründü.

Molla İbrahimxəlil: (Kəmali-istiğna və təbəssümlə) Mənim şagirdim Molla Həmid, sizin
hüsni-övsafınızı mənə təqrir edibdir. Mən də sizi görməyə çox şaiq idim. Nəhayət bir əmr barəsində, vallah, bilmirəm necə deyim, zahirən sizdən şərməndə olacağam, çünki Molla Həmidin təqririndən məlum oldu ki, siz guya bir miqdar pul gətirib gümüş almaq xahiş edirsiniz.

Nuxulular: (təməllüq ilə) Bəli, ağa, əgər şəfqətiniz şamil olsa.

Molla İbrahimxəlil: (xoşnudluqla) Vallah, sizin kimi əziz qonaqlardan şərməndə oluram.
Gümüş müştərisi o qədərdir ki, hər kürənin gümüşünü bir ay, iki ay peşəki alıb pulun verirlər. Keçmiş və əldəki kürələrin gümüşünü Əylis erməniləri alıblar. Bu ayın başında tamam olası iksirin və kürənin gümüşünü də Vartaşen yəhudiləri yalvarıb alıblar. Bu yavuq zamanda getdilər pul gətirməyə. Bu xüsusda mən hətta hələ Molla Həmidə də deməmişəm. Çünki onun yəhudilərdən zəhləsi gedir. Amma mənim onlara rəhmim gəldi. Çünki onlar bu yavuq kənddə olduqları cəhətdən mənə çox qulluq edirlər.

Molla Həmid: (miyani-kəlamda) Ağa, bunlar...

Molla İbrahimxəlil: Hələ yavaş!.. Müxtəsəri-kəlam gümüş xahiş edənlər bir mərtəbədə
çoxdur ki, hətta mənə aman vermirlər ki, iksirin müddəti-təkmilini itmamə yetirəm. Çünki iksirin əcza tərkibi gərək iyirmi gün müttəsil kükürd ərəqində yata, kili-hikmətdən qayrılmış zərfin içində və hər gün miqdari-müəyyəndə ona təzə ərəqi-kükürd qatıla. Sonra həmin əczayi-iksir gərək on gün müttəsil tizabi-ərğəvani ilə qəri-inbiqin içində qala və hər gün keçmiş tizab dəyişib tazələnə. Bu dövreyi-tərbiyət itmamə yetişəndən sonra əczayi-iksir gərəkdir hərarəti-nariyyə vasitəsilə öz təkmilini itmamə yetirsin. Gili-hikmətdən yapılmış butənin içində üç saəti-nücuminin ərzində xaricdən sair əczayi-əsrariyyə tədricilə məxluq olunmaq imdadı ilə ki, əvvəl bir cismimaye
nəzərə gəlir və sonra müncəmid olub yumşaq cismi-sabit olur. İksir ibarətdir həmin
bundan ki, filizzati-kəsifəni, məsələn, mis kimi miqdari-müqərrərdə ərinəndən sonra bəmücərrədi- məzc xalis gümüşə münqəlib edir. Mənim işim həmin budur. Amma əhməq xalq öz qərari ki, eşidirəm, hər yerdə şöhrət verir ki, mən kəşf və kəramət sahibiyəm. Hərgiz belə deyil, mən deyiləm, məgər bir təqva sevən və həsənata talib adam ki, əvvələn cənabi-barinin tövfiqi ilə və saniyən elmi-kimyada olan bihəsr ittilaat və tətəbbuatımın imdadı ilə ülumihikmətdə müddətlər ilə gördüyüm təcarübün vasitəsilə aləmi-təbiətin əsrarına pey aparıb iksirin tərkibinin keifiyyətinə vaqif olmuşam. Hər dəfəyi-tərkibində bir para xarici, mənəvi şəraiti diqqətlə məmul və məlhuz etmək ilə ki, iksirin xəvassının müqtəziyatındadır. Əgərçi sair mütəarif xalqa görə bu növ şəraiti-mənəviyyə badii-nəzərdə qəribə və əcibə görünür. Molla Həmid: Ağa, onu ərz edirdim ki, bunlar hamı müsəlmandırlar, bunların tərcihi məlun cuhudlara vacibdir, əgər kərəminiz olsa...

Molla İbrahimxəlil: (bir az dikəlib) Xeir, elə deyil, mən söz vermişəm, milyon üçün öz
sözümü dəyişmənəm. Bax, mənim xatirimə nə gəlir; hələ əvvəl sən mənə de görüm: bu ayın kürəsinin iksiri müddəti-təkmilindən sonra neçə pud misi gümüşə-münqəlib etməyə kifayət ədəcək?

Molla Həmid: (Başını yuxarı qovzuyub, gözünü çadırın səqfinə dikib, sağ əlinin baş barmağı ilə çənəsinə təkyə verib, yarım dəqiqə mütəəmmil olub cavab verir) Otuz iki pud gümüşün iksiri mürəttəbdir ki, otuz gündən sonra təkmilə yetib, otuz iki pud misə vurulub xalis məhəkdən çıxmış gümüş edəcəkdir. Sən iki pudu dəxi misin tortasına-zadına çıx, gələn ayın əvailində otuz pud gümüş mövcuddur, necə ki, iksirin və filizzati-kəsifənin miqdarını mülahizə etməkdən müşəxxəs olur.

Molla İbrahimxəlil: Bu həzərat nə qədər pul gətiriblər?

Nuxululardan birisi: Beş min manat, ağa.

Molla İbrahimxəlil: Xub, Molla Həmid, bax mənim xatirimə nə gəlir: bu həzəratın pulu
cüzvi imiş. Bunlara on pud gümüş vermək lazımdır. Yerdə qalır iyirmi pud, onu da yəhudilər aparsınlar ki, mənim vədim xilaf olmasın. Sən necə bilirsən, yaxşı kəsdim işi? Həm sənin təvəssütün həm məzhəblərin barəsində məqbul oldu, həm mənim sözüm pozulmadı.

Nuxulular: (baş vurub razılıq yolundan) Allah dövlətinizi artırsın. Buyurursunuz, ağa, pulları hüzurunuza təslim edək?

Molla İbrahimxəlil: (azca başını əyib ahəstə, istiğna ilə) Pulları mənə nə lazım təslim etmək. Məndə hanı o qədər vaxt və fürsət ki, hər bir cüzviyata özüm mübaşir olam. Sayın, tapşırın

Molla Həmidə, otuz gündən sonra genə buraya gəlin, on pud gümüşünüzü alın, aparın.
Xudahafiz! Günorta namazının vaxtı yetişir.

Nuxulular: (baş vurub xoşhallıq ilə) Allah ömür və dövlətinizi artırsın! (Çadırdan çıxırlar.)

P ə r d ə s a l ı n ı r

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR