Dərc edildi: Baxış sayı: 723
Mirkazim Nikbin - Eyləyir
Gözlərim-gözümdən uzaq düşəndən,
Ürək sənsizlikdən fəğan eyləyir.
Sevgilim xəyalın həmdəmdi mənə,
Həsrət ürəyimi talan eyləyir.
Hicrandan əyilir səbrimin beli,
Ağarır başımda məhəbbət teli,
Xəbərdar edirəm mən bütün eli,
Ayrılıq insanı yaman eyləyir.
Dözmür sənsizliyə bu ürək ey yar,
Uşaq tək ağlayar macal versə ar,
Bu böyük kainat sənsiz ona dar,
Həsrətin dünyamı zindan eyləyir.
Sən məndən uzaqsan, mən səndən uzaq,
Ümüd xəyallara qalıbdır ancaq,
Sənsiz sevən qəlbə şənlənmək yasaq,
Yoxluğun cahanı yalan eyləyir.
Deyirlər nə qədər çox çəksən həsrət,
O qədər də artar qəlbdə məhəbbət,
Sevgilim sevgimiz çoxalır əlbət,
Eşqin baş beynimi duman eyləyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət