Dərc edildi: Baxış sayı: 1085
Mirkazim Nikbin - Neyləsin
Dünya başdan başa xəstəliksədə,
Sağlam qalmaq üçün insan neyləsin.
Həyat daşdan-daşa çətinliksədə,
Cəmiyyət günahkar, zaman neyləsin.
Həyat lüğətində asan sözünə,
Rast gələ bilmədim düşdüm izini,
Qalxdım dağlarına, endim düzünə,
Mən tapa bilmədim, nadan neyləsin.
Alıb aldatmaqdı dünyanın işi,
Doğrudan yalana gedir gərdişi,
Fələyin kələkdir bizə bəxşişi,
Oyaq aldanırsan, yatan neyləsin.
Namərdlər əlindən mərdə yer yoxdu,
Dərd fincanı daşır dərdə yer yoxdu,
Doğruya, düzgünə yerdə yer yoxdu,
Min şeytana qarşı bir can neyləsin.
Xarabdır əzəldən dünyanın barı,
Haramdır yığdığı dövləti, varı,
Nədir insanların bəs onda karı?,
İnsanlar bilmirsə, cahan neyləsin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət