Dərc edildi: Baxış sayı: 626
Mirkazim Nikbin - Çox
İlk əvvəldən seçməlisən yolunu,
Bu dünyanın əyrisi çox, düzü çox.
Hərdən düşünərsən tanıdım artıq,
Bilən bilir, bilinməyən üzü çox.
Sanma qulaqsızdır, eşitməz kardır,
Sanma çox genişdir, sonsozdur vardır,
Dünya bir məzar tək köndələn, dardır,
Hər bir kəsi izləməyə gözü çox.
Sınadıqca o səbrini çoşarsan,
Yedəyinə dərd kədəri qoşarsan,
Yaşadıqca yanılarsan, çaşarsan,
Hər suala cavabı çox, sözü çox.
Bu dünyanın səfasına qanarsan,
Qısa ömrü sən əbədi sanarsan,
Yaşadıqca dünya üçün yanarsan,
Sovuşduqca odlamağa közü çox.
Çərxin şeytan döndərdikcə fələyin,
Ələndikcə heç boşalmaz ələyin,
Keçmişlərdə tarix olar köməyin,
Gələcəyi düşündürər bizi çox.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət