Mirkazim Nikbin - Tək olan yaranmış nəticə verməz
İtərmi sanırsan çəkdiyin əmək,
Kamillər dünyadan vəfa gözləməz.
Məyus etməz məni heç kim özüm tək,
Ruhum özgələrdən şəfa gözləməz.
İnan ki ehtiyac duysan bir şeyə,
Allahdan qeyrisi ehsan eyləməz.
Haqqa tərəf durub uduzdum deyə,
Üzülmə, Yaradan peşman eyləməz.
Ürəkdən bağlanıb, ruhunla yanma,
İnanıb aldanıb, küsməyə dəyməz.
Heç kəsi dünyada havadar sanma,
Özgə nəfəsiylə əsməyə dəyməz.
Nankora yaxşılıq etsən düşünmə,
Xaliq bilsə bəsdir hər balıq bilməz.
Heç nəyin ardına düşüb sürünmə,
Nəfs əqli qul edər, ruh yazıq bilməz.
Ölsəm bağışlayın deməyə insan,
İnsan tapmayırsa ölüdür bilməz.
Hər bir kəs ibadət eyləyən zaman,
Tanrıyla danışan özüdür, bilməz.
Bədbəxtlik axtarma dunya qəmdədi,
Haqq ilə yaşayan xoşbəxtlik görməz.
Allahdan qeyrilər daim cəmdədi,
Tək olan yaranmış nəticə verməz.
Dünya istəkləri aldadar bizi,
Ömür çox qısadır, insana yetməz.
Sevən hər bir kəsin bükülər dizi,
Əyilər qaməti canana yetməz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət