Dərc edildi: Baxış sayı: 628
Mirkazim Nikbin - Məndə
Qıy vuran qartallar yox oldu getdi,
Bir göz qırpımında dumanda, çəndə.
Qəhrəman doğulmaq lazımmış məyər,
Qəhrəman olmağa çalışdım məndə.
Elə hey döyüşdüm özüm özümlə,
Dünyadan dönmüşəm gülər üzümlə,
Mən nələr görmüşəm bu kor gözümlə,
Görsən o dəhşəti dönərdin səndə.
Axı mən nə deyim nadan insana,
O ki qiymət vermir candan yanana,
Naşükür heç zaman gəlməz imana,
Xoş gündə kim olar Allaha bəndə?.
Nə heç vaxt unutmaz, nə bağışlamaz,
Cahil kinli olar, rahat yaşamaz,
Kamil bağışlayar amma boşlamaz,
Aldanmaz saflıqdan düşdüyü fəndə.
Nikbin dərdli yaşa, dərdə həmdəm ol,
Doyunca sevinmə, sevincdən kəm ol,
Ruhunla əqlinlə cismində cəm ol,
Çünki şeytan olar yalnız bədəndə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət