Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Adıgözəl bəy - Qarabağnamə/Beşinci fəsil

Mirzə Adıgözəl bəy - Qarabağnamə/Beşinci fəsil
Sakura

Mirzə Adıgözəl bəy - Qarabağnamə/Beşinci fəsil

BEŞİNCİ FƏSİL

GÜRCÜSTAN VALİSİ İRAKLİ XANIN
MƏRHUM PƏNAH XANI, QARADAĞLI
KAZIM XANI, NAXÇIVANLI HEYDƏRQULU
XANI VƏ GƏNCƏLİ ŞAHVERDİ XANI
XAİNCƏSİNƏ TUTUB ƏSİR ETMƏSİ

HAQQINDADIR

Məhəmmədhəsən xan (Qarabağdan) qayıtdıqdan sonra, Pənah xan, qaradağlı Kazım xan, naxçıvanlı Heydərqulu xan və gəncəli Şahverdi xan məsləhət məclisi qurdular. Onlar belə bir qərara gəldilər ki, bütün Şirvan ölkəsinin hakimi; azad və həmişəlik sahibi-ixtiyarı olan Hacı Çələbi onlarla hesablaşmır və dostluq yolunu düzlüklə getmir. Buna görə lazımdır ki, onu məğrurluq yuxusundan oyatmaq üçün tədbir görsünlər. Sonra ürəklərinin sözünü məktub vasitəsilə Gürcüstan valisi İrakli xana bildirdilər. Vali də özünün bu işdə və bu yolda onlarla yoldaş olduğunu izhar etdi. Onlara yazıb bildirdi ki, tezliklə hərəkət edərək fürsəti itirmədən buraya gəlsinlər.
Bu xanlar da səfər tədarükü görüb, qoşun və əsgər topladılar. Hamısı ittifaq edib, hərəkət bayrağını qaldıraraq yola düşdülər. Gəncə şəhərindən yuxarı, Qızılqaya adlı yerdə dayandılar. Çadırlarının zərli qübbələri Ayla Günəşin fövqünə yüksəldi.
Yuxarıda adı çəkilən Gürcüstan valisi bunların dördünü də əsarət kəməndilə tutdu. Şahverdi xanın nökərlərindən biri, iti yeriyən bir ata minib qaçdı. Bu zaman Hacı Çələbi də Şirvan qoşunlarının toplanması haqqında məktublar yazıb hədsiz tədarük və çoxlu qüvvə ilə gəldi. Mingəçevir keçidində düşərək hərbə müntəzir durdu. Bu əsnada qarşıdan bir atlı göründü. Hacı Çələbi əmr etdi ki, onu gəmi ilə Kür çayından keçirsinlər.
(O, çaydan) keçib, Hacı Çələbinin hüzuruna gəlincə: "Qoca baba, vali xanları tutdu" - dedi.
Hacı Çələbi ona: "Qoca baban onları xilas edər, onları qurtarmaq üçün müharibə və davaya girişər" - deyə cavab verdi.
Sonra o öz dövlət ərkanı və yaxın adamları ilə məşvərət etdi. Onlar məsləhət görmək üçün bəhanə gətirdilər. Hacı Çələbi onların ürəyindəkini başa düşdü. Müşavirə məclisinə getdikləri zaman əmirlərə dedi: "Nə məsləhət görürsünüz (görün, ancaq) Kürü keçmək içində olsun".
Onlar bu sözü eşitcək geri qayıtdılar. Hacı Çələbinin hüzuruna gəlib dedilər: "Biz müşavirə yığıncağını ona görə düzəldirdik ki, işin içində Kürü keçmək (məsələsi) olmasın; indi ki, siz buyurursunuz, əmr verin, qoşun hərəkət etsin".
Bu zamandan Hacı Çələbinin sözü məsəl yerinə keçmişdir və indiyədək xas və avam camaatın ağzında söylənməkdədir.
Hacı Çələbi əmr etdi ki, ordu atlansın və təcili surətdə Kürdən keçsin. Onlar yol gedib mənzil keçdilər. Vali bu qəziyyəni eşitdi və bu hadisədən qorxuya düşdü; çünki o keçmişdə Hacı Çələbi qoşununun zərbəsini bir dəfə də görmüşdü  Çarəsiz qalıb onu qarşıladı. İlahi feyzlər mühiti və hədsiz işıqlıq mənbəyi olan mərhum, rəhmətlik cənab Şeyx Nizaminin nurani qəbri və pak məzarı yaxınlığında iki ordu bir-birinə yaxınlaşdı. Aralarında qətl və qarət odu alovlandı. Gürcüstan qoşunu biabırcasına sındı. Vali öz ordusuna qayıtmağa fürsət tapa bilməyib qaçdı. Bütün çadırları və ləvazimatı, xanlar ilə birlikdə, yerbəyer Qızılqayada qaldı. Hacı Çələbi Sınıqdan üç ağac  yuxarıyadək irəliləyib onları təqib etdi. Tiflisin beş ağaclığına yetişdi. Qaçmaqda olan gürcü qoşununun qabağını Şəmkirdə, Şəmsəddinlidə və Qazaxda kəsib çox adam tələf etdi. Hacı Çələbi Baydar torpağında səngər qazdırdı. Oğlu Ağakişi bəyi Tiflisdən bəri yaşamaqda olan müsəlmanlara hakim və hökmran təyin etdi. Xanları da öz vətənlərinə göndərdi. Özü qayıdıb Şirvana gəldi. Ağakişi bəy isə, üç il o nahiyələrdə hakim oldu. Axırda vali Gürcüstandan, Başaçıqdan (İmeretiyadan) və hətta Çərkəzistandan çoxlu qoşun və dəniztək cuşa gələn saysız ordu topladı, Ağakişi bəyi dəf etməyə gəldi. Ağakişi bəy bu xəbəri və bu hadisəni eşidincə, qarşı dura bilməyəcəyini görüb qaçdı. Vali qoşununun qabaq dəstələri Tovuz çayında ona yetişdi. Müharibədə onun adamlarından bir neçə nəfər əsir düşdü. Özü isə sağ-salamat Şəkiyə gəldi. Valinin qoşunu oradan Xudafərin körpüsünə qədər getdi. Qayıtdıqları zaman Gəncə və Qarabağın bir çox yerlərini qarət etdilər.

 

Altıncı fəsil
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR