Dərc edildi: Baxış sayı: 811
Mirkazim Nikbin - Eylə
Gəl həsrət odunda yandırma məni,
Sönməz atəşindən çək, uzaq eylə.
Çəkinmə söhbət aç, dərdi-qəmindən,
Məni ürəyinə sən qonaq eylə.
Nazlı yar qəlbimə tər çiçəklər ək,
Ətrindən ruhlansın canlansın ürək,
Bizi ayırmasın qoy çərxi fələk,
Tanrım yolumuzu bir, calaq eylə.
Sən mənə cavab ver ey gözəl dilbər,
Necə qəlbimdəsən yadsansa əgər?,
Sən mənə yaxınsan doğmalar qədər,
Fikrini mənimlə böl ortaq eylə.
Mirkazim sevmisən bülbül tək gülü,
Sadiqlikdir eşqin möhkəm özülü,
Ey gözəl sındırma sevən könülü,
Məni qəfəsə sal, tut dustaq eylə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət