Mirzə Ələkbər Sabir - Xaqani
Ulularımızdan eşitdiyimiz
Şirvan xaqanlarından, xaqani-kəbir Mənuçöhr olsa gərək, - bir gün erkən ova getdiyi əsnadə Şamaxının şimal-qərbisində, ən yavıq məhəldə vaqe Məlhəm kəndi kənarından keçərkən, pişvazı üçün kənd əhlindən bir kimsənin gəldiyini görmədiyi halda ancaq çıpırtı yığmaqla məşğul gördüyü bir uşağı yanına çağırıb demiş ki,
- Oğlum, sizin kənddə böyük kimdi?
- Əmi, bizim kənddə ən böyük gamuşdur.
- Oğlum, mən oylə böyük demədim. Bunu demək istərdim ki, sizin kənddə adam qabağına çıxan kimdir?
- Əmi, bizim kənddə adam qabağına çıxan itdir!
- Yox, canım, yəni ağsaqqal adam kimdir?
- Əmi, adam istəsən mən, saqqal istərsən bilməm.
Şah gülərək:
- Oğlum, söylə baxayım, sən burada nə yapırsan?
- Əmi, mən burada çör-çöp toplayıram!
- Oğlum, çöp məlum, çör nədir, əcəba?
- Əmi, çöp ayaqda duran, çör isə yerə yıxılmış çıpırtı deməkdir!
Uşağın bu sözləri xaqanın xoşuna gedər, bir qızıl çıxarır.
- Al, oğlum!
- Nədir o?
- Bir qızıldır, sənə bağışlayıram.
- Sağ ol, əmi! Mən istəməm!
- Nəyə?
- Istəməm, çünki anam məni çör-çöp yığmağa göndərmiş, bu qızılı götürsəm sorar ki, nərədən buldun? Şübhələnir də, sonra mənə acıqlanar.
- Oğlum, mən Şirvanın şahı xaqanam. Anana söylə ki, qızılı mənə xaqan verdi.
Uşaq təzim edər.
- Şahım, oylə isə heç alamam, çünki padşah adama ehsan edər, bir qızıl verməz ki!.. Çox…çox… versin gərək! Anam da deyər ki, gərək sənə padşah çox versin, sən bu pulun qalanını nə yapdın? Kiçik bir uşaqda bu böyük istedadı görən xaqan uşağın oxursa, şübhəsiz, gələcəkdə böyük fazil bir şəxs olacağına əmin olduğu cəhətlə, uşağın atasını ehzar etdirib onun oxuma məsarifinə kəfil olacağını vəd ilə uşağın bir alim zatın təhti-tərbiyəsinə verilməsini vüzərayə əmr edər. Əvət, oxumaq bərəkəti sayəsindədir ki, məlhəmli dulğar Əli kişinin oğlu Şirvan şahlarının sərmayeyi təfaxüru olan “Xaqan” ləqəbini onlardan almağa kəsbi-ləyaqət edib. Xaqani Şirvani kimi bir şöhrəti-əbədiyə nail olur ki, bu gün bütün üdəba, şüəra və füzəla indində şayani-təqdir olmaqla biz şirvanlılar, xassə biz Şirvan şairləri onunla təfaxür etməkdə haqlı qalıyoruz. Iştə, oxumanın bəxş etdiyi fayda budur!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət