Slimfit
  1. AZƏRBAYCAN

Minlərlə insan Bakıda qeydiyyatsız və müqaviləsiz yaşayır - Qanun nə deyir?

Minlərlə insan Bakıda qeydiyyatsız və müqaviləsiz yaşayır - Qanun nə deyir?
Sakura

Minlərlə insan Bakıda qeydiyyatsız və müqaviləsiz yaşayır - Qanun nə deyir?

Paytaxtda yaşayış evlərinin böyük əksəriyyətinin sənədsiz olması, vətəndaşların qeydiyyatsız yaşaması ilə yanaşı, müqaviləsiz kirayə verilən evlərlə bağlı problem illərdir ki, bitmir.

Bölgələrdən paytaxta axın edən insanların sayı sürətlə artır. Bu da mövcud problemlərin daha da dərinləşməsinə səbəb olur. Maraqlı məqam isə odur ki, paytaxta gələnlərin çoxu Bakıda özünə ev-eşik qursa da, onların qeydiyyat problemi elə problem olaraq qalır.

Rayonlarda qeydiyyatda olan minlərlə vətəndaşın Bakıda qeydiyyatsız yaşaması onlara pulsuz tibbi müayinədən keçməkdə, hər hansı sənəd məsələlərində də problem yarada bilir. Yaxud əgər təcili hansısa xəstəliyə görə cərrahi əməliyyat olunmalıdırsa, mütləq qeydiyyatda olduğu yer üzrə xəstəxanada pulsuz tibbi xidmət ala bilər. Əks halda mütləq qeydiyyatda olduğu rayonun xəstəxanasından göndəriş almalıdır.

Bəs görəsən, qanunla vətəndaşların ölkə ərazisində bir yerdən digər yerə köçdükdə qeydiyyatı hansı formada aparılmalıdır? Nə üçün kirayədə yaşayan vətəndaşlar qeydiyyata düşmürlər? İnsanlar bu məsələdən məlumatsızdır, yoxsa elə belə olması daha sərfəlidir?

QANUN DEYİR Kİ...

Əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib.

O qeyd edib ki, bu məsələlər “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunla tənzimlənir. Qanunda göstərilir ki, vətəndaş altı ay müddətində yaşayış yerini dəyişirsə, qeydiyyata düşməlidir.

“Əslində, qanunda qeydiyyat məsələsi xarici vətəndaşlar üçün məcburi, yerli vətəndaşlar üçün isə könüllüdür. Qeydiyyat məsələsinin özündə isə bir çox məsələlər var. İlk olaraq qeydiyyat məsələsində ev sahibi özü maraqlı deyil. Çünki kirayənişini qeydiyyata salan ev sahibləri qanunvericiliyin tələblərinə uyğun olaraq gələcəkdə evi satmaq istədikdə qeydiyyatda olan insanlardan razılıq almalıdır.

Bu səbəbdən ev sahibləri bu işdə maraqlı deyil. Respublika qanunvericiliyində qeydiyyat məsələsi sadələşdirilmiş qaydada olduğundan və məcburiyyət olmadığından heç kim buna maraq göstərmir. Yalnız bir şərtlə - kirayənişin əcnəbi vətəndaş olduqda qeydiyyat məsələsinə müraciət edirlər.

Miqrasiya xidmətindən 15 gündən sonra həmin vətəndaşların yaşadıqları əraziyə dair sənəd tələb edildiyindən, ev sahibləri əcnəbi kirayənişinlərin müvəqqəti qeydiyyatını aparırlar. Digər hallarda kirayə evlərdə yaşayan insanların qeydiyyata alınması məsələsinə üstünlük verilmir”.

Ekspert bildirib ki, ipoteka ilə bağlı məsələlərdə isə bu, müəyyən normalarla tənzimlənəcək. Əgər kirayənişin gələcəkdə yaşadığı evi almaq istəyirsə, bunun üçün qeydiyyat mütləq tələb olunacaq.

VERGİDƏN YAYINMA

R.Qasımzadə kirayə mənzillərin müqavilə əsasında verilməməsinin səbəblərindən birinin vergidən yayınmaq olduğunu bildirib:

“Kirayə müqaviləsi notariat tərəfindən qeydiyyata alınarsa, yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ev sahibi dövlətə vergi ödəməlidir. Bəzi vətəndaşlar bunu vergidən yayınmaq üçün edir. Amma bir məsələ də var ki, mənzil sahibi bir il müddətinə evi kirayə verir. Üç ay sonra kirayənişin deyir ki, mən artıq çıxmaq istəyirəm. Belə halda ev sahibi məcburiyyət qarşısında həmin vergini özü ödəməli olur.

Vergidən yayınmaq üçün mənzil sahibi ilə kirayənişin arasında hüquqi yükü olmayan razılaşma müqaviləsi imzalanır. Bu isə yalnız tərəflər arasında məhkəməyə qədər gedən proseslərdə müəyyən mənada dəlil kimi istifadə edilə bilər. Lakin notariat tərəfindən təsdiqlənmədiyi halda heç bir hüquqi yükü olmur”.

MƏNZİLLƏRİN QİYMƏTLƏRİ

Bu gün kirayə bazarında evlərin qiymətləri də artıb. Elə mənzillər, villalar, böyük yaşayış evləri var ki, onların kirayəsi 3000 manatdan yuxarıdır. Bu gün paytaxtətrafı kirayə evlərin minimum qiymətləri belədir:

Bir otaqlı mənzillər – 200-250 AZN arası,

İki otaqlı mənzillər – 250-300 AZN arası,

Üç otaqlı mənzillər isə - 350 AZN-dən başlayır və daha yüksək məbləğlərə qədər gedir.

Paytaxtətrafı (Sabunçu, Suraxanı və s.) ərazilərdə fərdi yaşayış evlərini 150 manatdan başlayan qiymətlərlə tapmaq olur.

Ekspert qeyd edib ki, mənzillərin qiymətləri ilə təklif edilən şərait də bir o qədər uzlaşmır. Əvvəllər normal şəraitli bir otaqlı mənzilləri 200 AZN-ə tapmaq mümkün olurdusa, bu gün bu qiymət 250 manatdan yuxarıdır.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR