Slimfit
  1. BİOQRAFİYA

Mir Cəfər Bağırov

Mir Cəfər Bağırov
Sakura

Bağırov Mircəfər Abbas oğlu — Azərbaycan Kommunist Partiyası MK-nın I katibi (1933 – aprel 1953); Azərbaycan…

Mircəfər Bağırov 1896-cı il sentyabrın 17-də Bakı quberniyasının Quba şəhərində zəhmətkeş ailəsində anadan olmuşdur.

Ailəsi[redaktə 

Atası Mirabbas, anası Yaxşı xanımdır. Mircəfər ailələrində ən kiçik uşaq olub. Böyük bacısı Seyid Məsumə 1883-cü anadan olmuşdur.

Mircəfər Bağırovun 2 övladı olub. O, Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızıyla ailə qurur və bu nikahdan 1919-cu ildə Cahangir (Vladimir) adlı oğulları dünyaya gəlir. 1926-cı ildə Mariya vəfat edir. Məsumə və digər bacısının təkidi ilə Mircəfər Bağırov 4 ildən sonra İçərişəhərdə yaşayan Yevgeniya Mixaylovna ilə ailə qurur. Bu nigahdan 1932-ci il avqustun 9-da ikinci oğlu Cen dünyaya gəlir. Böyük oğlu Cahangir aviasiya məktəbində oxuyub. İkinci dünya müharibəsi başlayanda təyyarəçi olub. Müharibədə iştirak edib və 1 il sonra yaralı halda tərxis olunub. Cahangir müharibəyə yararsız olmasına baxmayaraq, yenidən müharibəyə gedib. 1943-cü ilin iyun ayında qeyri-bərabər döyüşdə 7-8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün tarana gedib və təyyarəsini alman təyyarəsinə çırpıb. Cahangirə vəfatından sonra Lenin ordeni ilə təltif edilib. Onun cənazəsi Həzi Aslanovun köməkliyi ilə Bakıya gətirilərək Yasamal qəbiristanlığında dəfn edilib. Hazırda Cahangirin qəbri anası Mariya xanımın qəbrinin yanındadır.

 

Cahangir Bağırovun qəbri

Cen isə Bakıda 10-cu sinfə qədər 6 saylı məktəbdə təhsil alıb. Tiflisdə hərbi məktəbdə, 1951-ci ildə Moskvada Jukov adına Aviasiya Akademiyasında oxuyub. 1953-cü ildə Mircəfər Bağırovu işdən azad ediblər və o zaman Cenə Akademiyadan çıxmaq, başqa instituta getmək təklif olunub. Cen də Kənd Təsərrüfatı İnstitutunu seçib. Cen professor, elmlər doktoru olub. 1994-cü il mayın 24-də Moskvada vəfat edib. Cen 1971-ci ildə Moskvada ailə həyatı qurub. 1978-ci il 26 apreldə bir oğlu olub, adını Mircəfər qoyub[2]. Həmin Mircəfər də 2005-ci ildə Hindistanda məzuniyyətdə olarkən avtomobil qəzası nəticəsində həlak olub[3].

Təhsili, əmək fəaliyyətinə başlaması

İlk təhsilini mollaxanada almışdır. 1907-ci ildə Quba şəhərindəki ibtidai məktəbə daxil olmuşdur. Məktəbi müvəffəqiyyətlə bitirən Mircəfər təhsilini Quba Ali ibtidai məktəbində davam etdirir. 1913-cü ildə məktəbi bitirib, Quba ziyalılarının topladığı pulla[2]Petrovski (Mahaçqala) şəhərinə gedərək Petrovsk 2 illik pedaqoji kursuna (rus dili müəllimliyi) daxil olmuşdur. 1915-ci ildə kursu bitirən M.Bağırov əmək fəaliyyətinə gənc müəllim kimi Xudat stansiyasındakı kənd məktəbində başlamışdır. 1915-1917-ci illərdə M.Bağırov Nəcəfkənd, Quba şəhər məktəblərində müəllimlik etmiş və məktəbə uşaqların cəlb olunması, böyüklər üçün axşam kursunun açılması və savadsızlığın ləğvi sahəsində xeyli iş görmüşdür.

İnqilabçı Mircəfər

 

Mircəfər müəllimliklə yanaşı zəhmətkeşlər arasında fəal maarifçilik və çarizm əleyhinə gizli inqilabi təbliğat işi aparırdı. Kəndlilərə və onların övladlarına savad öyrətməklə, azərbaycanlı qızları məktəbə cəlb etməklə yanaşı, kəndlilərə yoxsulluqlarının və hüquqsuzluqlarının səbəbini izah edir, onları zülmkarlara və istismarçılara qarşı mübarizə aparmağa çağırırdı.

1917-ci il Fevral inqilabı dövründə M.Bağırov açıq və gərgin inqilabi fəaliyyətə başlamış, Qubada əsgər və kəndli deputatları sovetinin yaradılması, fəhlə və kəndli ittifaqının möhkəmlənməsi, xan və bəy torpaqlarının yoxsul kəndlilər tərəfindən zəbt olunması uğrunda mübarizə aparmışdır.

M.Bağırovun və başqa inqilabçıların rəhbərliyi altında əksəriyyəti yoxsul kəndlilərdən və əsgərlərdən ibarət olan İnqilabi Şura Qubada hakimiyyəti ələ alır, döyüş drujinası yaradır və mülkədar mülklərini ələ keçirir. Qubada İnqilab Komitəsinin hakimiyyəti elan edilir və Quba qəza İcraiyyə Komitəsi yaradılır. M.Bağırov İcraiyyə Komitəsinin sədr müavini seçilir.

1918-ci ilin mart-may aylarında M.Bağırovun və başqa inqilabçıların Quba qəzasında fəhlə, kəndli və əsgər sovetləri yaratmaq, milli qırğının qarşısını almaq uğrunda apardıqları mübarizəyə baxmayaraq fəaliyyətləri uğursuz olur. M.Bağırov gizli fəaliyyətə keçir. Sonra isə gizli yolla Bakıya gəlir. O, ilk gündən döyüş drujinasının tərkibinə daxil olur və Bakının müdafiəsində iştirak edir. Bakıda sovet hakimiyyəti 1918-ci ildə yıxılır. M.Bağırov bu zaman Petrovun dəstəsinin qalıqları ilə birlikdə Həştərxana gedir.

Bağırov 1919-cu ilin mart ayında Moskvada keçirilən I Kommunist Beynəlmiləl Konqresində iştirak etmiş və məşvərətçi səs hüququna sahib olan Azərbaycan kommunistlərini təmsil etmişdir.

Həştərxandakı fəaliyyəti

1918-1920-ci illərdə M.Bağırov Həştərxanda dəmir polkun partiya kollektivinin katibi, Birinci müsəlman polkunun hərbi komissarı, XI Ordunun Hərbi İnqilab Şurasının mühüm tapşırıqlarını yerinə yetirən işçi, xüsusi təyinatlı dəstənin hərbi komissarı, Qafqazda sovet hakimiyyəti qurulması üzrə Qafqaz bürosunun əməkdaşı, Qafqaz korpusu hərbi inqilabi şurasının müvəkkili vəzifələrində çalışmışdır. Onun başçılıq etdiyi dəstə Həştərxanda əksinqilabi mart qiyamının yatırılmasında, Ural, Voronej, Volqaqrad ətrafında ağ qvardiyaçılara qarşı döyüşlərdə, Cənubi Dağıstanın və Quba qəzasının əksinqilabi qüvvələrinin təmizlənməsində vuruşmuş, özünü bacarıqlı bir komandir və zəhmətkeşlərin azadlığı uğrunda mübariz bir əsgər kimi göstərmişdir. M.Bağırov göstərdiyi igidlik və mərdliyə görə 1920-ci ilin əvvəllərində RSFSR MİK tərəfindən Qırmızı bayraq ordeni ilə mükafatlandırılmışdır.

Dağlıq Qarabağdakı fəaliyyəti

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra M.Bağırov Azərbaycan Müvəqqəti İnqilab Komitəsi tərəfindən Dağlıq Qarabağa göndərilir. O, Dağlıq Qarabağ vilayət inqilab komitəsi sədrinin müavini və XI ordunun Hərbi inqilabi şurasının müvəkkili kimi[5] fəaliyyət göstərmiş və burada Azərbaycan ordusu hissələrinin tərkibində, Qarabağ qiyamının yatırılmasında, erməni-daşnak və əksinqilabi qüvvələrin darmadağın olunmasında xeyli əmək sərf etmişdir.

XI ordunun Hərbi İnqilabi Şurasının sərəncamında

1920-1921-ci illərdə XI ordunun Hərbi İnqilabi Şurasının sərəncamında olan M.Bağırov II briqadanın komandiri, I atıcı diviziyanın hərbi tribunalının, XI ordu Hərbi tribunalının səyyar sessiyasının sədri, Azərbaycan diviziyasının hərbi komissarı vəzifələrində çalışmışdır. O, bu məsul hərbi vəzifələrdə Azərbaycan ordusunun yaradılmasında, onlara azərbaycanlıların cəlb edilməsində, əsgərlərin nizam-intizamının möhkəmləndirilməsində, yeni silahlarla silahlanmalarında, döyüş qabiliyyətinin yüksəldilməsində xeyli iş görmüşdür.

AzFK-AzÇK

1921-ci il fevralın 25-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi siyasi bürosunun iclasında iştirak edən M.Bağırova Azərbaycanda ali idarəedici orqan olacaq Azərbaycan Fövqəladə Komissiyasının (AzFK-AzÇK) təşkil edilməsi tapşırılır. O, martın 28-də siyasi büroda AzFK-AzÇK haqqında çıxış edir və aprelin 2-də isə əlavələrlə məruzə edir. O, bu çıxış və məruzəsində Azərbaycanda Fövqəladə Komissiyanın – AzÇK-nın yaranmasının əhəmiyyəti, təşkili və quruluşu haqqında məlumat verir. M.Bağırov 1921-ci il aprelin 2-də AzFK sədri təsdiq edilir. Bu qərar 1921-ci il mayın 6-19-da keçirilmiş I Ümumazərbaycan sovetlər qurultayı tərəfindən bəyənilmiş və M.Bağırov Nəriman Nərimanov başda olmaqla təşkil edilmiş Azərbaycan SSR Xalq Komissarları Sovetinin tərkibinə seçilmişdir. O, bu vəzifədə 1927-ci ilin sentyabrın ortalarına kimi çalışmışdır. Bağırov eyni zamanda bu illərdə AzFK sədri olmaqla yanaşı, Azərbaycan Xalq Daxili İşlər Komissarı və Azərbaycan SSR XKS sədrinin müavini vəzifələrini də daşımışdır. Nəriman Nərimanovun təklifi ilə M.Bağırov RK(b)RMK siyasi bürosunun 1921-ci il oktyabrın 15-də keçirilən iclasında Qafbüronun tərkibinə tövsiyə edilmişdir. M.Bağırov ağır və çətin olan bu vəzifələrdə ilk gündən antisovet qüvvələrə qarşı amansız mübarizə aparmış, üsyanları qəddarlıqla yatırmış, Azərbaycanda kəşfiyyat işinin təşkilində və möhkəmlənməsində, bu sistemə azərbaycanlıların cəlbi sahəsində xeyli iş görmüşdür. M.Bağırov AK(b)P MK-nın tapşırığı ilə 20-ci illərdə Azərbaycanın bir sıra rayonlarında fövqəladə vəziyyət yarandığı zaman həmin yerlərə göndərilən komissiyalara başçılıq etmiş və MK-ya məlumatlar vermişdir. Onlardan "Cavanşir qəzasında vəziyyət haqqında", "Qarabağ qəzasında vəziyyət haqqında", "Dağlıq Qarabağ Muxtar Vilayətinin vəziyyəti haqqında", "Dəmiryolu haqqında" və s. göstərmək olar.

Tiflisdəki fəaliyyəti

1927-1928-ci illərdə Tiflis şəhərinə göndərilən M.Bağırov orada Zaqafqaziya su təsərrüfatı idarəsinin, 1928-1929-cu illərdə isə Zaqafqaziya kənd təsərrüfatı idarəsinin sədri vəzifəsində çalışmışdır. O, burada da özünün bacarıqlı bir təşkilatçı olduğunu göstərmişdir.

Antisovet hərəkatına qarşı

Azərbaycan kəndlərində kollektiv təsərrüfatların yaradılması ilə əlaqədar olaraq antisovet hərəkatı artmağa başlamışdı. Onlar yeni yaranmaqda olan kolxoz və sovxozlara böyük ziyanlar vurur, kənd fəallarını öldürürdülər. Belə bir vəziyyət yarandıqda M.Bağırov yenidən Bakıya çağırılır və 1929-cu ilin sentyabrında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri təyin edilir. O, bu vəzifədə 1930-cu ilin sentyabrına kimi çalışmış və antisovet qüvvələrə qarşı amansız mübarizəyə başçılıq etmişdir.

Marksizm-leninizm kursunda 

ÜİK(b)P MK qərarı ilə M.Bağırov 1930-cu ilin sentyabrında Moskvaya ÜİK(b)P MK yanında marksizm-leninizm kursunda oxumağa göndərilir. O, 1932-ci ilin fevralında kursu müvəffəqiyyətlə bitirmiş və ÜİK(b)P MK aparatında məsul təlimatçı təyin edilmişdir.

Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri[redaktə | əsas redaktə]

M.Bağırov 1932-ci ilin axırlarında yenidən Bakıya göndərilir və həmin ilin oktyabrından 1933-cü ilin dekabrınadək Azərbaycan SSR Xalq Komissarları Sovetinə sədr təyin olunur.

Birinci katib[redaktə 

1933-cü il dekabrın 10-da Azərbaycan KP MK və Bakı Komitəsinin birləşmiş büro iclası olmuşdur. Büroda başqa məsələlərlə yanaşı təşkilat məsələsinə də baxılmışdır. Təşkilat məsələsi haqqında qərarda göstərilir:

"Mircəfər Bağırov yoldaş Azərbaycan K(b)P MK və BK birinci katibi təsdiq edilsin, onu ASSR Xalq Komissarları Soveti sədri vəzifəsindən azad etmək".

Represiya dövründəki fəaliyyəti

 

Bu məqalənin neytrallığı şübhə doğurur.
Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən fikirlər olduğu iddia edilir.
Xahiş olunur bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz.

1937-ci il avqustun 5-də SSRİ NKVD-si bir qərarı çıxarır. Həmin qərara 3 nəfər – SSRİ daxili işlər naziri Yejov, Mikoyan və Stalin qol çəkib. Qərarda yazılıb ki, müsavatçılar, ittihadçılar, sosial-demokratlar, hümmətçilər, eyni zamanda menşeviklər və daşnaklar güllələnməlidir[2]. Bundan sonra M.Bağırovun fəaliyyətində 1937-1938-ci illər qara ləkə kimi iz buraxmışdır. Çünki bu illərdə Azərbaycanın minlərlə millətsevər alimi, şair və yazıçısı, partiya, dövlət xadimi və s. həbs edilmiş və güllələnmişdir. Bu repressiya təkcə onun deyil, həmin dövrdə SSRİ məkanında partiya, sovet və s. təşkilatlarda çalışanlaın əksəriyyətinin həyatında bir qara ləkə olaraq qalır. Bu işdə M.Bağırovun günahı olsa da, o, partiya əsgəri kimi Ümumittifaq KP MK və SSRİ hökumətinin göstərişlərini, tələblərini yerinə yetirmişdir. Çünki o dövrdə "vətən xainləri", "əksinqilabçıları", "xariclə əlaqələri olanları" tapıb üzə çıxarmaq müttəfiq respublikalarda adi hal olmuş və plana çevrilmişdi.

Ceyhun Hacıbəyliyə görə 1937-ci ilin oktyabr ayında keçirilən məhkəmələr Azərbaycan Sovet rəhbərliyinin təmizlənməsinin ən qızğın vaxtı idi. Bağırovdan başqa bir çox şəxs vəzifələrindən azad edilmiş və həbs edilmişdilər. Ceyhun bəy bildirir ki, sadəcə həqiqi milliyətçilər deyil, stalinizmin marksizimlə eyni olmadığını sübut edə biləcək marksist mütəfəkkirləri də aradan götürürdülər. Beriya ilə yaxın dostluğu olduğu üçün Bağırovdan başqa demək olar ki bir çox köhnə bolşeviklər ortadan qaldırılmışdılar. Ceyhun bəyin yazdıqlarına görə o, Bağırovu Azərbaycandakı represiyalara görə günahkar hesab etmirdi, Ceyhun bəy onu Beriya ilə olan yaxın əlaqələrinə görə xilas olmuş potensial qurban kimi görürdü. Lakin Bağırov represiyanın təməlini hazırlayan partiya qurultaylarında və 1937-1938-ci illərdə keçirilən məhkəmələrdə öz rəqiblərini ləkələməkdən və onlara qarşı ittihamlar irəli sürməkdən geri çəkilmirdi[6].

1937-ci ildə Mircəfər Bağırovun özünü də həbs ediblər, 10 gün ev dustağı olub

 

Azərbaycan SSR-in inkişafındakı rolu

 

İndiki Heydər Əliyev prospektində yerləşən və 1950-ci illərin əvvəlində tikilən Bağırov körpüsü. Körpünün Mircəfər Bağırovun avtomobillə aeroporta gedərkən uzun müddət yoldan keçən qatarı gözləyərək əsəbləşməsindən sonra onun əmri ilə tikildiyi ehtimal olunur. (1960-cı il.)

1933-1953-cü illərdə M.Bağırov Azərbaycan Kommunist Partiyası MK və BK-nın birinci katibi vəzifəsini daşımışdır. O, bu məsul vəzifədə Azərbaycanın hərtərəfli inkişafına var qüvvəsi ilə çalışmışdır:

  • Sənaye sahəsində M.Bağırovun bu dövrdəki fəaliyyəti nəticəsində Bakı neft sənayesinin hərtərəfli inkişafı ilə yanaşı, başqa sənaye sahələri də inkişaf etmiş, yeni-yeni fabrik və zavodların (Bakı Neftayırma zavodu, Bakı Elektrik maşınqayırma zavodu, Bakı Soyuducu kombinatı, Bakı biskvit fabriki, Qaradağ sement zavodu, Gəncə toxuculuq kombinatı, yağ-piy zavodu, Sumqayıt istilik elektrik stansiyası, Boru prokat zavodu, Sintetik kauçuk zavodu, Mingəçevir su elektrik stansiyası) tikilib istifadəyə verilmiş, bir sıra yeni neft yataqları və mədənləri (Lökbatan, Neft daşları, Zığ) kəşf olunmuşdur. Nəticədə neft hasilatı və emalı daha da artmış və yeni yaradılmış sənaye müəssisələri məhsul verməyə başlamışdır. Kənd təsərrüfatında əkinçilik, pambıqçılıq sahələri genişlənmiş, subtropik bitkiləri əkilməyə başlamış, süni suvarma kanalları çəkilmiş və Azərbaycan tarlalarında traktorlar, kombaynlar və s. texnika işləməyə başlamışdır. Azərbaycan kəndinin siması dəyişmiş, kənd təsərrüfatı məhsullarının inkişafı xeyli artmışdır.
  • Bağırovun bilavasitə rəhbərliyi altında tikinti işləri sürətlə aparılmış, Bakıda Nazirlər Kabinetinin binası, hökumət evi, Nizami adına kinoteatr, Şəhriyar adına mədəniyyət evi, xalça muzeyi, Respublika stadionu və s. tikilib istifadəyə verilmişdir.
  • Onun hakimiyyəti illərində Azərbaycan Elmlər Akademiyası və onun bir sıra institutları, Azərbaycan Politexnik İnstitutu və s. ali və orta məktəblər şəbəkəsi istifadəyə verilmişdir.
  • Bağırov respublikanın kadr məsələsinə də böyük fikir verirdi. Ali və orta ixtisas məktəblərinə ildən-ilə tələbələrin qəbulunun artmasına, partiya və dövlət işlərində çalışacaq kadrların hazırlanmasına, xalq təsərrüfatının müxtəlif sahələri üçün mütəxəssislərin təkcə respublika deyil, Moskva, Leninqrad, Kiyev və s. şəhərlərdə hazırlanmasına xeyli əmək sərf etmişdir.
  • Bağırov Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin inkişafı sahəsində də xeyli iş görmüşdür. Onun dövründə Azərbaycanın şəhər və kəndlərində teatrlar, klublar, mədəniyyət evləri, kitabxanalar tikilib xalqın istifadəsinə verilmişdir. Şair, yazıçı və bəstəkarlar yeni-yeni əsərlər yazmış və yüksək mükafatlara layiq görülmüşlər.
  • Bağırovun başçılığı ilə Sumqayıt, Mingəçevir, Əli Bayramlı, Daşkəsənkimi yeni sənaye mərkəzləri salınmış, onlarla yeni-yeni fabrik və zavodlar, maşınqayırma müəssisələri yaradılmışdır.
  • 1941-1945-ci illər Böyük Vətən müharibəsizamanı M.Bağırov alman-faşist işğalçılarına qarşı mübarizəyə və qələbəyə Azərbaycan fəhlələrini, kəndlilərini və ziyalılarını var qüvvəsi ilə səfərbər etmişdir. Azərbaycan milli diviziyalarının yaradılması işinin təşkilatçısı olmuşdur. Eyni zamanda o, ön cəbhəni yanacaqla təmin etmək üçün neft çıxarılmasını və neft məhsulları, döyüş sursatları istehsalının artırılması, kənd təsərrüfatının və heyvandarlığın inkişaf etdirilməsi, Azərbaycanın döyüşən ordunun cəbbəxanasına çevrilməsində səylə çalışmışdır. 1943-cü ildə düşmənə tezliklə qələbə çalmaq üçün çoxlu yanacaq tələb olunurdu. Bu zaman müharibəyə çağırılmış Bakı neftçiləri M.Bağırovun təşəbbüsü ilə geri, öz işlədikləri mədənlərə qaytarılması məsələsi sovet hökuməti qarşısında irəli sürülmüşdür. Dövlət Müdafiə Komitəsi onun təşəbbüsü əsasında neftçilərin ordudan geri çağırılması haqqında xüsusi qərar qəbul etmişdir. Bilavasitə onun rəhbərliyi altında Bakı neftçiləri 1941-1945-ci illər Böyük Vətən müharibəsi dövründə cəbhə üçün 130 növ müxtəlif silah, döyüş sursatı, hərbi texnika hazırlamış, SSRİ-də istehsal olunan neftin 75%-ni, aviasiya benzininin isə 85-90%-ni istehsal etmişdilər.

Azərbaycan xalqı müharibədən sonra – 1946-cı ilin fevralında SSRİ Ali Sovetinə keçirilən ilk seçkilərdə M.Bağırovun deputatlığa namizədliyini irəli sürmüşdür. O, 1946-cı il fevralın 2-də Bakı şəhərində öz seçiciləri ilə görüşü zamanı respublikanın müharibədən sonrakı inkişafından geniş danışaraq demişdir:

"Siz ikinci dəfədir ki, məni SSRİ Ali Soveti deputatlığına namizəd göstərirsiniz. Mən öz tərəfimdən sizi əmin edə bilərəm ki, ...sizin göstərdiyiniz bu yüksək etimadı doğrultmaq üçün var qüvvəmi sərf edəcəyəm. Bu beşillikdə biz hamımız neft hasilatını müharibədən əvvəlki səviyyəyə çatdırmalı və onu ötüb keçməliyik. Buna müvəffəq olmaq üçün qazma işlərini olduqca genişləndirmək və kəşfiyyata xüsusi fikir vermək lazımdır. Biz, Azərbaycan neft sənayesi üçün qüvvətli ləvazimat – texniki mənbələr yaratmaq haqqında... qərarı həyata keçirməliyik. Bu o deməkdir ki, biz bir neçə zavod, o cümlədən Sumqayıtda böyük boru zavodu tikməliyik. Biz, neft sənayesinin və ümumiyyətlə, respublika xalq təsərrüfatının elektrik qüvvəsinə olan və getdikcə artan tələblərini tamamilə yerinə yetirməliyik. Bunun üçün bir neçə elektrik stansiyası, o cümlədən Mingəçevir su elektrik stansiyası kimi böyük bir müəssisə tikməliyik. Bu beşillikdə Zaqafqaziyada metallurji mənbə yaradılır, bunun üçün biz hamımız Daşkəsənin tikintisini başa çatdırılmasını təmin etməliyik".

Cənubi Azərbaycan məsələsi

 

Sovet ordusu 1941-ci ildə İran sərhədlərini keçib Cənubi Azərbaycana girdi. Bu dövrdə M.Bağırov Cənubi Azərbaycanın müxtəlif şəhər və kəndlərində partiya, sovet, təsərrüfat, mədəniyyət, hüquq müdafiə və s. təşkilatların yaradılmasında, onlara kömək üçün azərbaycanlı kadrlarının göndərilməsində xeyli iş görmüşdür. Eyni zamanda Cənubi Azərbaycan zəhmətkeşlərinə qənd, taxıl, neft məhsulları, parça və s. məhsullar göndərilməsini təşkil etmişdir.

1941-1945-ci illərdə sovet qoşununun əksəriyyəti azərbaycanlılardan olan əsgər və zabitlərin köməyi ilə Cənubi Azərbaycanda demokratik hərəkat güclənməyə başladı. O, SSRİ hökuməti ilə Cənubi Azərbaycan şəhərlərində fabrik, zavod və s. müəssisələr açılmasını, neft kəşfiyyatı işlər aparılmasını razılaşdırmışdı. Cənubi Azərbaycan məsələlərini həll etmək məqsədilə dəfələrlə Moskvaya getmiş, İ.Stalinlə və başqa dövlət rəhbərləri ilə danışıqlar aparmışdır. M.Bağırov Bakı, Naxçıvan və Culfada Cənubi Azərbaycan demokratik hərəkatının rəhbərləri ilə görüşmüş və onlara bir sıra məsləhətlər vermiş, necə hökumət qurmaq haqqında fikir mübadiləsi aparmışdır. 1945-ci il dekabrın 12-də Azərbaycan Milli hökumətinin yaradılmasını M.Bağırov böyük sevinclə qarşılamış və onun möhkəmlənməsi, tezliklə bütün zəhmətkeşlərin hakimiyyətinə, mənafelərinin müdafiəçisinə çevrilməsi sahəsində xeyli əmək sərf etmişdir. O, bu dövrdə İ.Stalinə yazdığı məktubda yeni yaranmış hökumətin dövlət idarəetmə təcrübəsi olmadığını qeyd edir və onlara kömək üçün öz adamlarımızdan məsləhətçilər göndərilməsini xahiş edirdi.

Mircəfər Bağırov 1941-ci ildə Stalinə yazdığı məktubda İranda Polşa ərazilərinin Ukrayna və Belarusiya torpaqlarına birləşdirilməsi modelindən istifadə edilməsini təklif edir. Belə ki, İrandakı Azərbaycan əyalətlərinin Sovet Azərbaycanının tərkibinə daxil edilməsi demək olar ki, praktiki olaraq hazır idi. Aparılan tədqiqatlar göstərir ki, Sovet İttifaqının ASSR-na birləşdirmək üçün nəzərdə tutduğu İran ərazisinin ölçüsü də müəyyən edilibmiş.

1946-cı ilin ortalarında sovet qoşunu Cənubi Azərbaycandan çıxarılmağa başlamışdı. Bundan istifadə edən İran hökuməti öz qoşunlarını Cənubi Azərbaycan torpaqlarına yeritmiş və qanlı vuruşmalar başlamışdı. Yenə də M.Bağırov müdafiə işlərini təşkil etmək məqsədilə İ.Stalinə müraciət edərək Azərbaycan ordusunun saxlanmasını, Təbrizə azərbaycanlı məsləhətçilər göndərilməsini xahiş etmişdir.

Cənubi Azərbaycan Milli hökuməti yıxıldıqdan, İran şah qoşunları Təbrizi və Cənubi Azərbaycanın başqa şəhər və kəndlərini işğal etdikdən sonra sovet sərhədinə çoxlu insan axını toplanmışdı. M.Bağırov İ.Stalinə sərhəddin açılması və qaçqınların Şimali Azərbaycanda yerləşdirilməsi haqqında müraciət edir. İ.Stalindən razılıq alan M.Bağırov Cənubi Azərbaycan qaçqınlarının Şimali Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşdirilməsinə nail olur. Onların tezliklə işlə, mənzillə, ərzaq məhsulları ilə təmin olunmasına çalışır.

Ermənilərlə mübarizə

1945-ci il noyabr ayının axırlarında M.Bağırov ÜIK(b)P MK katibi G.Malenkovdan bir məktub alır. Məktubda göstərilir ki, Ermənistan K(b)P MK katibi G.Arutunov ÜIK(b)P MK-da DQMV-in Ermənistan SSR-yə verilməsi məsələsinə baxılmasını təklif etmişdir. G.Malenkov Ermənistandan gələn məktubu M.Bağırova göndərmişdi. M.Bağırov məktubla tanış olduqdan sonra G.Malenkova 1945-ci il dekabrın 10-da cavab məktubu göndərmişdi. Məktubda DQMV yaradılması prosesi tarixi ətraflı göstərilməklə yanaşı qeyd olunurdu ki, DQMV Ermənistan SSR ilə həmsərhəd deyil, Ermənistan SSR ilə DQMV arasında əhalinin əksəriyyəti azərbaycanlılar olan Qubadlı, Kəlbəcər, Laçın, Dəstəfur (indiki Daşkəsən) rayonları yerləşir. M.Bağırov məktubda yazır:

"Eyni zamanda ÜIK(b)P MK nəzərinə çatdırmağı lazım bilirik ki, DQMV-in Ermənistan SSR-in tərkibinə qatılması məsələsinə baxarkən, Azərbaycan SSR ilə bitişik və əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Ermənistan SSR-nin Əzizbəyov, Vedi, Qarabağlar rayonlarının Azərbaycan SSR-yə verilməsi məsələsinə də baxılmalıdır... Eyni zamanda Gürcüstan SSR-in Borçalı rayonunun Azərbaycan SSR-in tərkibinə qatılması məsələsinə də baxılmalıdır. Çünki əhalisi tamamilə azərbaycanlılardır və Azərbaycan SSR-lə bilavasitə yanaşıdır. Nəhayət, biz xahiş edirik, Dağıstan MSSR-in Dərbənd və Qasımkənd rayonları ərazisinin də Azərbaycan SSR tərkibinə daxil edilməsi məsələsinə də baxılsın. Keçmişdə Azərbaycanın bir hissəsi olmuş və Bakı quberniyasının tərkibinə daxil idi. Bu rayonların əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və onların əksəriyyəti heyvandarlıqla məşğuldur, ilin 9 ayını Azərbaycan ərazisində yaşayırlar".

Beriya ilə birlikdə

1953-cü il aprelin 18-də Azərbaycan KP MK-nın plenumu olmuş və plenumda bir sıra məsələlərlə yanaşı təşkilati məsələyə də baxılmışdır. Plenum M.Bağırovu Azərbaycan KP MK birinci katibi vəzifəsindən azad etmiş və Azərbaycan SSR Nazirlər Sovetinin sədri təsdiq etmişdir. Lakin dövlətə xain çıxmış L.Beriya ilə əlaqədar olaraq bir neçə aydan sonra M.Bağırova da münasibət dəyişmişdir.

1953-cü il iyulun 12-13-də Azərbaycan KP MK və Bakı Komitəsinin birləşmiş VI plenumu olmuşdur. Həmin plenumda 989 nəfər, demək olar ki, respublikanın əksər rəhbər işçiləri iştirak etmişlər. VI plenumda L.Beriya və M.Bağırovun məsələsi geniş müzakirə olunmuşdur. Plenumun M.Bağırov haqqında qərarında yazılır:

"Beriya ilə əlaqədar yoldaş M.C.Bağırovun partiyaçıya yaraşmayan hərəkətlərini qəbul etmək və pisləmək. Beriya işi ilə əlaqədar partiyaçıya yaraşmayan hərəkətlərinə, partiya qarşısında qeyri-səmimiliyinə, öz işlərində böyük siyasi səhvlər buraxdığına görə M.Bağırovu Azərbaycan SSR Nazirlər Soveti sədri vəzifəsindən götürmək və onu Azərbaycan KP MK bürosunun tərkibindən çıxartmaq".

Lavrenti Pavloviç Beriya Müsavat Partiyasına işlədiyi, Musavatçı, əks-kəşfiyyatda olduğu iddia edilir. 1953-cü ildə güllələnən Beriyaya qarşı ittiham maddələrindən biri onun müsavatçı olması ilə bağlıdır. Mircəfər Bağırovun 1920-ci illərdən Beriya ilə olan sıx münasibəti əsas gətirilərək Bağırovun bundan xəbəri olduğu güman edilirdi. Bu onun tutduğu vəzifələrdən azad edilərək həbs edilib, güllələnməsinə gətirib çıxarmışdır.

1954-cü il martın 13-də partiyadan çıxarılır. Nəticədə Azərbaycandan xaricə təsərrüfat xarakterli işə göndərilmişdir. M.Bağırov 1953-1955-ci illərdə Kuybuşev neft idarəsi rəisinin müavini vəzifəsində çalışmışdır.

Həbs olunması və güllələnməsi

 

Mircəfər Bağırovun məhkəməsi

1955-ci ildə həbsə alınıb, istintaqa cəlb olunmuş, Bakıda 12-26 aprel 1956-cı il tarixdə keçirilmiş məhkəmədə məhkəmənin hökmü ilə ən ağır cəzaya – güllələnməyə məhkum edilmiş və rəsmi məlumata görə hökm yerinə yetirilmişdir. Mircəfər Bağırovun məhkəməsi indiki "Şəhriyar" klubunda keçirilmişdir. Nürnberqdə SSRİ-nin nümayəndəsi olmuş prokuror Rudenko onun məhkəməsini aparmışdır. M.Bağırovun bağışlanmaq haqqında sovet rəhbərliyinə müraciətləri rədd edilmişdir. Lakin Sov.İKP MK siyasi bürosu iclaslarının sənədlərindən aydın olur ki, beynəlxalq vəziyyət mürəkkəb olduğundan Mikoyanın təklifi ilə bu qərarın icrası iki il dayandırılmışdır. Bununla belə, Azərbaycana güllələnmə haqqında qərarın qüvvədə qaldığı bildirilmişdir.

İttiham "Bağırovun və onunla əlbir olanların" 1936-1938-ci illərin repressiyalarında birbaşa iştirakını, günahsız insanların təqib olunmasını, istintaq işlərinə müdaxilə etməsini, öz siyasi rəqiblərini dövlətin repressiya aparatının vasitəsi ilə məhv etməsi faktlarını sübuta yetirmişdir. Bu işlərdən biri də "Ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyətçi təşkilatı” (ESMƏMT) rəhbərlərinin işi idi. Bu işin "Bağırov və onunla əlbir olanlar" tərəfindən saxtalaşdırılması və sifariş edilməsi; eləcə də məhbuslara işgəncələrin verilməsi, bu yolla da özlərini və başqalarını təqsirli bilməsinə məcbur edilməsi məhkəmə tərəfindən sübuta yetirilmişdir. Bu iş üzrə 1938-ci ildə "32 rayon partiya komitəsi katibi 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər". ESMƏMT işi Bağırovun məhkəmə hökmünün mətnində xatırlanmışdır.

Onun həbsi əhali tərəfindən birmənalı qarşılanmamış və hətta bəzi etiraz aksiyalarına da səbəb olmuşdu. Cəmil Həsənlinin "Azərbaycanda milli məsələ: həqiqətlər və müəmmalar (1956-1959)" məqaləsində göstərilir ki, 1956-cı ilin mart ayının 9-da Tbilisidə Stalinin heykəlinin yanında keçirilən mitinqdə əsas tələblərdən biri Mikoyanın, Bulqaninin və Xruşşovun vəzifədən kənarlaşdırılması, digəri isə Azərbaycan KP MK-nın keçmiş birinci katibi M.C.Bağırovun həbsdən azad edilməsi idi.

1980-ci illərdə xarici mətbuat və radioların yaydıqları məlumatlara görə Sibirdə həbsxanaların birində vəfat etmişdir. Lakin o, hələ 1956-cı ilin aprelində SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən ölüm cəzasına məhkum edildikdən bir qədər sonra, həmin ilin may ayında güllələnib.

Məhkəmədə ona qarşı irəli sürülən ittihamların bir qismi əgər sovet rejimi üçün ittiham sayıla bilərdisə, müasir dövrdə öz aktuallığını itirmişdir. Hətta hazırda bu ittihamlara görə M.C.Bağırov şəxsiyyətinə hörmətlə yanaşmaq lazımdır. 1993-cü ildə arxiv materialları əsasında nəşr olunmuş 120 səhifəlik "M.C.Bağırovun məhkəməsi (Arxiv materialları)" adlı kitabdakı faktlarla bu fikri əsaslandırmaq olar. Məsələn, M.C.Bağırovun Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif vəzifələrdə çalışmış Əli bəy Zizinskini, Bəybala Alpanskini, Hacıbala Məmmədyarovu, Əziz Məşədi Hüseyn oğlu Əzizovu, Məmməd Hacıyevi, Əbil Qasım Rüstəmovu, Məmməd Aslan oğlu Sarıcalinskini, müsavat "əksinqilabı" sədrinin həyat yoldaşı Şıxzamanovanı, Qiyas bəy Cahandar bəy oğlu Şıxlinskini və digər şəxsləri müdafiə etməsi ilə bağlı irəli sürülən ittihamlar bu qəbildəndir. Yəni bu şəxsləri müdafiə etdiyinə görə M.C.Bağırova qarşı irəli sürülən ittihamlar müasir dövrdə mahiyyət etibarı ilə onun müsbət cəhətləri kimi qiymətləndirilməlidir .

Bağırov mühakimə olunduğu zaman cəmi 5-10 cümlə söyləyib ki, bu cümlələrdən biri belə olmuşdur: "Mənim ən böyük səhvim Stalinə inanmağım olub"

Vəfatı haqqında digər faktlar

Bəzi mənbələrə görə 17 may 1976-cı ildə Dalnoreçenskidəki ölümə məhkum edilənlərin düşərgəsində vəfat etmişdir. Elə orada da dəfn olunan Mircəfər Bağırovun məzarının nömrəsi 1684-dür. Həmin həbsxana rəisinin dediklərindən:

"Ölümünə iki ay qalana qədər türmədə aşpaz işləyirdi. Çox da xəstə olmadı. Sakit-səssiz qoca idi. Eləcə də dünyadan köçdü. Srağagün, elə öldüyü gün də dəfn elədik..."

Yasaqlanmış Bağırov

M.C.Bağırovun Azərbaycana rəhbərlik etdiyi dövr (1933-1953) XX əsr Azərbaycan tarixinin ən ziddiyyətli və ən çətin dövrlərindən birini təşkil edir. Həmin ziddiyyətlərdən irəli gələrək uzun illər M.C.Bağırova aid kitab və məqalələr yazmaq yasaq edilmişdi. Hətta 1976-cı ildə nəşr olunmuş "Azərbaycan Sovet Ensiklopediyası"nın 1-ci cildində 13 nəfər Bağırov soyadlı şəxs haqqında, o cümlədən Bağırov Ruben Xristoforoviç haqqında məlumat verilsə də, M.C.Bağırovun adı çəkilməmişdir.

Azərbaycanlı alim və tələbələrə 1920-ci illərdən 1957-yə, yəni Mircəfər Bağırovun ölümünə qədər olan dövrün tarixi sənədlərini tədqiq etməyə icazə verilmirdi.

 

 

Mükafatları

Mircəfər Bağırov dəfələrlə Sov.İKP MK, ZKÖK MK, Azərbaycan KP MK və bürolarının üzvü, plenumlarının, konfranslarının, qurultaylarının nümayəndəsi, SSRİ, ZSFSR və Azərbaycan MİK və Ali Sovetlərinin üzvü, qurultay və sessiyalarının deputatı seçilmişdir.

O, Azərbaycan sənayesinin tərəqqisində, kənd təsərrüfatının inkişafında və mədəniyyətinin yüksəlməsində əldə etdiyi nailiyyətlərə görə hökumət tərəfindən 5 dəfə Lenin ordeni, 2 dəfə Qırmızı bayraq, 1 dərəcəli Vətən Müharibəsi, Qırmızı Əmək Bayrağı, Azərbaycan Qırmızı Əmək Bayrağı ordenləri və müxtəlif medallarla təltif edilmişdir.

Filmoqrafiya

Azərbaycan kinosunda ilk dəfə Mircəfər Bağırovun obrazı Bakının işıqları (film, 1950) filmində yaradılmışdır. Həmin filmdə Mir Cəfər Bağırov obrazını Rza Təhmasib canlandırmışdır. Filmə baxış keçiriləndə Mircəfər Bağırov öz obrazının ifasından narazı qalaraq demişdi: "Təhmasib məni yaltaq eləyib. Mən yaltaq olmamışam."

  • Bakının işıqları (film, 1950)
  • Qəzəlxan (film, 1991)
  • Qeybdən gələn səs (film, 2002)
  • Tənha bülbülün rəqsi (film, 2003)
  • Cavid ömrü (film, 2007)

 

 

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR