Mingəçevirdə uşaq bağçalarının ərzaq təchizatı ilə bağlı “Açıq qapı” günü təşkil edilib
Sentyabrın 18-də “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşəbbüsü ilə Mingəçevir şəhərində fəaliyyət göstərən uşaq bağçalarının ərzaq təchizatı ilə bağlı “Açıq qapı” günü keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, media və ictimaiyyət nümayəndələri üçün keçirilən tədbirdə gündəlik ərzaq məhsullarının keyfiyyəti, təchizat sxemi barədə ətraflı məlumat verilib, əhalini maraqlandıran suallar cavablandırlıb. ASC-nin idarə heyətinin sədr müavini Elşən Əsədov, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Nəsirli, texniki təminat üzrə aparıcı mütəxəssis Kamran Vəliyev, regional idarənin rəisi Elçin Rəhimov və digərləri ərzaqların saxlanma qaydası, keyfiyyətə nəzarət prinsipləri barədə valideynlərə geniş məlumatlar verib.
Daha sonra 7 və 12 saylı uşaq bağçalarında ərzaq məhsullarının təchizat sistemi nümayiş etdirilib, körpələr üçün bişirilən yeməklərin keyfiyyətinə baxış keçirilib. Məktəbəqədər təhsil müəssisəsinin əməkdaşları, valideynlər təchiz edilən ərzaqların keyfiyyətindən razılıqlarını bildiriblər.
Qeyd olunub ki, Mingəçevir şəhəri üzrə 21 uşaq bağçası 2017-ci ildə 576 ton, 2018-ci ildə isə 311 ton həcmində ərzaq məhsulları ilə təmin olunub.
Həmçinin nəzərə çatdırılıb ki, 2017-ci il üzrə 736 dövlət uşaq bağçası 29 min ton (dəyəri 43 milyon manat), 2018-ci ilin 8 ayı ərzində isə 709 uşaq bağçası 18 min ton (dəyəri 33 milyon manat) həcmində 27 adda ərzaqla təmin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət