Dərc edildi: Baxış sayı: 516
Mirkazim Nikbin - Həqiqət günü
Karlar eşidəcək, korlar görəcək,
Lallar dillənəcək qiyamət günü.
Hər canlı sonundan başa dönəcək,
Hər kəs oyanacaq həqiqət günü.
İnsanlar dünyada düzlük axtarır,
Soruşsan əyriyə hər kəs pis baxır.
Əyrilər kim üçün yandırır, yaxır,
Pərdələr qalxacaq müsibət günü.
Maskalar düşəcək bir-bir üzlərdən,
Hər kəs tanınacaq qalan izlərdən,
Kim ki bizdən deyil olub bizlərdən,
Onlar seçiləcək bəsirət günü.
Bezmişəm bu saxta dünyandan Allah,
Ruhum savab istər, cismimsə günah,
Bilinməz olanlar bilindikcə ah,
Görürəm yaxındır səadət günü.
Gözləmək gözümə qara salıbdır,
Düşünmək əqlimi başdan alıbdır,
Mən bədbəxt Nikbinəm, ümid qalıbdır,
Hər şey düzələcək vəsiyyət günü.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət