Dərc edildi: Baxış sayı: 924
Mirkazim Nikbin - İnsanlar
Dərdsiz insan varmı görən dünyada,
Hərə öz dərdinə dərman axtarır.
İnsanlar dünyaya gəldiyi gündən,
Nəyisə durmadan hər an axtarır.
Hər gün yeni kəşflər, yeni icadlar,
İnsanı dünyaya lap sıx bağlayır.
Hər yeni kəşflərin verdiyi dərdlər,
Bizi düşündürür, bizi dağlayır.
İnsanlar hər şeyi bilmək istəyir,
Bu maraq onları tələf eyləyir.
İnsanlar daima gülmək istəyir,
Bu da bizi qəmə hədəf eyləyir.
İnsanlar özünü düşünür ancaq,
Özgələr heç ona maraqlı deyil.
İnsanlar kölgəsiz söyüdə bənzər,
Hayıf onlar enli yarpaqlı deyil.
Kədərdə ağlayıb, sevincdə gülüb,
İnsanlar həyatda ömür eyləyir.
Yaxşılıq edəni tezcə unudub,
Yamana ölüncə ləhnət söyləyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət