Slimfit
  1. ƏDƏBİYYAT

Mir Mehdi Xəzani - Kitabi-tarixi Qarabağ/On doqquzuncu fəsil

Mir Mehdi Xəzani - Kitabi-tarixi Qarabağ/On doqquzuncu fəsil
Sakura

Mir Mehdi Xəzani - Kitabi-tarixi Qarabağ/On doqquzuncu fəsil

PAREYİ-SƏBƏBLƏR Kİ, FƏTƏLİ ŞAHIN

İBRAHİM XANDAN PƏNCİDƏLİYİNƏ
BAİS OLDU VƏ ARADA MÜNAZİƏ

ƏMƏLƏ GƏLDİ. ONLARI BƏYAN EDƏR

Əvvəla, bir səbəb bu idi ki, İbrahim xan tamam ömründə sədaqəti-qəlb və ixlasi-kamil ilə İran şahına müti olmadı. Səmimi-xatir ilə itaət qılmadı. İkincisi, İran padşahı Ağa Məhəmməd şah kimi sahibi-İran burada məqtul olundu. Dərya xəzinəsi bu yerdə batdı ki, onun müqabilində Qarabağdan və Qarabağın xanı İbrahim xandan İran dövlətinə onda bir və mində bir qədər xeyir hasil olmadı. Bəlkə hər zaman zəhmət və qəramətlər yetişdi. Salisən İbrahim xan bir vasitə və dostrəs tapan vaxtda bitəvəqqüf və ehmal Rusiya dövlətinə qayibanə ixlas bəsləyib, heç bir mərhəmət o dövlətdən hənuz görməmiş, ona meyil və rəğbət göstərmişdi. Onu da anlayıb və bilmişdilər. Dördüncüsü, Fətəli şahın vaqedə mərhum İbrahim xana görə qayətdə çox məhəbbət və mərhəməti var idi ki, onun qızı Ağabəyim ağanı öz hərəmxanasında banuyi-hərəm eləmişdi. Oğlu Əbülfət xanı öz hüzurunda tərbiyə edib, əzizləmiş və möhtərəm qılıb, müqərrübül-Xaqan və əmirül-ümərayi-İran və məsahib və mərhəmi şah eləmişdi. Qarabağ vilayətindən heç bir zərrə və bir dinar tama və təvəqqə etməyib, əlavə Qaradağ vilayətinin təmam mədaxilini İbrahim xana vagüzar etmişdi. Bundan masava yenə hər ildə o ki lazımdır, öz
tərəfindən əsb və şəmşir və xələt və ənamlar və mərhəmətlər mərsul medərdi. Dəxi Qarabağ bəylərindən və əhllərindən hər kimsə ki, onun yanına getmişdilər təmamisinə izzət və hörmət və mənsəb və məva-ciblər verib, sahibi-ənamına külliyə eləmişdi. Tamam hamı bunlar ilə yenə İbrahim xan ona meyli-qəlb etməyib, sədaqəti-kamil ibraz etməzdi. Bir dəxi Qarabağın quldurları bir para nadanlığa görə mərhum xandan xəlvət gedib quldurluğa, Gəncə şəhərində olan Rusiya qoşununun ərradə və top atanlarını qovub gətirmişlərdi. İbrahim xan xəbərdar olub, o quldurlara acığı tutub, əzim basxast onlara elədi. Atları dəxi cəm etdirib, sərdar Sisianov tərəfindən şul zamanda elçiliyə gələn mayor Dimitri Lisaneviçi halı edib, o da sərdara məlum etdi. Sərdarın əmri ilə Gəncə böyüyü polkovnik Gulugin hüzuruna göndərdi. Amma əgər İran təvabelərinin dərya qarəti Qarabağa gəlsəydi, bir həbbə rədd etməyə meyli olmazdı. İbrahim xanın dəxi Rusiya dövlətinə itaət etməyinə ümdə səbəblərdən bais bu idi ki, Ağa Məhəmməd şah Qarabağa gələndə, xan tamam övlad və əqrəbaları və qohumları ilə qaçıb ki, Balakənə getdi. Vilayət təmam əfsurdə və aclıq və çox pərişan və xarab oldu. Xalqın çoxu qeyri vilayətlərə dağılıb, pərakəndə oldular. İbrahim xan dəxi sonra Dağıstandan və Balakəndən ki, qayıdıb gəldi. Camaat hamı müqəşvəş və əfsurdə olmuşdu. Övzadan və mədaxildən düşüb, dağılanı dağılıb və qalanları dəxi nimcan və pərişan olmuşdular. Ətraf vilayətlərin xanları dəxi ayaqlanıb, Şəki və Şirvanın xanları və qeyrilər ədavət və düşmənlik başladılar. Xanın calal və şövkəti bir az kəsr və qüsur hasil elədi. Əlavə, xanın özü qoca və müsini olmuşdu. Övladı və oğlanları dəxi bir-biri ilə ədavət başladılar. Qarabağda nifaqlıq vaqe olub İbrahim xanın hökmü dürüst cari olmadı. Xüsusən bir para şərir adamlar ara-lıqda şeytanlıq edib, İbrahim xan ilə öz böyük oğlu Məhəmmədhəsən ağanın arasına və Mehdiqulu ağa və Xanlar ağanın aralarına küdurət və iğtişaş saldılar. İbrahim xanı Məhəmmədhəsən ağadan dilxor və rəncidə elədilər. Cəbrayıllı tayfası ki, Vərəndə mahalında bir böyük eldir və Məhəmmədhəsən ağanın anasının qohumları olan ümdə bəyləri var idilər. Məhəmmədhəsən ağaya itaət edib, İbrahim xanın əmrinə müti olmadılar. Bu gunə işlər çox baisiküdurət oldu. Hərçənd mərhum xan iradə elədi ki, Mehdiqulu ağa və Xanlar ağa ittifaq olub Məhəmmədhəsən ağanın hökmünü və rütbəsini aşağı salalar və cəbrayıllı camaatını dəxi bir növ (sakit) edib, ondan kənar və uzaq edələr ki, İbrahim xana dürüst müti olalar. Amma Mehdiqulu ağa və Xanlar ağa Məhəmmədhəsən ağa ilə bihörmətlik etməyə razı olmadılar ki, İbrahim xan yaşlaşmışdı. Məhəmmədhəsən ağa sayılan və sahibihörmət və sahibi-əql və rəftar və fərasətli və kamallı və sahibi-ədəb və adab və qırx yaşına yetmiş və təcrübə etmiş və hamı vilayətlərdən ümdə mötəbər və sahibi-tədbir hesab olunan idi. Məhəmmədhəsən ağanın vücudu ilə onlar və sair övlad və qeyrə xəlaf hərəkət etməyə məqdur ola bilməzdi. Pəs İbrahim xan, xəlvət oğlu Əbülfət xana ki, Fətəli şah hüzurunda əmiriül-üməra hesab olmuş idi, adam göndərib və sifariş edib, dəvət elədi ki, şahdan mürəxxəs olub Qarabağa gəlsin ki, ona məsləhətlərim var. Çünki Fətəli şah dəxi imperaruri-əzəmdən ki, sərdarı Tiflisdə idi, ehtiyat edirdi ki, İbrahim xan Rusiya tərəfinə getməsin. Elçilər və adamlar İbrahim xan ilə sərdarların arasında gəlib-getməyi dəxi eşitmişdilər. Fətəli şah Əbülfət xanı beş min qoşun ilə Qarabağa İbrahim xanın yanına məmur elədi. Çox giran ənam və mərhəmətlər ilə ona göndərdi ki, İbrahim xanın inaət və köməyinə iqdam edə. Onun hüzurunda vəkil və naib kimi olub, dəxil və təsərrü edənləri, xüsusən Məhəmmədhəsən ağanı, bir para Qarabağın bəyzadələri ilə Fətəli şahın hüzuruna rəvanə edə. Nə qədər ki, İbrahim xan hali-həyatdadır, onun xidmətində olub, Qarabağda heç bir iş Əbülfət xanın səlah didindən xaric olmaya. Pəs Əbülfət xan sərhədi-vilayətə gəlib, Fətəli şahın bu gunə səlahdidin atası İbrahim xana hali elədi. Xan dəxi bir para işlərə və övladından küdurət etməyinə görə əvvəl hər-çənd bu əmrə razı olmaq istədi, amma sonra oğlanları Məhəmmədhəsən ağa və Mehdiqulu ağa və Xanlar ağa hər üçü ittifaq olub, əzbəski, Əbülfət xan bir ədna olan övrətdən olmuşdu və həmə vaxt Qarabağda olanda Məhəmmədhəsən ağaya və Mehdiqulu ağaya nökərlər rəftarı kimi xidmətlər qılmışdı. Onun şöylə vəkil və sahibi-ixtiyar olmağına razı olmayıb, İbrahim xanı nikul və təğyir elədilər. Əbülfət xanın dedikləri kəlamatın əksinə rəftar və əməl başladılar. Xan dəxi Fətəli şahın bir para təklifatını xoşagəlməz bilib dübarə Əbülfət xana yazdı ki, qayıtsın və Qarabağ torpağına gəlməsin. Əbülfət xan əhvalatı bu növ görəndə bildi ki, tədbirlər qardaşlarınınkıdır. Dəxi atasının əmrini qəbul etməyib iki nəfər xan dəxi, şahın əmri ilə həmrah götürmüşdü. Beş min dəxi Qızılbaş qoşunu əmrində idi. Əvvəl Qarabağın Zəngəzur və Qapanat mahalatına daxil olub, hər kənddə və hər qəryədəki xanın və Məhəmmədhəsən ağanın və Mehdiqulu ağanın və sair bəylərin və ağaların darğa və nökərləri var idi çıxarıb və məzul etdi. Özü əlavə nökər və darğa kəndlərə qoydu. Tamam məlikləri və kəndxudaları hüzuruna cəm edib, xələt və bərat verib, özünə müti və münqad elədi. Qapan və Çuldur və Günay mahallarına tamam malik olub, ta Bərgüşad çayınadək mütəsərrüf oldu. Çayda ordu edib oturdu. Hərçənd İbrahim xan bu cür hərəkət-lərdən onu mən edib mükərrər adamlar göndərdi ki, bu gunə əməlləri tərk etsin və ya qayıdıb getsin və ya mənim yanıma gəlsin. Necə məsləhət desəm, şöylə eləsin. Əbülfət xan baxmayıb və qulaq asmayıb hökumət iddiasının əlamətlərini zahil eylədi. Bir para bəylərdən ki, onun qohumları idilər Mirzə Əlibəyi və Fazil bəyi ki, ümdə bəylər və övlad və əqrəbaları çox və İbrahim xanın əmizadələri və Qarabağ vilayətində ümdə və zübdə hesab olunan şəxslər idi. Hərçənd, zahirən xandan, Məhəmmədhəsən ağadan və Mehdiqulu ağadan və Xanlar ağadan ehtiyat edib Əbülfət xana aşikar yardım və kömək izhar edə bilməzdilər. Amma batinən onun istiqlalına kömək etməyə və himayət etməyə çalışırdılar. Mirzə Əlibəyin əmisi qızını Əbülfət xan alıb övrət eləmişdi. Şuşa qalasında olurdu. Əbülfət xan Bərgüşad mahalında ordu eyləyib oturdu. Qarabağın tamam ilat və kəndlilərini öz yanına dəvət edib, ziyadə məğrurluq başladı. Axır İbrahim xan oğlanları Məhəmmədhəsən ağa və Mehdiqulu ağa hüzurunda qoşun bina edib, Əbülfət xana müqabil getməyə məcbur oldular. İbrahim xan ilə Məhəmmədhəsən ağa Dizaq mahalının Tuğ kəndinə gəldilər. Mehdiqulu ağa və Xanlar ağa xandan mürəxxəs olub Zəngəzur mahalına tərəf əzm eylədilər. Xanlar ağa öz müqərrəbi və ixtiyarı olan Əhməd ağa ilə Qaraçurlu və Hacısamlı kürdlərinin mahalına daxil olub, Mehdiqulu ağa dəxi özünün mötəbidi və müqərribləri Rüstəm bəy və Uğurlu bəy və s. rəşid nökərləri ilə hərəkət etdi. Qasım bəy, Rüstəm bəyin atası ki, bir sahibi-tədbir, rəşid və kardan adam idi, Diq və Gorunzur kəndlərində olurdu, Əbülfət xana itaət etməmişdi. Mehdiqulu ağanı Diq və Gorunzur kəndlərinə daxil edib, üç yüzdən ziyadə tüfəngçi adamlar ilə möhkəmləşib möhkəm məkanda oturub və Xəzzək kəndinin kuxasına ümid və nəvad verib, Əbülfət xandan rukərda edib öz hüzuruna gətirdi. Mehdiqulu ağa dəxi Uğurlu bəyi neçə atlı ilə göndərib, Əbülfət xanın Xəzzək kəndində qoyduğu bəyləri tutub, at və əsbablarını alıb və özlərini dustaq elədi. Bu xəbərlərdən Əbülfət xan müstərib olub, sürət ilə Dizaq mahalına əzm eylədi. Məqsudu bu oldu ki, İbrahim xanın və Məhəmmədhəsən ağanın hənuz cəmiyyətləri güc toplamamış gəlib Tuğ kəndində Məhəmmədhəsən ağanı tutub və İbrahim xanı dəxi bidəxil edib, gəlib Şuşa qalasına daxil ola. Əcəb batil fıkirlər və biəsl xəyallar eləmişdi ki, heç ola bilməzdi. Ol vaxtda İbrahim xanın və Məhəmmədhəsən ağanın yanında ancaq iki yüz nəfər atlı və piyadə ola bilərdi. Pareyi-bəylər dəxi onların hüzurunda var idilər ki, zahirən orada idilər. Amma batinən Əbülfət xanı istəyən idilər. Şayət Əbülfət xana dəxi onlar elam etmiş ola idilər ki, burada İbrahim xanın və Məhəmmədhəsən ağanın cəmiyyətləri kəm və özləri bixəbər və xatircəmdirlər. Gəlmək münasibdir. Və illa Əbülfət xandan bu gunə hərəkəti və ağılı qəbul etməz idilər. Əlqissə, bu əhval məlum olan kimi İbrahim xan və Məhəmmədhəsən ağa Mehdiqulu ağaya ki, Zəngəzur mahalında olurdu, kağız yazıb, təcili-təmam ilə istədilər ki, dörd-beş yüz atlı və piyada o səmtlərdən cəm edib, iki günədək buraya Tuğ kəndinə gəlməyəsiniz, işlər xarab olur. Qızılbaş qoşunu və Əbülfət xan Qarabağa və Şuşa qalasına təsəllüd tapacaqdır. Hətta Qasım bəy və oğlu Rüstəm bəy mərdanəlik edib və sədaqət göstərib, Xanlar ağa dəxi öz ixtiyarında olan Hacısamlı və Sultanlı xalqının atlı və piyadəsin cəm edib, Mehdiqulu ağa və Qasım bəy Diğ və Goruzur və Xəzzək və Qala dərəsi və müsəlman kəndlərinin rəşid və qoçaq rüfəngçilərindən yeddi yüzə yavuq atlı və piyadə cəm edib Rüstəm bəy və Uğurlu bəy və s. Mehdiqulu xanın nami və rəşid nökərləri ilə şul gecə vaxtı kamila kamalitəcil və sürət ilə Tuğ kəndinə İbrahim xanın və Məhəmmədhəsən ağanın yanına gəlib, hazır oldular. Haman vaxt idi ki, Əbülfət xan gəlib, Tuğ kəndinin iki ağaclığında Qızılqışlaq mənzilinə varid olmuşdu. Yanında külli və çox olan cəmiyyət və qoşun ki, o vaxtda məcmu, Qapan və Bərgüşad və Dizaq mahallarının kəndlərinin əhli və Dizaq, Cavanşir və Hacılı xalqı və hətta Cəbrayıllı bəyləri və əhlləri tamam ehtiyat və xofdan ki, məbada Əbülfət xan çapıb və qarət edə məcmusu onun yanında idilər. Əbülfət xanın təsəvvürü bu idi ki, İbrahim xanın və Məhəmmədhəsən ağanın hüzurlarında cəmiyyətləri yox və bəylərin dəxi aralarında nifaqlıq və əksərinin qəlbləri batinən ona maildir. Sübhdən gedib Məhəmmədhəsən ağa ya qaçıb Gəncəyə və ya Tiflisə gedər və ya tutulur və Qarabağ vilayəti təmamən əlində olur. Bu cür xəyalda amma bu əhvaldan xəbəri yoxmuş ki, Mehdiqulu ağa şöylə nökərləri ilə və şöylə zübdə və zirək-çevik qoşun və tüfəngçi ilə gecə gəlib Tuğ kəndində İbrahim xan hüzurunda hazır olublar. Pəs sübhdən Qızılqışlaqdan çıxıb, qoşunlarını dəstə-dəstə edib, nizam verib, cəmiyyəti-tamam və izdihamimalakamal ilə Tuğ kəndinin üstünə yollandılar. İbrahim xanın və Məhəmmədhəsən ağanın üsrünə, Allah, Allah, çəkib yürüşə başladılar. Əz qəza haman günü hava bulud və duman idi. Görməzdilər ki, Tuğ kəndində cəmiyyət nə qədərdir. Şul qədər gəldilər ki, bir verst qədəri kəndə qalmış, duman açılır. Əbülfət xan və qoşunu baxıb, Tuğ kəndində cəmiyyəti-küllü və kisrət və izdihami-kami görəndə müztərib-əhval olub, xəbər hasil edirlər. Məlum olur ki, o gecə Mehdiqulu ağa çox cəmiyyət və tüfəngçi ilə varid olub, döyüşə amadə vardılar. Pəs bu gunə gəlməkdə peşman olurlar. Amma peşmanlıq dəxi nə fayda edər. Xüsusən ki, çox iddia və qürur ilə gəlmişdilər. Dəxi labüdən qalıb davanı başladılar. Orada Əbülfət xanın iki nəfər adamını qətlə yetirdilər. Mehdiqulu xanın dəxi bir yaxşı məruf nökəri məftul oldu. Birisi dəxi zəxmdar olub gün məğribə yetişib, hava artıq soyuq oldu. Ramazan və orucluq ayı idi. Yer dəxi qar idi. Çox məğşuş oldular ki, soyuğun çoxluğundan əlləri iş tutmaq müşkül idi. Naçar haman yerdə bir kiçik dağın üstə qarın içində yerbəyerdən tökülüb, yüklərini açdılar və sübhə kimi burada qalıb, sübh tezdən köçmək binası etdilər ki, dala qayıtsınlar. Nagah Məhəmmədhəsən ağa və Mehdiqulu ağanın atlı və piyadə qoşunları əzmicəng edib, ətrafdan dava salıb və şənlik başladılar. Əbülfət xanın cəmiyyətinə hücum və həmlə qıldılar. Pəs Əbülfət xanın qoşunu şikəst tapıb, yerbəyer yüklərini töküb, qaçmağa başladılar. Bir tərəf dəxi öz yanlarından olan Cəbrayıllı və Hacılı və Cavanşir xalqı həm dönüklük edib, ümdə şikəstliyi onlar saldılar. Əbülfət xanın qatırxanası və sandıqxanası tədarükatı və sair xanların tədarükləri və qoşun əhlinin yükləri və ulağları təmamən qarətə gedib, Əbülfət xan bir neçə nəfər məxsus nökərləri ilə Araz tərəfinə fərari olub, əksər qoşunları isə əsir (oldu) və xanlar dəstgir olub, yüz nəfərə yaxın adamları qətlə yetişdilər. Qalan qoşunları dəxi soyulub və basılıb əsirvar və piyada Araz səmtinə həzimətə gedib, hər kəs öz tərəfinə dağıldılar. Hətta o cümlədən beş yüzə yaxın atlı Əbülfət xanın dalısınca gələrmişlər. Yolda Heregül kəndində Cəbrayıllı bəyləri və xalqı tökülüb, onları qarət edir və soyub, lüt və piyada mürəxxəs etmişdilər. Pəs Əbülfət xan şul gecə gedib, çox xof ilə Araz kənarında qalıb, sübh Arazdan keçib Qaradağa getmişdi ki, məhz cərideyi-subay atlı oraya çıxıb təmam əsbab və barxana və tədarükatı qarətə getmişdi. Və bəd Əbülfət xana xəlvət söz verib, təhrik edənlər və ona mail olan bəylər şərməndə və xəcalət qaldılar. Məhəmmədhəsən ağa dəxi hərçənd ki, onlara cəza və siyasət etməyə asanlıq ilə qadir idi. Amma bir para xanın əmizadələri və bir-iki nəfər müsinn və sahibi-hörmət bəylər onların içində var idilər. Dəxi aşkar onların xəyanət və batil fikirlərin açıb, bir məvaxizə və bazxast etmədi. Əlqissə, bu xəbərləri dəxi Fətəli şah eşidib, zahirən Əbülfət xana məzəmmətlər yazıb və İbrahim xana elçi göndərib, izhar etdi ki, Əbülfət xan padşah əmrinə xilaf edib ki, xanın əmrinin əleyhinə çıxış edibdir. O nə şöylə buyurulmamış idi ki, o növ hərəkət əmələ gətirib. Mən bu babda hərgiz İbrahim xandan və Məhəmmədhəsən ağadan inciməyib, razı varam. Mətləblərinin həmə vaxt məqruni-əncam bilib, ərz edələr ki, hər cür ehtiyacları ödənilir. İbrahim xan cavab verdi ki, mən şöylə təsəvvür eylədim ki, bundan əvvəl olan keçmiş müqəddimədər İran dövlətinin xatirindən çıxıb. Sair padşahlar kimi öz əhdlərində vəfa və dürüstlük fəramuş olub. Şimdi ki, keçmiş ədavət yenə zühur edib, pəs mənə vacib oldu ki, əhdi dürüst olan ədalətli və mərhəmətli, ədəbli və hörmətli padşaha itaət edəm ki, qoşunu çox nizamlı və qüdrətli və mərhəmətli padşahdır ki, imperator adlanıbdır. Fətəli şah, bu sözlərə sakit olmayıb, bilirdi ki, İbrahim xan Rusiya dövlətinə itaət edib, Şuşa qalasını ki, ruyizəmində şöylə qala yoxdur və bəlkə əgər olsa da az olur. Bu tövr böyük vilayət torpağı və dağları və səhrası çox vəsi və ərzi məmləkətdir ki, quberniya demək olur. Əlbəttə ki, onun damadı Şəki hakimi Səlim xan ki, onun da dağları Qafqaz və Dağıstan və Car vilayətinə mübtəsil olur. O, dəxi təbii olaraq itaət edir. Bu iki xan itaət edəndə, onların qorxusundan Şirvan hakimi Mustafa xan dəxi xahi-nəxahi itaət edəcək. Çünki hərgah Rus dövlətinə düşmənlik etsə, Qarabağın və Şəkinin əhlləri Şirvanı qarət və xarab edib, zərb ilə çoxusunu köçürüb Şəkiyə və Qarabağa aparırlar. Bunlara binaən, o da gərək itaət edə, bu surətdə Azərbaycanın əlavə xanları fürsət tapalar İbrahim xan ilə müttəfiq olub, xarablıçılıq edərlər. Belə ki, Şahsevən xanı İbrahim xanın damadı idi. Xoy hakimi damadı və
Qaradağ xanı dəxi damadlıq etmiş idi. Şəqaqi və Təbriz və Marağa təmamən Rusiya dövlətinə itaət edərlər. Necə ki, irəli tarixi islamiyyə 1209 sənədə  imperaruri-üzma Yekaterina əmri ilə sərdar qraf Zubov qoşunu səmti-Şirvana gələndə, İbrahim xan oğlu Əbülfət xanı ki, onda Əbülfət ağa idi, onun hüzuruna göndərib, dövləti Rusiyaya izhari-itaət qılmışdı. O vaxtda, bu qeyd olan xanlar necə ki, fövqdə yazıldı, təmamisi İbrahim xana Ağa Məhəmməd şahdan xəlvət kağızlar yazıb və adamlar göndərmişdilər ki, İbrahim xan bizim böyüyümüz və ixtiyarımız və atamızdır. Əgər səlah bilib, dövləti-Rusiyaya itaət edirsə bizlər hamı onun məsləhətindən xaric olmayıb, itaət edirik. İbrahim xan o vaxtda haman kağızları ki, xəvanini-Azərbaycan yazmışdılar bir nəfər mötəmid adamla sərdar qraf Zubovun hüzuruna göndərdi ki, bu gunə əhvalat məlum olsun. Şahid şul kağızları qraf Zubova (verdi ki), imperaturi-üzma Yekaterina hüzuruna yollamış olar. Bir dəxi o ildə ki, İrəvan səbtində sərdari-əzəm knyaz Sisianov ilə Fətəli şah və naibüssəltənə mülaqat və müharibat etdilər və oradan sərdar Sisianov Tiflisə qayıtdı. Şah dəxi Azərbaycan və Tehran sövbinə müraciət etdilər. Ol vaxtlarda şaha xəbər verdilər ki, İbrahim xan həmişə Rusiya dövlətinə mail və şaiqdir. Doğru sözü və elçisi və sovqatı həmə vaxt onlar ilə gəlib-getməkdədir. İran dövlətinə və Qızılbaşa qəlbən bədxah və xaindir. Necə ki, sabiqdə həmişə Qızılbaşiyə ilə dava və münaqişələr edib. Azərbaycanın keçmiş hakimlərinə və Ağa Məhəmməd şah kimi şahi-İrana xain və bədxah olduğu aydındır. Lakin Rusiya böyüklərindən hansı ki, o səmtə gəlsə və ya birisinə dəstrəs əl versə dərhal onlar ilə mehriban və səmimi və sədaqət ilə xahan olur. Heç bir davasız və münaciəsiz və o dövlət tərəfindən bir artıq hörmət və mərhəmət görməmiş, onlara müti və raqib olur. Hərçənd Fətəli şah özü də bu gunə əhvalatın əsərin müşahidə edərdi, amma necə ki, yuxarıda məzkur olundu, İbrahim xana artıq məhəbbət və mərhəməti və Qarabağ əhlinə ziyadə iltifat və şəfəqqəti olduğu səbəbə, bunlara mültəfit olmayıb, yenə Kərim xan və Abdulla xanı İbrahim xanın yanına göndərib, kamalihörmət və mərhəmət və mülayimət ilə yazmışdı ki, Allah rizasına namusi-islamı mənzur edib, hər nə təvəqqeyi var, məndən etsin, yerinə yetirim. Urus padşahına itaət etməsin. Şuşa qalası ki, toxunulmazdır və qəleyi-Xudafərin və məmləkətdə səddi-mətindir və İranın giriş qapısıdır, Urus dövlətinə verib Rusiya qoşunlarını daxili-şəhr və (onların) qalası eləməsin. Və ehtiyat etməsin ki, Urus dövlətindən ona zərər və vilayətinə xarabalıq gələr. Mən əvvəla, İran qoşunun zübdə atlısından çox atlı, yaxşı rəşid sərkərdə ilə və öz xərcim ilə Tərnəküt qalasında ki, Şahbulaq ola, qoyaram ki, həm Qarabağı mühafizət edər və həm İbrahim xanın itaətində olar. Və saniyən oğlum Abbas Mirzəni sinahi-əzim ilə göndərim ki, sərhesab olur. Həm Şirvan və Şəki hakimlərini və sairləri tənbeh edər və Qarabağdan dağılıb o vilayətlərə qaçan və təfriqə olan evləri təmamən cəm edib, Qarabağa gətirər ki, sabiq əyyamda Qızılbaş tərəfindən sənin vilayətinə yetişən nəqs və sədəmələrin mükafatı əmələ gəlib Qarabağ yenə ziyad gözəlləşər və abad olur. Əlavə, iki min piyadə sərbaz və top yollaram Əsgəran qalalarında oturar ki, oradan Şuşa qalasına üç ağac yoldur, Rusiya qoşununun qala üstə gələn yoludur. Mühafizət edərlər. Əgər küllü və güclü cəmiyyət Rusiya tərəfindən gəlməli olsa, özüm də köməyə gələrəm. Heç fıkir eləməyin. Çün şul vaxtlarda Rusiya dövlətinin necə ki, şimdiki kimi küllü qoşunu və bu tövr top və tədarükü və bu gunə əzəmət və əsası yox idi. İbrahim xan cavab verdi ki, mən hənuz Urus dövlətinə itaət etməmişəm. Bir güclü və qüdrətli və mürüvvətli padşahdır. Onun qoşunu gəlib və sərdarı Tiflis şəhərindədir. Çünki mən sadiq Rusiya dövlətinə, imperaturi-üzma Yekaterina hüzuruna və qraf Qudoviçə və qraf Zubova elçi və adam göndərib, izhari-ixlas etmişəm. Layiq deyil ki, şöylə padşahın sərdarı bu yaxında Tiflis şəhərində ola, mən (də) ona elçi və adam göndərməyim. Əlbəttə ki, təqazeyi-vaxt necə olsa və qəzayi-fələki nə surət göstərsə, şöylə əməl olacaqdır. Əlqərəz, bu növ cavablar ilə Fətəli şahın adamların geri qaytardı. Fətəli şah elə ki, bu gunə əhvalatı və cavabları görüb, yenə sakit olmayıb, dübarə yenə Kərim xan və Abdulla xan və Rəhim xanı İbrahim xanın yanına göndərib, müqəllizə andlar və qəsəmlər edib və Quranı möhürləyib, yuxarıda mərqum və məzkur olan təəhüdat və mətalibata dübarə təkid edib və külli böyük ənamlar və mürəssi və cavahir qılınc və qızıl, iri əsbablı başdan-ayağa qaşdaşla bəzənmiş at və üç min əşrəfi məzkuk nağd və giranbaha xələt və şal ilə göndərib yenə İbrahim xandan Şuşa qalasını Rusiya qoşununa verməməyə və rus padşahına itaət etməməyə iltimas və təkid etmişdi. İbrahim xan şul xanları mürəxxəs etməyib qalada göz dustağı kimi saxlayıb, bu əhval və hadisələrin sərdar Sisianova məlum eylədi. Sərdar buyurmuşdu ki, əgər doğru-həqiqət, canü dil ilə imperaturi-əzəmə və dövləti-əfxəmə (Rusiyaya) ixlas və itaəti varsa, şul xanları ki, qasidliyə gəliblər saxlasın, buraxmasın. Və illa onun dövləti öz fikrini yaxşı bilir. Pəs İbrahim xan cavab verdi ki, mən qədimi ixlas və sədaqətimdə sabit və möhkəm varam. Heç vaxt təğyir verməmişəm və verməyəcəyəm. O, xanları dəxi buraxmayıb saxladı. Sonra sərdara pişnəhad etdi. Əlqissə, İbrahim xana Fətəli şah hər nə qədər ki, mülayimlik və mərhəmət göstərdisə, hərgiz ona xülus və iradət ilə itaət eləmədi. Onun yanında banuyi-hərəmi-şah olan əzizeyi-mükərrəmə qızını və oğlu Əbülfət xanı və Qarabağ bəylərini ki, İran dövlətində ıdilər və Qaradağ vilayətinin məbaliğ mədaxilini ki, İbrahim xana yetişirdi və islamlıq və həmməzhəblik şərtini ki, məscidlərdə İbrahim xana bəd dualar edəcəklər, təmamini atıb mənzurə gətirməyib, Rusiya dövlətini hörmətli və şəfəqqətli və əhdi dürüst və mərhəmətli bilib, öz rizası və səmimi qəlbi ilə bu dövlətin itaətini qəbul eylədi. Axır ki, Fətəli şah dəxi incidi və aralığa küdurət düşdü.

 

İyirminci fəsil
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR