Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Adıgözəl bəy - Qarabağnamə/Doqquzuncu fəsil

Mirzə Adıgözəl bəy - Qarabağnamə/Doqquzuncu fəsil
Sakura

Mirzə Adıgözəl bəy - Qarabağnamə/Doqquzuncu fəsil

RUSİYA QOŞUNLARININ QAFQAZIN BU

TƏRƏFİNƏ TƏKRAR GƏLMƏSİ VƏ ƏMƏLƏ

GƏLƏN HADİSƏLƏR HAQQINDADIR.

Georgi xan müstəqil vali oldu, valilik taxtı onun vücudu ilə zinət tapdı. İran padşahı Ağa Məhəmməd şah öldürüldü və Fətəli şah Qacar səltənət taxtına oturdu. . 

Vali bir tərəfdən Rumdan (Türkiyədən), digər tərəfdən İrandan və bir tərəfdən də Dağıstandan qorxuya düşdü. Qardaşlarının ədavətini də buna əlavə etmək lazımdır. (Buna görə) o, öz böyük oğlu pavud mirzəni  yalvarıcı ərizələr və səmimi məktublarla böyük imperator, hörmətli şahənşah, bütün xalqların başının ağası, ulduz calallı, əzəmətli padşah Pavel Petroviçin uca dərgahına və işıqlı asitanəsinə göndərdi. Məktublarda deyilirdi: "Mən bu qədər xarici məzhəblər arasında tək qalmışam, hər saat birindən ehtiyat etməkdən cana gəlmişəm. Vəziyyətim hüzurunuza yaxın olan əmirlərinizə məlumdur. Başıma gələn hadisələr onların işıqlı qəlblərinin aynasına əks etmişdir. Ağa Məhəmməd şahın haqqımızda rəva gördüyü zülm, əziyyət və əmələ gətirdiyi fəsad və fənalığı ikidilli qələm təsvir etməkdən acizdir. 

Aləmlər padşahı və dünya hökmdarından xahişimiz budur ki, millətimizin hörməti və dinimizi müdafiə etmək xatirəsi üçün, bizləri öz himayələri altına alsınlar. Aləmi bəzəyən bayraqları üzərindəki mahçənin (ayparanın) nurilə, pis xasiyyətli düşmənlərin zülmünün zülmətini üzərimizdən qaldırsınlar". 

Sonra, Gürcüstanın seçilmiş, etimadlı və nəcib tavadlarından eşikağasıbaşı Kərsəvan bəyi, Davud mirzənin ardınca, fələk dəstgahlı padşahın dərgahına  yola saldı. Kərsəvan bəy keçmişdə aləmlər padşahının şərafətli asitanəsində olub, knyaz Çavçavadze adilə məşhur idi. Şir qeyrətli böyük imperatorun və kəramətli padşahın mərhəmət dəryası cuşa gəldi. General-mayor Lazarevi bir polk qoşunla göndərdi ki, gedib Gürcüstan hüdudunu var qüvvəsilə mühafizə etsin. Statski sovetnik (mülki müşavir) Kovalenskini də Gürcüstan valisinin yanında qalmaq üçün ministr (nazir) təyin etdi.

Yuxarıda adları çəkilən əmirlər Tiflisə gəlib valinin yanında qaldılar.  Bir ildən sonra Ümmə xan Dağıstandan iyirmi min qoşun götürüb gəldi. Ümmə xan belə düşünürdü: "Madam ki, vali rus qoşununa pənah gətirmiş, deməli o, keçmiş məhəbbət və dostluq hüququnu ürəyindən çıxarmışdır. Mən də gedib rus (qoşunlarını) o vilayətdən çıxardar və keçmişdə olduğu kimi Darüssüruru (Tiflisi) xaraba qoyub talan edərəm". 

Vali bu hadisəni eşitcək, həyəcana düşdü. Halı pərişan oldu. O, qorxudan boş xəyalata düşdü, çünki Ağa Məhəmməd şahın Tiflisə vurduğu zərərlərdən gözü qorxmuş və o ürəkyandıran hadisələrdən ödü yarılmışdı. Tiflis əhalisi də canlarını qorumaq istədiklərindən qaçmağı qərara aldılar. Hər biri bir tərəfə getmək istədi.

Yuxarıda adı çəkilən general hədsiz səy və qeyrət etdi. Darüssürur (Tiflis) əhalisini sakit etməyə çalışdı. Axırda şəhər əhalisi yenə onun sözünə baxmadılar; çünki onlar bu vaxta qədər rus qoşununun hünərini sınaqdan çıxarmamışdılar. General bu mətləbi başa düşdü. Bildi ki, onun nəsihətlərinin atəşi, Tiflis əhalisinin dəmirtək soyuq olan (ürəyinə) təsir etməz və qorxuducu vədlərinin damcıları, o camaatın daş bağrını dəlməz. Car çəkdirib Gürcüstan əhalisinə mərdanəliklə bildirdi ki, siz şəhərdən qaçmayın, nahaq yerə vətəninizi tərk etməyin. Mən Rusiyanın xoşbəxt qoşunları ilə hərəkət edib, onların qarşısına gedirəm. Əgər qalib gəldim heç, istədiyimiz də odur. Əgər, Allah eləməmiş, məğlub olsam və düşmənin qarşısından qayıdıb qaçsam, ondan sonra siz də qaçın və istədiyiniz yerə gedin.

Gürcüstan əhalisi bu sözləri eşidib sakit oldu və könüllərinin hürküyə düşən quşları aram tapdı. Bundan sonra adı çəkilən general, öz qalib qoşunlarını götürüb Ümmə xanın qabağına getdi. Suqracu (?) kəndinin altında, Qıbır çayının üstündə, axşamçağı, iki qan içən ordu və iki əzəmətli dəstə bir-birinə yaxınlaşdı. Dağıstan qoşunu baxıb gördü ki, Rusiya qoşunu olduqca azdır. Çox təəccüb etdilər, ürəklərində heyrət əmələ gəldi (və öz-özlərinə dedilər): onlar bu az cəmiyyətlə hərbə və döyüşə necə cürət edirlər? Taxta ayaqları  ilə bu çətin keçidli məmləkətdən necə keçərlər? 

Sonra hər iki tərəf haman yerdə yüklərini açıb düşdülər və çadırlarının mıxını yerin qəlbinə möhkəm vurdular.

Ləzgi sərkərdələrinin bəzisi bu cür məsləhət gördülər ki, axşamın xeyrindən sabahın şəri yaxşıdır. Ümmə xan və bəzi sərkərdələr isə dedilər:

Beyt

Allahdan başqa kim bilər ki,

Sabah ruzgar başımıza nə oyun açacaqdır.

 

- Məsləhət budur ki, bu andan vuruşma məclisinə rövnəq verək, dava və döyüş meydanının zinətini artıraq, top və tüfəng sədası ilə dünyaya vəlvələ salaq. Parlaq qılıncın piyaləsindən bu zalımlara ölüm şərbəti içirək.

Bundan sonra Ümmə xan öz qoşununun yarısma əmr etdi ki, generalın ordusunu dörd bir tərəfdən əhatə edib üzük qaşı kimi mühasirəyə alsınlar və hamısını əsir etsinlər. Dağıstan qoşunları öz komandanlarının fərmanını həyata keçirməyə səy etdilər. Onlar rus qoşunlarına yaxınlaşınca, general (Lazarev) o saat əmr etdi ki, əjdaha heybətli, od yağdıran topları fitilləsinlər və zəfərnişan soldatlar "hurra" çəkib hücuma keçsinlər. Dağıstan ordusu baxıb gördü ki, top atəşi aləmi od dəryasına çevirdi. Rus qoşunlarının üst-başları bunların qanından qıpqırmızı oldu. Qarşı durmağa taqətləri qalmadı. Davam gətirməyib qaçmağa üz qoydular. Hədsiz zərər çəkdilər. Ölənlərin sayı-hesabı yox idi. Qılınc ağzından canını qurtaranlar qaçdılar və çox çətinliklə özlərini qalan qoşuna yetirdilər. Başlarına gələn əhvalatı olduğu kimi danışdılar. Onlar bu hadisəni eşidib, son dərəcə pərişan oldular və qorxuya düşüb dedilər: 

Salari

Biz də namus üçün, ad qazanmaq üçün
Ədavət qılıncını qınından çəkərik.
Bu döyüş meydanında at qovar,
Oxla, nizə ilə və iti qılıncla
Nəhəng kimi, qan dəryasına baş vurarıq,
Onlara dava meydanını təng edərik
Əgər biz mərdliklə ad çıxarmasaq

Qoy başımızdakı bu papaq bizə haram olsun.

 

General fərəh verən bu hadisəni görüncə, istirahət təbilini vurdurdu. Ondan sonra, zəfər nişanəli qoşununu götürüb özünü onların sığınağına yetirdi. Mərdanə həmlələr və igidcəsinə hücumlarla düşmən qoşununu dağıtdı. Ümmə xan və sair sərkərdələr artıq səy və qeyrət göstərdilər. Çalışdılar ki, bəlkə hiylə ilə öz vəhşi əsgərlərini qaçmaqdan saxlasınlar. Bir daha müharibəyə girişsinlər. Lakin mümkün olmadı. Çünki ləzgi əsgərləri rus qoşununun birinci öd yaran zərbəsindən qorxmuşdular.

Gündüz pərisinin işıqlı üzü, Ümmə xanın taleyi kimi, qaralmağa başlayınca, ləzgilər üzüqaralıq etdilər. Hərəkət kəcavəsini fərar dəvəsinə yükləyib qaçdılar. Gəncə torpağınacan, tərsinə əsən yel kimi heç bir yerdə bənd olmadılar və heç bir mənzildə durmadılar. Fikirləri bu idi ki, oradan keçib Qarabağa gəlsinlər. Qışı burada keçirib bahar fəsli öz vətənlərinə qayıtsınlar. Dağlar qar olduğundan, bu fikri həyata keçirmək mümkün olmadı. Gəncə əhli bu əhvalatdan xəbərdar oldu. O az camaatın üstünə tökülüb rəhmsizcəsinə qılıncdan keçirdilər. Ləzgilər daha heç bir yerə sığına bilmədilər. Yüz min müsibətlə Cara qaçdılar. (Oranı) özlərinə qışlaq edib oturdular.  İttifaq belə düşdü ki, Ümmə xan orada naxoşlayıb dünyadan getdi.  Nəşini orada dəfn etdilər. Onun matəmində ləzgilərin ürəyi yenə qana döndü. 

General (Lazarev) dərhal adamlar yolladı. Bu xəbəri Gürcüstana yetirdi. Lakin, kimsə buna inanmadı. Hətta o, öldürülənlərdən bir neçəsinin başını da göndərdi. Yenə heç kəs xatircəm olmadı.

O zaman, mən özüm də Darüssürurda (Tiflisdə) idim. Cənab general bir neçə gündən sonra böyük izzət, ehtiram, son dərəcə dəbdəbə və calalla Gürcüstana daxil oldu. Tiflis əhalisi çox şadlıqlar etdi. Rusiya qoşununun igidliyinə və o müzəffər əsgərlərin rəşadətinə Gürcüstan əhalisinin və sair şəxslərin etiqadı çox-çox artdı , çünki (bu hadisə) çox az ittifaq düşən, çətin və müşkül bir iş idi. 

Bundan sonra, generalın hörməti, qoşununun hünəri və şöhrəti dilə-ağıza düşdü. Doğrudan da, generalın vəsfə gəlməyən bu igidliyi bütün Qafqaza yayıldı. Onun bu qəhrəmanlığını qələmin dili təsvir etməkən acizdir.

Bu hadisədən sonra, vali bir il də yaşadı. O, qış fəslində vəfat etdi. Qardaşları təcili surətdə hazırlıq görərək, Kartliyadan çoxlu qoşun və camaat toplayıb, Tiflis üzərinə gəldilər. Onlar böyük qardaşları Yulon Mirzəni vali, yuxarı və aşağı təbəqəyə hakim təyin etmək istədilər. Tiflisin üstündə olan Habucala kəndinə gəldilər və orada durdular. General, komandası altında olan zəfər nişanəli əsgərləri götürüb onların qabağına getdi. Onları Başaçığacan qovdu. Qayıdıb gələndən sonra, valinin böyük oğlu Davud Mirzəni müvəqqəti olaraq vali qoydu. Bahara qədər bu qayda ilə keçdi. Qızıl taclı işıqlı Günəş Həməl bürcünə  daxil olub, öz yaz mənzilinə yetişdi. Bu zaman, torpağın tumurcuq məməli qızları olan bitkilər dirçəlib, böyüyərək güllükdə görünməyə başladılar. Bülbüllər ağaclıqlarda və bağlarda qönçə ətrafına hərlənərək ağır-ağır "qələbə çalındı" nəğməsini oxudular.

Qumrular da fərəh və şadlıqlarından "müxəmməs" havasında zəngulə vurdular. Sübhün xəfif küləyinin məşşatəsi  gözəl və qəşəng çiçəklərə təravət verir, gül qönçələri üzərinə sənət kirşanı və qüdrət ənliyi çəkirdi. Bu zaman Liniyada yaşayan və inspektor mənsəbində olan piyada qoşun generalı Knorrink Tiflisə gəldi . O, burada öz divanxanasını qurdu. Tavadzadələrdən dörd nəfərini seçib dövlətin dörd əsas rüknü, divanbəyi təyin etdi . General Knorrinkin göstərişilə hökumətin mühüm işlərinə və bürün vacibli ərizələrə orada (dördlər məclisində) baxılmalı idi. Özü isə yuxarıda adı çəkilən generalın göstərişilə geri qayıtdı. Bir il bu qayda ilə keçdi. Sonra knyaz Sisianov Qafqazın bu tərəfində olan vilayətlərə (Zaqafqaziyaya) sərdar təyin edildi . O, bu yerləri idarə etmək işində geniş ixtiyar sahibi oldu.

Knyaz Sisianov özü ilə lazım olan vəsaiti gətirib, Tiflisdə quberniya əsasını qoydu və divanxanalar təsis etdi. Bu zaman valizadələrin hamısı Gürcüstanda idilər. Onlar bu işlərə razı olmayıb keçmiş nizam və qaydaları tələb edirdilər. Onlar puç və lüzumsuz xəyalata düşmüşdülər. Knyaz Sisianov xeyirxahlıq üzündən onlara gözəl nəsihətlər etdi. Lakin onlar qəbul etməyib öz fikirlərindən dönmədilər.

Axırda knyaz baxıb gördü ki, çarə yoxdur və onların könüllərinin qönçəsi nəsihət nəfəsilə açılmır. Onların hamısını zorla Rusiyaya göndərdi . O cümlədən, valinin arvadı Deda-Valonu da göndərməli idilər... Lakin o getmək istəmədi və knyazın sözünə qulaq asmadı. Knyaz Sisianov general Lazarevi göndərdi ki, mehribanlıqla nəsihət edib, onu da bu işə razı etsin. General getdi və çox yalvardı, lakin çarə olmadı. Arvad generalın təklifini qəbul etmədi. Onun bütün Gürcüstan əhalisi
boynunda olan haqqına və etdiyi yaxşılıqlara göz yumdu. Gizlicə xəncərini çəkdi və onu yaralayıb öldürdü . Knyaz bu hadisəni eşitcək əmr verdi ki, onu da zorla aparsınlar . Bundan sonra, vali övladından o ölkədə kimsə qalmadı. Gürcüstan işlərində arxayınlıq və xatircəmlik hasil oldu.

O zaman Car və Balakən ləzgiləri, əski adətləri üzrə, Gürcüstan vilayətlərinə basqın edərdilər. Əhalisini əsir edib aparardılar. Özlərinin bu kimi çirkin işlərindən əl çəkməzdilər. Knyaz ənbər iyli qələmilə məktublar yazdı, onlara nəsihət edib bildirdi ki, keçmiş zamanda hökumət başında vali dururdu. İndi isə Cəmşid mərtəbəli və yüksək dərəcəli bir padşah durur. Bu cür işlərdən əl götürüb rahat otursunlar. Nalayiq işləri tərk etsinlər; çünki bu cür hərəkətlər peşmanlıqdan başqa bir nəticə verməz.

Knyaz bu barədə onlara dəfələrlə müraciət etdi. Lakin onlar ayılmadılar. Axırda onları cəzalandırmağı qərara aldı. Cüzi qoşun götürüb Dağıstan tərəfinə hərəkət etdi. Ləzgilər bu hadisəni eşidincə yığışdılar, məsləhətləşib müdafiəyə hazırlandılar. Gəlib Qanıq çayının kənarında çadırlarını qurdular və Rusiya qoşunlarının gəlməsini gözlədilər. Onlar belə tədbir qurmuşdular ki, Rusiyanın zəfər nişanəli qoşunlarını Car torpağına girməyə qoymasınlar. Onların qarşısına çıxıb müharibə etsinlər. Lakin bilmədilər ki, od yağdıran ildırıma kol-kos mane ola bilməz və göydən enən bəlanı tədbir qalxanı dəf edə bilməz.

Rusiya qoşunları Qanıq çayına yetişən kimi, ova həris olan şahintək çaydan keçdilər. Onların (ləzgilərin) tüfənglərindən atılan güllələrin səsini istiqbal nəğməsi və qılınclarının parıltısını cahangirlik aynasının əksi bildilər. Bir anda o azğın əsgərlərdən bir əsər qoymadılar. Balakənə qədər heç bir mənzildə düşüb istirahət etmədilər. (Ləzgilərin) möhkəm aman evi və ümidgahı olan Balakəni... dağıtdılar . Onlara gözəl bir qulaqburması verdilər ki, Gürcüstandan bir daha əsir aparmağa cürət etməsinlər. Qedim və onlardan ötrü çox təhlükəli olan bu məmləkətə qədəm qoymasınlar.

Knyaz Sisianov Car torpağında qoşun qoydu, general-mayor knyaz Orbelianovu (Orbelianini) və general-mayor Qulyakovu sərkərdə təyin etdi. Onlara tapşırdı ki, əgər ləzgilər düşməncəsinə hərəkət edib azğınlıq göstərsələr, onlara qarşı lazımi ölçü götürsünlər. Onları Gürcüstan əhalisinə əziyyət verməyə qoymasınlar.

Özü qayıdıb gəldi və ertəsi il Gürcüstana daxil oldu. Gəncə xanı Cavad xana kağız yazdı və təklif etdi ki, Rusiya dövlətinə itaət etsin, uca olan dövlət məmurlarının hökmünə tabe olsun. Düşmənçilik etməsin və üsyan sahəsinə qədəm qoymayıb itaət etsin. Yoxsa şanlı bir səltənət və qədim bir dövlət
məmurlarının düşmənçilik bağçasından zərər çiçəyindən başqa bir gül dərə bilməz. Ziddiyyət toxumu da peşmançılıqdan başqa bir bar verməz.

Cavad xan mehribanlıq yolu ilə edilən bu nəsihətlərə əhəmiyyət vermədi və onun (Sisianovun) sözlərinə qulaq asmadı. Knyaz Sisianov dəryatək coşan qoşunlarla Gəncə tərəfinə hərəkət bayrağı qaldırdı. Tavad, Aznaur və Qazax-Şəmsəddinli süvarilərini yığıb cəm etdi. Səfərə hazır oldu. Zəfər nişanəli orduları Gəncə torpağına girib, ətrafı tutdu. (Bu zaman) Cavad xan öz adamlarını və qoşununu götürüb onların qabağına gəldi. Gəncənin iki verstliyində, Qulu-qobu (Quru-qobu) adlı yerdə iki ordu üz-üzə gəldi və hərb atəşi alovlandı. Cavad xan bir qədər hay-huydan sonra qaçdı. Yarımcan və pozğun bir halda qalaya daxil oldu və qalanı müdafiə etməyə başladı. Zəfər nişanəli qoşunlar şəhərə girib içəri qalanı (ərki) dörd bir tərəfdən, sıxı surətdə mühasirəyə aldılar. Bir ay orada qaldılar. Orucluq bayramının gecəsi nərdivanla bir neçə tərəfdən bayıra çıxmağa başladılar. Cavad xan bayıra çıxanları, igidlik və qoçaqlıqda dəf edirdi.

Axırda mayor Lisaneviçin bir gülləsilə həyat barısından yıxılıb, ölüm diyarına düşdü. Soldatlar dərhal dörd tərəfdən hücum edib şəhərə daxil oldular... . Uca mərtəbəli və qüdrət sahibi sərdarın hökmündən sonra, şəhər əhalisinin köç-külfətini şəhərə, Cavad xanın ailəsini isə məscidə apardılar. Məsciddən də bir evə gətirib, üstündə qarovullar qoydular. Knyaz orada (Gəncədə) hökumət qurub komendant təyin etdi. Vilayətin əhalisinə təsəlli və arxayınlıq verib Gürcüstana qayıtdı.

 

Onuncu fəsil
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR