Dərc edildi: Baxış sayı: 638
Mirkazim Nikbin - Suallar
Dünya nədir? – insan üçün məzarlıq,
İnsan kimdir? – şüurlu canlı varlıq,
Suallar çox cavablarsa yarımcıq,
Hər şey sirrli, yoxdu burda aşkarlıq.
Həyat nədir? – heç kim bilmir qaranlıq,
Ömür nədir? – sevinclə qəm bir anlıq,
Sual qısa, cavab qısa, xülasə,
Buna səbəb təcrübəsiz cavanlıq.
Ürək nədir? – həm yandıran, həm yanan,
Ağıl nədir? – düşündürən, anladan,
Bilməmək yox, öyrənməmək ayıbdı,
Yeni sual doğur hər bir sualdan.
Sevinc nədir? – dərdi qəmi unutmaq,
Kədər nədir? – dünyanı yada salmaq,
Hər ikisi ömrə naxış vurandı,
Ağlamasan ləzzət verməz şad olmaq.
Sevgi nədir? – cahanı canan edən,
Nifrət nədir? – İnsanı şeytan edən,
Bunlar qəlbdə əbədidi, bitməzdi,
Təmiz qəlbdi insanı insan edən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət