Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Əli Möcüz - Boşla, gedə

Mirzə Əli Möcüz - Boşla, gedə
Sakura

Mirzə Əli Möcüz - Boşla, gedə

Kişi, sәnә deyirәm: hey filanı boşla, gedә!
Vәfası yoxdu cahanın, cahanı boşla, gedә!
Rәvadi sәn yatasan qeyr ilә vә mәn yalqız?
Bәmәrgi bәndә o mamli-mәtanı boşla, gedә!
Dişin töküldü, ağardı saçın vә sәqqalın,
Daha bәsindi, әmoğlu, zәnanı boşla, gedә!
Qumarә vermә pulun, ey gözüm, eynim, tez gәl,
Sәni xuda, o kopani, maçanı boşla, gedә!
Bu namә çün sәnә vasil olar, haman sәәt
Dükanı sat, nisiyәn yığ, otanı boşla, gedә!
Tәrәbizon yolu, gәlmә ki, dağdı, daşdı, dәrә,
Gәlәndә Rusiyәdәn gәl, o yanı boşla, gedә!
Hәmin ki, varid olarsan hüdudi-İranә
Lokantanı, kafeni, restoranı boşla, gedә!
Birisi gәr yapışa eşşәyin palanından
Deyә: mәnimdi! Amandır, palanı boşla, gedә!
Mübaşir istәsә mәrhum atan sәranәsini,
Kisәn bağın tez aç, on beş qranı boşla gedә!
Vuralla peysәrüvә, hәm gözün oyalla sәnin,
Başıvı sal aşağı, iddәanı boşla gedә!
Sәlamün almasa molla, qara günün qabla,
Üzüvi qırxmasa dәllәk, yamanı boşla gedә!
Yaxan, maxan, qravatın Gәcildә pünhan et,
Xüsus o qondareyi-dikdabanı boşla gedә!
Mәriz olanda dişin ya başın vә ya qarnın,
Duanәvisә pulun ver, davanı boşla gedә!
Demә: bu bağ mәnimdir vә girdәkan ağacı.
Ağac sәnindi, vәli, girdәkanı boşla gedә!
İçindә hәr nә ki var, oğrular edәr qismәt,
Fәqәt havası sәnindi, havanı boşla gedә!
Sәmәd әmu kimi gorkan soxar mәzarә sәni,
Qavali, dünbәyi, sazı, kәmanı boşla gedә!
Qoyalla aduvi babi, çәkәllә darә sәni,
Danışma, dinmә, gәdә, kәşkәranı boşla gedә!
Çәkil kәnarә, әlin çәk o pakidamәndәn,
Ziyarәtә gedir oğlan, ağanı boşla gedә!
Gözündә qalmadı yaş, qorxuram çıxa canın,
Gözüvi sil, bala, ahü fәqanı boşla gedә!
Nә qәdri zülm edisәn eylә xәlqә, mәn nә deyim,
Fәqәt nә iş görürsәn gör, riyanı boşla, gedә!
Cәfәngiyati Süleyman Nәzifә vermә qulaq,
Yalançıbaşıdır, ol bihәyanı boşla gedә!
Eşitmişәm ki yazır: "Kürdlәr aldı Tәbrizi",
O bimürüvvәtә söylә: Yalanı boşla gedә!
Nә Umru qaldı, nә Dilman, nә Cәhr әlindә onun,
O başı daşlı Simitko ağanı boşla gedә!
Himayәt eylәmәz әkradә türk mәn bilirәm,
Güvәnmә türkә, o Kamil Paşanı boşla gedә!
Gәtirmәyәndә gәtirmәz, yatanda bәxt yatar,
Ayıltma, qoy yata bәxti-qәranı boşla gedә!
Qafası boşdu o köhnә şәhәrli Teymurun,
Vә Әrşәdin, o uzun nәrdivanı boşla gedә!
Dedim: bәlayi-cahandır o ingilis, ey dust,
Bәlayә soxma özün, gәl bәlanı boşla gedә!
Әgәr deyәm ona: Avropa, get, bәsindi sәnin,
Ay ingilis mәn ölüm, Asiyanı boşla gedә!
O da mәnә deyәcәk: Qoy, dadaş, qәmәn qınına"
Başın dağıtma, sәri-binәvanı boşla gedә!
Gecә keçibdi, du yat, damda oğrular üşüdü,
Çirağı bas aşağı, dastanı boşla gedә!
Bu gecә növbә sәnindi yәqinәn, ey Möcüz,
Nağanı qoy başın altda, duanı boşla gedә!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR