Mirvarid Paşa qızı Dilbazi - azərbaycanlı şairə, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü,…
Mirvarid Dilbazi (tam adı: Dilbazi Mirvarid Paşa qızı) — azərbaycanlı şairə, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1976), Azərbaycanın ilk qadın Xalq şairəsi (1979). “İstiqlal” ordeni ilə təltif olunub (1997).
XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri - Xalq şairi Mirvarid Dilbazi 70 ildən artıq yaradıcılıq yolu keçmiş, lirikamızın rəngarəng və kamil nümunələrini yaratmışdır. Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazaxrayonunun Musaköy (indiki Xanlıqlar) kəndində anadan olmuşdur. APİ-nin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil almışdır (1929). İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində çalışmışdır.
"Qadınların hüriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilmişdir. Bu dərgidə, o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şeirləri dərc olunmuşdur. Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutmuşdur. Bu illərdə şairənin yeddi kitabı çap olunmuşdur ki, bunların altısı Vətən müharibəsinə həsr edilmişdir. "Məhsəti" (1945), "Əlcəzairli qız" (1961), "Partizan Aliyə" (1972) poemalarının müəllifidir.
Şairin "Məhsəti" poeması süjetinin genişliyi,məzmun zənginliyi baxımından seçilən əsərlərindəndir. "Məhsəti" poeması məşhur rübai ustası M.Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir. "Əlcəzairli qız" əsəri real faktlar əsasında yazılmışdır. İkinci dünya müharibəsindən sonra Şərqdə genişlənən azadlıq hərəkatı, müstəmləkəçiliyə qarşı mübarizə yeni mərhələyə daxil olmuşdur. Bu illərin siyasi mənzərəsini diqqətlə izləyən şairə Əlcəzair hadisələrinin mərkəzində dayanan Cəmiləni və onunla bağlı azadlıq hərəkatını poeması üçün mövzu seçmişdir.
M.Dilbazinin şeirləri yalnız mövzu rəngarəngliyi ilə deyil, həmçinin forma müxtəlifliyi və fikrin bədii ifadəsi baxımından da yetkin sənət nümunəsi səviyyəsinə qalxmış, şeir xəzinəmizi zənginləşdirmişdir. M.Dilbazinin 70-80-cı illərdə "Bənövşələr üşüyəndə" (1970), "Ana qanadı" (1972),"Dağ çiçəyi" (1977), "Yasəmən fəsil", "Seçilmiş şeirlər" (1979) şeir kitabları və nəhayət, 3 cilddə "Seçilmiş əsərləri" (1982-84) çap olunmuş, ona Azərbaycanın Xalq şairi fəxri adını qazandırmışdır
Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəsləmişlər.
Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin"İppolit" faciəsini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.
2001-ci il iyulun 12-də vəfat etmişdir.
Mükafatları
- İki dəfə Şərəf Nişanı ordeni— 31.01.1939; 09.06.1959
- "Qırmızı Əmək Bayrağı"— 17.08.1982
- "Əmək igidliyinə görə" medalı
- "İstiqlal" ordeni
- Azərbaycan SSR xalq şairi — 23.02.1979
Kitabları
Müharibəyə qədər işıq üzü görən kitabları
- Bizim səsimiz 1934
- İlk bahar 1937
Müharibə mövzusuna həsr olunmuş kitabları
- Döyüş mahnıları 1941
- Kamal 1942
- Ağarzayev 1942
- Neft 1942
- Vətən eşqi 1942
- Qoçaq ataların qoçaq övladlarına 1942
- Xatirələr 1945
Sonrakı dövrlərdə çap olunan kitabları
- Sənətkarın xəyalı 1948
- "Seçilmiş şerlər" 1957
- Məhəbbət bizimlə qoşa doğulur. Bakı: Gənclik, 1959, 227 səh.
- Şerlər. Bakı: Azərnəşr, 1962, 22 səh.
- Xatirələr olan yerdə 1964
- Həyat lövhələri 1967
- Bənövşələr üşüyəndə 1970
- Ana qanadı (şeirlər, poemalar və hekayələr). Bakı: Gənclik, 1972, 489 səh.
- Yasəmən fəsli 1976
- Dağ çiçəyi. Bakı: Gənclik, 1977, 320 səh.
- Seçilmiş əsərləri (üç cilddə) 1981-1983. Bakı: Yazıçı, I cild, 324 s.; II cild, 336 s.; III cild, 218 səh.
- Qar çiçəkləri (şeirlər, poemalar, pyeslər). BakıI Gənclik, 1984, 280 səh.
- Durnalar ötüşəndə. Bakı: Yazıçı, 1989, 272 səh.
- Çiçəkdən-çiçəyə. Bakı: Gənclik, 1991, 287 səh.
- Seçilmiş əsərləri. Bakı: Lider, 2004, 278 səh.
Uşaqlar üçün yazdığı kitablar
- Nağıllar 1940
- Şerlər 1951
- Kiçik dostlarıma 1956
- Gülbahar 1957
- Yaz gəlir (Bahar nəğmələri) 1968
- Lalənin ağacları 1970
- Abşeron bağlarında (hekayələr, kiçik və orta yaşlı məktəblilər üçün). Bakı: Gənclik, 1984, 96 səh.
Rus dilində əsərləri
- Вспоминаю вас (стихи). Баку: Азернешр, 1964, 51 стр.
- Яблоневая ветка. Москва: , 1965, 151 стр.
Yaradıcılığı
Xəstəxanada
Dörd divar,
Bir tavan,
Bir döşəmə.
Bir də
Ürəyimdə sıxıntı,
Kədər.
Sabahı gözləyən ümidlər...
Sabahım da bu günümə bənzəsə əgər?..
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət