Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Adıgözəl bəy - Qarabağnamə/On ikinci fəsil

Mirzə Adıgözəl bəy - Qarabağnamə/On ikinci fəsil
Sakura

Mirzə Adıgözəl bəy - Qarabağnamə/On ikinci fəsil

QIZILBAŞLARIN ÖZ ƏHDLƏRİNİ DÜBARƏ SINDIRIB

ƏZƏMƏTLİ DÖVLƏTƏ QARŞI ƏDAVƏT VƏ İNAD

GÖSTƏRMƏLƏRİ HAQQINDADIR

İki uca və işıqlı dövlət arasında lazımi əsaslar üzrə sülh bağlandı. Keçmişdə olduğu kimi, əlaqə və münasibət davam edirdi. Məsihi (miladi) 1826-cı ildə xas və avam camaatın arasında belə bir şayiə yayıldı: İranın dövlət adamları sülhü və müahidəni pozub ədavət fikrinə düşmüşlər. Rusiyanın dövlət başçıları buna inanmadılar. Onlar bu şayiələri yalan hesab etdilər. Bu əsnada, uca mərtəbə sahibi böyük imperator və əziz şahənşah tərəfindən knyaz Menşikov səlahiyyətli səfir sifətilə İrana gedirdi. O, Qarabağa gəlib Xudafərin körpüsündən keçdi və İrana getdi . Bu iş xas adamları və avam camaatı arxayın etdi. Mən özüm üç il olardı ki, İrəvan tərəfində sərhəd qarovulçuluğuna təyin edilmişdim. Hər gün qarapapaqlardan  doğru xəbərlər və səhih əhvalat bilib naçalnikə yazırdım. Axırda o böyük cənab (naçalnik) məni başa saldı ki, bundan sonra mənə bu qorxulu xəbərləri yazmayın; çünki mən də labüd qalıb bu xəbərləri dövlət başçılarına yazıram. Onlardan isə məzəmmətdən başqa bir cavab almıram. Sən öz tədarükündə hazır ol və öz işlərinə ehtiyatla yanaş.

Müxtəsər, yuxarıda adı çəkilən elçi Təbrizdən və Qoçandan keçdiyi zaman qızılbaş qoşunu ilə görüşüb vəziyyətlə tanış oldu. Bu barədə dövlət adamlarına və qüdrət sahibi olan səltənət başçılarına xəbərdarlıq edə bilmədi . Qızılbaşlar gəlib Araz çayından keçdikləri zaman çayda çimən bir neçə qazağı öldürdülər. Qarabağlıların məsləhət və məşvərətilə oradan Gorusdakı batalyon üzərinə yeridilər. Batalyona da hökm olunmuşdu ki, durmadan və ləngimədən təcili surətdə Qalaya (Şuşaya) hərəkət etsin. O zaman naib (mənsəbində) olan poruçik Səfərli bəy də bələdçi idi. Yol ilə gedərkən Korunzor yaxınlığında (qızılbaş) qoşununa rast gəldilər. Orada müharibə oldu. Günəş hərarətindən qoşuna bərk susuzluq üz verdi. Özlərini Həkəri çayına yetirməyə çalışdılar. Kapitan Hacı Ağalar bəy (əhvalatdan) xəbərdar oldu. Bir neçə nəfər bəyzadə ilə əlbir olaraq kürdlərin piyada və süvarisini topladı. Gəlib çayın bu tərəfini kəsdi. Soldatlara hər iki tərəfdən keçməyə macal vermədilər. Bəzisini iti qılıncdan keçirdilər, bəzisini də əsirlik kəməndinə saldılar . 

Kimsə nicat tapa bilmədi, heç kəsin qaçıb qurtarmağa macalı olmadı. Sonra, bu əsirləri götürüb Korunzora Hacı Ağalar bəyə qonaq getdilər. Oradan bir fəthnamə yazıb polkovnik Nazimkanı və mayor Kovalenskini, sair zabitlər və əsir edilən soldatlarla Fətəli şahın hüzuruna göndərdilər. O zaman şah, qoşunu ilə birlikdə Ərdəbildə idi. Qarabağlı Mehdiqulu xan və sərdar Əmir xan Naxçıvandan yola düşüb gəldilər. Korunzorda şahzadəyə yetişdilər. Səhər vaxtı köçərək, Mehdiqulu xanı dağlıq yerlərdən, kürd obaları içindən yola saldılar. Şahzadə Çanaxçıda olan rus qoşununu məhv etmək üçün oraya getməyi qərara aldı.

Araz kənarında qazaqlar öldürüldüyü zaman Mehdiqulu xanın Vərəndə mahalında sakin olan qardaşı Süleyman bəy, sair əqrəbası ilə dönüklük və xəyanət etdi. Bu zaman polk komandiri general Reutt cəld tərpənib qoşunu Qalaya (Şuşaya) daxil etdi 

Zərgər, Darağoz və sair ətrafda olan Cavanşir elatı, ağruq  gətirənlərə macal verməyib Ağoğlanı, qoşunun vəsait və ləvazimatını talan etdilər. O zaman mən də qoşun üçün azuqə göndərmişdim. Onlar azuqə aparanların yüklü ulaqlarını da çal-çap edib apardılar. 

Şahzadə oradan Gorus yolu ilə Çanaqçıya getmək fikrində idi. Bu əhvalatı eşidib Qalaya tərəf hərəkət etdi. Bir mənzil qalmış yürüşə başladı. Qalanın bir güllə mənzilliyinə, hətta barısı və hasarı altına yetişmiş olduğu halda, yenə məqsədinə çatmayıb geri qayıtdı; çünki polkovnik və komendantın möhkəm tədbirləri onu naümid edib, (geri) qayıtmağa məcbur etdi. Bir para ermənilər də şuşa-kəndli Səfər yüzbaşını görürüb, Qalanın cənub tərəfində olan Xəzinə qayasında səngər qayırıb oturdular. (Şahzadənin əsgərləri) onların səngərini almaqdan aciz qaldılar. Lakin şəhərdən başqa Qarabağ əhalisi, bütün bəylər, sultanlar və məliklər xanın yanına və Naibüssəltənənin hüzuruna gedib, əmr və nəhyini yerinə yetirdilər . Gözəl xələtlər aldılar və bollu nemətlərlə başı uca oldular. Qızılbaş və Qarabağ qoşunlarını götürüb şəhəri üzük qaşı kimi ortaya aldılar. Hər gün dava və müharibə (ilə məşğul olub) bir saat müqavimət və çarpışmadan əl çəkmirdilər. Bu zaman rus qoşunu Talış vilayətindən çıxdığı üçün Talış xanları itaət boyunduruğunu öz boyunlarından atdılar. 

Talış hakimi Mir Həsən xan öz qardaşlarını buraya, şahzadənin  hüzuruna göndərmişdi. Şirvanlı Mustafa xan da Şirvana getdi. Şirvan əhalisi onun hiyləsinə aldanıb itaətini qəbul etdi. Üsyan havası ilə dönüklük nağarasının səsini ucaltdılar . Rus qoşunu ilə dəfələrlə müharibə etdi. Axırda ruslar Şirvan kəndlərində olan əsgər və tərəfdarlarını toplayıb, Quba tərəfinə getdilər. Mustafa xan da müstəqil olaraq xanlıq taxtına təkyə etdi və köhnə Şamaxıda oturdu. Şəkidəki rus böyükləri də Şəkini boşaldıb Tiflisə getdilər . Səlim xanın oğlu Hüseyn xan da gedib Şəkidə xanlıq taxtında müstəqil oldu. Zurnabadda olan qoşun gəncəlilərdən xahiş etdi ki, onlara izn versinlər Gəncədən keçib Tiflisə getsinlər. Gəncə əhalisi əhvalatdan xəbər tutan kimi, onlara mane oldu. Rus qoşunu geri qayıtdı. Uğurlu xan da gəlib Gəncədə xan oldu. Knyaz Səvirzə mirzə (Savarsamidze) Pənbək  və Şoragildən çıxdıqdan sonra, Hüseyn xan və Həsən xan  İrəvan tərəfindən gəlib, Rusiya hökumətinə aid dam-daşı yıxıb od vurdular və oralara yiyələndilər. . Hətta Həsən xan gedib Borçalı mahalında Künçik altında yaşayan nemesləri soyub çox əsirlər gətirdi. Qızılbaşlar hər gün yalan şayiələr çıxarıb deyirdilər ki, sərdar general Yermolov Tiflisi boşaldıb Rusiyaya getmək istəyir, Madatovdan da bir xəbər yoxdur. 

Mənim qasidim gəlincəyə qədər belə keçdi. Sonra o, gəlib xəbər gətirdi: "Sərdar Yermolov Tiflisdə çox vüqar və arxayınlıqla oturmuş, Madatov da külli qoşunla Rusiyadan gəlmişdir. Deyirlər ki, onun ixtiyarında olan əsgərlər padşahın öz xüsusi alaylarındandır". 

Bu xəbərləri eşitdikdən sonra, qızılbaşlar qəflət yuxusundan ayıldılar. Naibüssəltənə vəliəhd Məhəmməd Mirzəni, dayısı Əmir xan sərdarı və Nəzərəli
xanı külli qoşunla göndərdi ki, gedib Gəncədə dursunlar. Tam ehtiyatla qalanı möhkəmləndirib hüdudları qorumaqla məşğul olsunlar. 

Burada, əvvəla, Qala (Şuşa) mühasirə olunduqdan bir neçə gün sonra, vəliəhd öz hüzuruna yaxın olan adamlardan Bicən xanı ümid, müjdə və nəvazişlər vədilə Qalaya (Şuşaya) göndərdi ki, şəhəri təslim etsinlər. Ondan sonra mayor Qlukini (Klugenaunu)  Qaladan göndərdilər. Xülasə, çox müşavirə və hədsiz danışıqlardan sonra belə qərara gəldilər ki, komendant mayor Çilyayevi bir kapitanla girov versinlər. Mayor Klugenaunu bir yüzbaşı ilə birlikdə sərdar Yermolovun hüzuruna göndərdilər ki, qalanı təslim etməyə razı olsun. Sərdar Yermolov da cavabında yazdı: "Rus dilində kapitulyasiya yoxdur; çünki kapitulyasiya fransız dilində qalanı təslim etməyə deyilir".

Mayor özü orada qalıb kağızı İbrahim adlı bir yasavulla göndərdi. Burada kağızı tutub vermədilər. Bu əsnada Allahyar xan çoxlu əsgərlə gəlib şahzadənin qoşunu ilə birləşdi. Yenə yürüş binası qoydular. Lakin bir nəticə hasil olmadı. Şəhərin ətrafında düşdülər. Bu əsnada, Əmir xan sərdarın Madatovla müharibə etməsi, öldürülməsi və qoşununun sınması (xəbəri)  şahzadəyə çatdı. Köç edib Ağdama yetişdi. Oradan komendantı  və məni Təbrizə göndərdi. Mehdiqulu xanı Qarabağda qoyub özü Gəncə tərəfinə getdi. Madatov Əmir xan sərdan öldürüb Gəncəyə girdi . Ardınca sərdar Paskeviç öz qoşunu ilə gəlib, onlara yetişdi. Qızılbaşlar çəkilə-çəkilə gəlib Gəncə torpağına girdilər. Yük və çadırlarını Kürək çayında qoydular. Yalnız atlı və serbazları götürüb Gəncə vilayətində olan Zazalı çayının üstündə gecəni keçirdilər. 

Səhər vaxtı sərdar Paskeviç və general Madatov qoşunlarına nizam verib Şeyx Nizami türbəsinə yaxınlaşdılar. Qızılbaş qoşunu ilə üz-üzə gəldilər. Burada böyük, sultani bir müharibə oldu. Bir saatdan sonra qızılbaşlar basıldılar. . Məğlubiyyətin qabağını almaq mümkün olmayıb qaçdılar. Bir gün bir gecədə Arazdan keçdilər. (Onların) iki topu Tərtər çayı ilə İncə çayı arasında qalmışdı. Arazdan keçdikdən sonra, yenə tab gətirməyib dağıldılar. Şah o zaman Ərdəbildən köçüb gəlmiş və Əhərin yaxınlığında olan Təviləyi-Şam adlı yerdə durmuşdu. Naibüssəltənə şahın hüzuruna getdi. Sərdar Paskeviç də gəlib bir müddət Təxti-Tavusda qaldı və istirahətlə məşğul oldu. Mustafa xan Şirvanda, Hüseyn xan da Şəkidə idilər. Hüseyn xanın qardaşı Hacı xan Şəki qoşunlarını toplayıb, Kür çayından keçdi. Mənim bir obamı və iki padşahlıq obasını qarət etdi. Sonra Mustafa xan özbaşına Şirvandan keçib Qaradağa öz evinə getdi. . Hüseyn xan isə, haman yerdə durmuşdu. Sərdar bu tərəfdən qoşun ilə gəlib Nuxanın üç ağaclığına çatdı. Hüseyn xan qarşı durmağa və müdafiəyə taqəti olmadığını görüb qaçdı. Arazdan keçib İrana qaçdı.  Sərdar Paskeviç də Arazdan keçdi, gedib Qaradağ ölkəsini qarət edərək çoxlu əsir gətirdi . Qarabağda xalqı yerbəyer və sakit etdi. Artıq qoşununu götürüb Tiflisə yola düşdü. Sonra Madatov Qaradağ  və Şirvanat qoşununu cəm etdi və soldatlarını götürüb
Mişkinədək getdi  Çoxlu qarət edib Şahsevən xanlarını itaətə gətirdi. Xəyanət fikrinə düşməmək üçün onlara and içdirdi . İran məmləkətinə bir vəlvələ düşdü. Təbriz şəhərində müdafiə işləri görüldü  "Rus qoşunu gəlir" sözü ağızlarda söylənməyə başladı. 

Bu zaman biz Təbrizdə dustaq idik. Şəhərin vəziyyətindən və əhalisinin hal və hərəkətindən anlaşılırdı ki, əgər general Madatov gəlsə idi, qorxu və davasız Təbrizi ala bilərdi. Bu halda Madatovun qayıtmaq xəbəri onlara çatdı. O camaata çox şadlıq üz verdi. Madatov qayıdıb Tiflisə hərəkət etdi. O, tədarük və hazırlıq görürdü ki, bahar fəsli İran tərəfinə getsin. Sərdar Yermolov da lazımi tədarüklərlə Madatovu İran səfərinə yola saldı. Madatov Xudafərin körpüsünə qədər gəlmişdi. Qızılbaşlar da (onu) qarşılamış və dava qızışmışdı. Bu zaman Yermolov sərdarlıqdan götürüldü. Paskeviç  müstəqil olaraq sərdarlıq taxtında oturdu. Polkovnik knyaz Abxazovu  bu şəhərlərə hakim təyin etdi. General Madatov isə, hökmü altında olan ordunu general Pankratiyevə  tapşırdı. Abxazovu ştab naçalniki təyin etdi. Tiflisdən (çıxıb) beş günə Xudafərin körpüsündə orduya yetişdi. O gecəni qalıb işləri Madatovdan (təhvil) aldı. Səhəri Madatovu Tiflisə yola saldı. Qoşunu köçürüb qayıtdı. Gəlib Qozluçay adlı yerə çatdı. Sərdar Paskeviç isə lazımi tədarüklərlə İrəvan torpağına hərəkət etdi.  İrəvan sərdarı bütün elatı köçürtdü. Yalnız qardaşı Həsən xanı Sərdarabad və İrəvan qalalarını mühafizə etməkdən ötrü qalada qoydu. Özü isə ətrafda dolanmaqda idi. Bu əsnada, Dəralagözdə olan Qarabağ hakimi həmail sahibi general-mayor cənab Mehdiqulu xanla Paskeviç arasında gəliş- gediş oldu. Mehdiqulu xan İran dövlətindən üz çevirib bu işıqlı dövlətin itaətinə gəlmək istəyirdi. Knyaz Abxazov Pankratiyevlə müşavirə etdi. İki batalyon qoşun götürüb Mehdiqulu xanın yanına getdi. İki dövlətin sərhədində olan Ağ karvansarada görüşdülər. Knyaz onu xatircəm etdi. Ona qoşulan və tabe olan adamları köçürməklə məşğul oldu.  O vaxt naxçıvanlı Ehsan xan Abbasabad qalasının mühafizi idi. Mənim orada olduğumu bilib yanıma bir qasid göndərdi. O mənə xəbər verdi: "Knyaza bildirin ki, bu tərəfə hərəkət etsin, buraya gələn kimi qalanı ona təslim edərəm". 

Bunlar da (məsələni) ətraflı surətdə müzakirə etdilər. Sərdarın izni olmadığından cəsarət etməyib keyfiyyəti sərdarın hüzuruna ərz etdilər. Özləri Qarabağa gəldilər. Uca nəsilli sərdar bu xəbəri eşidən kimi İrəvandan əl çəkib Abbasabad tərəfinə hərəkət etdi. Bu xəbər Qızılbaş dövləti başçılarının qulağına çatdı. Qacar Məhəmmədəmin xanı neçə min nəfər qoşun, Bəxtiyari  sərbazları və bir neçə nəfər xanla Abbasabad qalasına göndərdilər. Abbasabad qalasının ixtiyarı Ehsan xandan alındı. Sərdar gəlib Abbasabadı mühasirə etdi. Bir neçə gündən sonra Naibüssəltənə çoxlu əsgərlə o tərəfdən görünməyə başladı.  Sərdarın əmrinə görə, əvvəl süvari qazaqlar, sonra da soldatlar Arazdan keçdilər. Düşmənlə müharibə etdilər, Abbas Mirzə basıldı. Rusiya qoşunu qayıdıb qalanın dörd tərəfindən yürüş etdi. Xəndəklər qazıyıb lağımlar atdılar. Qala əhalisi şahzadənin köməyindən məyus oldu. Onlar lağımların yaxınlaşdığını görüb Ehsan xanı da özlərinə xain hesab etdiklərindən, qalanı təslimə razı oldular. Sərdar Paskeviç qalanı aldıqdan sonra toplarını və sair hərbi sursatını öz ixtiyarına aldı. Qalada olan Məhəmmədəmin xanı, sair xanlar və sərbazlar ilə əsir edib Qarabağ yolu ilə Tiflisə göndərdi. Ehsan xana da xidmətinin müqabilində, Naxçıvan qalasının naibliyini mərhəmət etdi. Hava həddindən artıq isti olduğundan qalada kutval (qalabəyi) qoyub özü Qarababa yaylağına köçdü və orada yerləşib oturdu. 

Sonra Abbas Mirzə eşitdi ki, qalaları kökündən yıxmaq üçün böyük toplar gətirirlər. Məktublar yazdı, Araz çayının o tərəfindən yürüş edib, çaydan keçdi. Avaran adlı yerdə Rusiya qoşunu ilə sultani bir müharibə oldu.  Hər iki tərəfdən igidlik və rəşadət göstərildi. Susuzluq soldata çox əziyyət verdi. (Bu vuruşmada) hətta general Krasovskiyə də bir neçə güllə dəydi. Şahzadə bununla kifayətləndi, şadlıq və sevinclə (geri) qayıtdı. Seyr və səfa yeri olan Xoy şəhərinə yola düşdü. Bu zaman sərdar Paskeviç Qarababa yaylağında bu qorxunc hadisəni eşitdi. Öz zəfər nişanəli əsgərlərinin ağır yüklərini və avadanlığını orada qoyub dava meydanına hərəkət etdi. Sərdar yetişincəyə qədər şahzadə hərəkət cilovunu çevirib (getmişdi). Sərdar oradan topları götürüb əvvəl Sərdarabad tərəfinə üz qoydu. Od yağdıran topların zərbəsilə onun bürc və barılarını tar-mar edib qalanı aldı. Sərdarabadda hədsiz ərzaq, pambıq və sair hərbi sursat ələ keçdi.  Oradan asudə olduqdan sonra, İrəvan tərəfinə hərəkət etdi. Keçmiş qayda ilə, bir neçə gün atəş püskürən toplar ildırım yağdırdılar. Şəhərin divarını alt-üst edib bir ovuc külə çevirdilər. Şəhər əhalisi çox çalışıb-çapaladı, bir fayda vermədi. Axırda Həsən xan və sair İran əmirləri tutuldular.  İrəvan işlərini yoluna qoyduqdan sonra, qoşunu toplayıb yeriyən atlarını yel kimi Xoy tərəfinə sürdülər. Knyaz Eristovun komandanlığı altında olan Qarababa yaylağındakı qoşuna, icrası vacib və lazım olan bir hökm verdi ki, tər tökərək at başı salıb təcili surətdə Təbriz tərəfinə getsinlər.  

Özü gedib Xoy vilayətini aldı. Bu zaman knyaz Eristov da davasız-döyüşsüz və qan tökmədən Təbriz sahəsini zəfər bayrağının mahçəsi (ayparası) ilə işıqlandırdı.  Abbas Mirzənin qoşunu dağıldı. Özü isə çox xəcalətli bir halda Marağa hüdudunda vaxt keçirməkdə idi.

Sərdar Paskeviç (artıq) Dehxarqana daxil olmuşdu. Abbas Mirzə hərçənd bir çox tədbirlər düşündü, lakin bundan başqa bir çarə taprnadı: bir neçə adamla sərdarın hüzuruna getdi. Sərdar da ona böyük izzət və hörmət göstərdi. Uzun müddət bir yerdə qaldılar. Sərhəd, barışıq və təzminat barəsində aralarında danışıq və müşavirələr oldu. Şah vaxtı uzatmaq məqsədilə bəzi təkliflərə razı olmadı. Axırda bunlar bir-birindən ayrıldılar. Sərdar Təbrizə daxil oldu. Abbas Mirzə də öz məmləkətinə getdi. Aralarında möhkəm bir əlaqə var idi. Sərdara da məlum idi ki, sülhün binasını yıxan ancaq şahdır. Bundan sonra sərdar vilayətlərə, özünün qalib və sədaqətli qoşunlarına məktublar yazıb onları yığdı (digər tərəfdən də), səs saldı ki, mən Tehrana - paytaxt olan bu şəhəri fəth etməyə gedəcəyəm. Naibüssəltənə də öz atasına məktub yazıb, əhvalatı bildirdi. Məlum etdi ki, sərdar nagəhan bir bəla kimi üstünə gəlir. Axırda şah çarəsiz qalıb sülhə razı oldu. Türkmənçay adlı yerdə sülh oldu. Araz çayını iki uca dövlət arasında sərhəd təyin etdilər. (İran dövləti) yeddi kürur  dava xərci verməyə razı oldu. Bir neçə şərtnamə və əhdnamələr bağladılar. Dava xərci ödənincəyə qədər, Xoy vilayətini rəhn və girov saxladılar.  Təyin edilmiş dava xərci alındıqdan sonra, seyr və səfa yeri olan Xoy vilayətini İran dövləti mübaşirlərinə (məmurlarına) tapşırdılar. Uca nəsilli, şan-şərəf və iqtidar sahibi sərdar qoşununu götürüb, Darüssürura (Tiflisə) hərəkət etdi.  Bu zaman osmanlı dövləti tərəfindən dava başlandı.  Sərdar onlara qarşı tədarük görməklə məşğul oldu. 

Allah qoysa, bu Dağıstan hadisələri, əzəmətli və əbədi dövlət adamlarının arzu etdikləri kimi yazılıb qurtarar. Sonra osmanlı əhvalatı və hadisələri haqqında ənbər qoxan qələmimin ahusu kağızın geniş sahəsində müşklər səpməyə başlayar və bu (mövzunu) ayrı bir cilddə müfəssəl surətdə qələmə alar... 

 

Sonuncu fəsil
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR