Mirzə Əli Möcüz - Bəzək
Dәvәdәn öyrәnib bizim bacılar
Boynuna zәng asa beş-altı qatar.
Beyni xalidir elmdәn, әmma
Var qızıl gәrdәnindә bir xalvar.
Gәrdәnindә fәqәt zәrin çoxdur,
Qeyri bu bir fәzilәtin yoxdur.
Xaneyi-qәlbimiz qaranluxdur,
Sinәmiz gәr ki, gün kimi parlar.
Sәnә hәsrәtlә binәva baxırı,
Nari-hәsrәt ciyәrlәrin yaxırı.
Vәlibağı yerindi, bil, axırı,
Boşla kibri, qüruri, ey dindar!
Bivәfadır cahan! Olar bir gün
Satılar, sinә boş qalar bir gün,
Yaş ilә gözlәrin dolar bir gün,
Özgә qoynunda çün gәzәr onlar.
Fәxr edә elm ilә gәrәk arvad,
Nә bu zәr ilә, ey evi bәrbad!
Gәz, dolan, bir könül elә abad
Ki, vilayәtdә ac qalanlar var.
Demirәm vermә ziynәt әndamә,
Әşrәfi düzmә sәdri-gülfamә;
Düz vә lakin aparma hәmmamә
Ki, gәda öz yanında olmaya xar.
Demә namәhrәmә sözün, bacı,
Oxu, yaz kağızı özün, bacı,
Özgәsi yazsa kağızın, bacı,
Sirrüvü faş edәr, qәmin artar.
Dur dağıt cәhl evin, xәrab eylә,
Elmsizlikdәn ictinab eylә,
Gecәlәr hәmdәmin kitab eylә
Ki, o hәr qüssәni, qәmi dağıdar.
Bisavad bacılar qışı, yayı,
Yığışar bir yerә, içәr çayı,
Qeybәt eylәr xala vә zәndayı,
Olu saәt sәkiz, xoruz banlar.
Oxusa ruznamәni nisvan,
Gedәr әldәn,-deyәr,-bizim iman.
Demәsin xәlqә iftira, böhtan,
Neylәsin bәs o binәva cindar?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət