Dərc edildi: Baxış sayı: 794
Mirkazim Nikbin - Bacarmaq olmur
Həsrətin sacılıb qəlbimə ey yar,
Sapsız xəncər kimi çıxarmaq olmur.
Sən özün itirsən mən itirmirəm,
Arıma sığdırıb axtarmaq olmur.
Gözəllər içindən seçmişəm səni,
Bəxtimə naxış tək çəkmişəm səni,
Bir gülsən bağıma əkmişəm səni,
Ətrinə valehəm qoparmaq olmur.
Sənsən cismimdəki ruhun qanadı,
Qəlbimdə yaşayan sevginin adı,
Bu eşqin vüsalı söylə hardadı?,
Axtarış işini qurtarmaq olmur.
Fikrimdə sən varsan, qəlbimdə sevgin,
Düşüncəm calanır yaxşıya nikbin,
Bilmirəm bu ürək bəs nədən əmin?,
Eşqi qəlbdən-qəlbə aparmaq olmur.
Mirkazim çətinlik gəldi-gedərdi,
Qarşılıq olmayan sevgi hədərdi,
Sevib sevilməmək böyük kədərdi,
Ürəyə əmr edib, bacarmaq olmur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət