Dərc edildi: Baxış sayı: 720
Mirkazim Nikbin - Ağlaya biləsən, Mən gülən zaman
Bir zaman mənimlə danışan gözəl,
İndi niyə susub, lal olmusan lal.
Bir zaman eşqimdə alışan gözəl,
Kül olub sovruldu böyük ehtimal.
Səninçün yazdığım o gözəl sözlər,
Özgə yaddaşlarda, dillərdə qaldı.
Sənin yollarına saldığım izlər,
Ötən fəsillərdə, illərdə qaldı.
O mavi gözlərin aldatdı məni,
Saldı məhəbbətin dolanbacına.
Həsrətin qürbətdə ağlatdı məni,
Baxmadı ürəyin ehtiyacına.
Bir şeyi unutma sən dəqiq bil ki,
Səni sevəcəyəm hər kəsdən pünhan.
İndi mən ağlayım, sən danış gül ki,
Ağlaya biləsən mən gülən zaman.
Qədrini bilmədin saf məhəbbətin,
Sənə aşiq olan təmiz ürəyin,
Səni yandıracaq bu hərəkətin,
Solacaq açılmış hər bir ləçəyin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət