Slimfit
  1. MƏDƏNİYYƏT

Mirzə Adıgözəl bəy türbəsi

Mirzə Adıgözəl bəy türbəsi
Sakura

Mirzə Adıgözəl bəy türbəsi

Memarlıq abidələrimiz maddi-mədəniyyət nümunələri olmaqla yanaşı, keçmişdə iz qoyan görkəmli şəxsiyyətlərin, mühüm tarixi faktların nişanəsidir.

Xalqın malik olduğu sənətkarlıq ənənələri, üslub və estetik zövq kimi keyfiyyətlər də məhz əsrlərlə varlığını qoruyan tarixi abidələr vasitəsilə üzə çıxır. Belə əhəmiyyətli tarix yadigarları arasında türbələrin xüsusi yeri var. Türbələr tarixi şəxsiyyətlərin öyrənilməsi baxımından önəmli mənbə rolunu oynayır. Bu abidələrdən biri də Goranboy rayonunun Rəhimli kəndində yerləşən Mirzə Adıgözəl bəy türbəsidir.

Araşdırmalardan məlum olur ki, bu kənddə Adıgözəl bəy türbələri kimi tanınan bir neçə sənət yadigarı var. Hamısı da eyni görkəmdə və eyni ölçüdədir. Bir-birindən təqribən on metr məsafədə qırmızı kərpiclə inşa edilib. Qapı və pəncərələri tağ, damı isə günbəz şəklindədir. Türbə xəttatlıq, epiqrafik, həkkaklıq və rəssamlıq baxımından çox maraq doğurur. Üzərindəki ərəb əlifbası ilə yazılmış məlumatlar Azərbaycan tarixi və mədəniyyəti üçün çox əhəmiyyətlidir. Həmin yazılardan bəlli olub ki, bu türbələr Mirzə Adıgözəl bəyin ailəsinə və qohumlarına məxsusdur...

Bəs Mirzə Adıgözəl bəy kimdir? Mənbələrdə verilən məlumata görə, Mirzə Adıgözəl bəy əslən qazaxlıdır. Valideynləri XVIII əsrdə Qarabağa köçüb, Şuşa şəhərində məskunlaşıblar. Böyük mal-mülk sahibi olublar. 1799-cu ildə ailədə bir oğlan uşağı dünyaya göz açır. Adını Adıgözəl qoyurlar. Uşağın erkən çağlardan gələcəkdə istedadlı bir gənc olacağı diqqət çəkir. Bu səbəbdən atası onu oxutmaq istəyir və mollaxanaya qoyur... Lakin XVIII əsrin sonunda şəhərdə ictimai-siyasi vəziyyət dəyişir. Bu səbəbdən Adıgözəl bəyin valideynləri çox böyük çətinliklə Tiflis şəhərinə köçür. Dil bilməmək üzündən bəzi çətinliklərlə üzləşirlər. Buna baxmayaraq, Adıgözəl bəy ciddi səy göstərir, qısa müddətdə rus dilini öyrənir. Qafqaz canişinliyində tərcüməçi işinə düzəlir.

1816-cı ildə yenidən valideynləri ilə birlikdə Qarabağa dönür. Torpaqları və mülkləri yenidən özlərinə qaytarılır. Üstəlik onlara yeni mülk və malikanələr də bağışlanır. Eyni zamanda, Qarabağın 24 mahalına naib təyin olunur. Mirzə Adıgözəl bəy daha sonralar general Yermolovun tapşırığı ilə Qarabağ sərhədlərinin mühafizəsi işində çalışır. Rus-İran müharibəsində iştirak edir. Məlum səbəblər üzündən İrana gedən Mehdiqulu xanla danışıqlar aparır. Onun Qarabağa qayıtmasına nail olur.

Mirzə Adıgözəl bəy 1830-cu ildə kapitan rütbəsində istefaya çıxır və əyalət məhkəməsində işə düzəlir. Ömrünün ixtiyar çağlarında tale onu Goranboy torpağına gətirir. Lakin onun bu yerlərdə neçə il yaşadığı məlum deyil. Burada onun səhhəti ağırlaşır və gözləri zəifləyir. Əski zamanlar və olub-keçənlər yaddan çıxmasın deyə memuar yazmaq fikrinə düşür. Yaxından tanıdığı, dövrünün yazı-pozu biləni Mirzə Hüseyn Salari ilə məsləhətləşir, fikrini ona açıqlayır. Söylədiklərini qələmə almağı ondan xahiş edir. Mirzə Hüseyn Salari bu müdrik insanla razılaşır. 1845-ci il yanvarın 10-dan yazılmağa başlanan məşhur “Qarabağnamə” əsəri həmin ilin 29 dekabrında başa çatır... Mütəxəssislərin fikrincə, 1736-cı ildən 1828-ci ilə kimi geniş bir tarixi dövrü əhatə edən əsər müəyyən çatışmazlıqların olmasına baxmayaraq, Qarabağın və ümumən Azərbaycanın tarixini öyrənmək baxımından çox əhəmiyyətli mənbədir.

Mənbələrdə qeyd olunur ki, Tiflis şəhərində yaşayan Mirzə Şəfi Vazeh 1848-ci ildə “Qarabağnamə” əsərinin üzünü nəstəliq xətti ilə köçürüb. Hazırda bu nadir nüsxə Sankt-Peterburq şəhərindəki Şərqşünaslıq İnstitutunun kitabxanasında saxlanılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR