Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Ömür

Mirkazim Nikbin - Ömür
Sakura

Mirkazim Nikbin - Ömür

Necə mürəkkəbdir bu insan ömrü,
Yaşayanda odur, öləndə odur.
Bu ömür taledən, qismətdən aslı,
Ağlayanda odur, güləndə odur.

O bir xətt boyunca hərəkət edir,
Dayanır, düşünür bir də qət edir,
İnsanlar ömürdən çox söhbət edir,
Dinləyəndə odur, dinəndə odur.

Ömür mənalanır yaşa dolduqca,
Yaşa fikir vermir kamal olduqca,
Ömür qiymətlənir gülü solduqca,
Alışanda odur, sönəndə odur.

Ömrün bircə rəngi min çaları var,
Sevincinə uyğun çox azarı var,
Ömrün ilk beşiyi son məzarı var,
Bugünündə odur, dünəndə odur.

Sirri məlum deyil, gizlidir hələ,
Ömür sirrlərini verməyir ələ,
Məchuldur əzəldən bizlərə belə,
Görünəndə odur, görəndə odur.

Çaylara, sellərə bənzəyir ömür,
Şam təki alışır, əriyir sönür,
İnsanla yaşayır, insanla ölür,
Dayananda odur, gəzəndə odur.

Hər şeydir dünyada ömür insana,
Sığdırıb bu ömrü Tanrı zamana,
Zamanda aiddir bu dar məkana,
Dostun odursada, düşməndə odur.

Dünya əbədidir, ömür ötəri,
İnsanlar cahanda qonaq, köçəri,
Həyat ömrə bənd edir hər nəfəri,
Sevdirəndə odur, sevəndə odur.

Bir ömür bir əsim külək kimidir,
Könüllərdə yatan dilək kimidir,
İnsanlarla dolu ələk kimidir,
Ələyəndə odur, ələnəndə o.

Ömür müəllimlik eyləyir bizə,
Sonadək bağlıyıq bir-birimizə,
Doğrudan layiqdir o sevgimizə,
Öyrədəndə odur, öyrənəndə o.

Mirkazim ömründən narazısanmı,
Yoxsa, səndə tale, bəxt, yazısanmı,
Ömür yollarında de azırsanmı,
Tapılanda odur, itəndə odur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR