Mirkazim Nikbin - Hanı?
Bir vaxtlar səninlə birgə döyünən,
Könül söylə görüm o yarın hanı?.
Bir vaxt səni sevən, səni düşünən,
Riyakar sevgilin, nigarın hanı?.
Onu mənə seçən elə sən oldun,
O andan sən mənə bil düşmən oldun,
Həsrətlə barışıb, dərd çəkən oldun,
Söylə məhəbbətin, ilqarın hanı?.
Deyirdin günümüz olacaqdır ağ,
Onunla birlikdə aşacağam dağ,
Sən eşq diyarında bəsləyirdin bağ,
Payızdır, yığılan de barın hanı?.
Çox şeylər itirdin sevgi yolunda,
Pərvanə tək döndün sağ həm solunda,
Daha qaymayıbdır qüvvət qolunda,
Könül bu sevdadan yox karın, hanı?.
Nə oldu məhəbbət, o ölməz sevda,
Yoxsa qərq eylədin dərin dəryada,
Deyirdin ölərəm yarsız dünyada,
Bəs onda yatdığın məzarın hanı?.
Ey könül aldandın bir şeytan qıza,
Boş yerə özünü verdin güdaza,
Əgər sən bu qışdan çıxsan xoş yaza,
Deyəcəm çiçəyin, nübarın hanı?.
Mirkazim könlümü eyləginən ram,
Ağlınla könlünə verginən ilham,
Eşit gör mən səndən nə soruşuram,
Könül ağıl təki sərdarın hanı?.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət