Mirkazim Nikbin - Gülüm hardasan?
Gözlərimdən axan qanlı yaşları,
Nə vaxt siləcəksən, gülüm hardasan?.
Sənin həsrətinlə solan halımı,
Nə vaxt görəcəksən, gülüm hardasan?.
Yaşananlar getməz heç vaxt gözümdən,
Alıb aparmısan məni özümdən,
Çəkdiyim əzabı duyub sözümdən,
Nə vaxt böləcəksən, gülüm hardasan?.
Dağlarda götürməz çəkdiyim ahı,
İstəmirəm sənsiz açam sabahı,
Ayrı olmağımız kimin günahı,
Tənha gəzəcəksən, gülüm hardasan?.
Bir dəfə görünüb yoxa çəkildin,
Könlümün başında bitdin, əkildin,
Səni sevdiyimi ilk gündən bildin,
Cavab deyəcəksən, gülüm hardasan?.
Bil ki, bu dünyada yox elə insan,
Mənim qədər sənə fəda edə can,
Səni sevəcəyəm sənsiz də inan,
Bir vaxt biləcəksən, gülüm hardasan?.
Gözəlim xəyalın gözümdən getmir,
Hara azdırıram yenədə itmir,
Sevmirəm deməklə bu işlər bitmir,
Qəmdən bezəcəksən, gülüm hardasan?.
Ağlar qoydun gözlərimi bu yaşda,
Ürək səksəkədə, sənsiz təlaşda,
Mirkazim hazırdı məzarda, daşda,
Nə vaxt gələcəksən ölüm hardasan?.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət