Slimfit
  1. ARXİTEKTURA

Minə çatmayandan biri – Beş əsrlik “Qaraçı” abidəsi məhv olur

Minə çatmayandan biri – Beş əsrlik “Qaraçı” abidəsi məhv olur
Sakura

Minə çatmayandan biri – Beş əsrlik “Qaraçı” abidəsi məhv olur

Əvvəllər karvana qulluq edib, sovet dövründə orada rus hərbçiləri yaşayıb, müstəqillik dövründə idarə olub, indi də tövlədir

Səngəçal-Cəngi-Şamaxı karvan yolunun üstündə, iri yaşayış məntəqələrindən kifayət qədər uzaqda yerləşən qədim karvansara var.

XIX əsrdən bu karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq karvansara istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaşırı burada məskən saldıqları üçün yerli əhali karvansaranı Qaraçı karvansarası adlandırıblar. Lakin mənbələrdə abidə ən yaxın olan kəndin adı ilə Minəcik karvansarası adlanır.

Minəcik karvansarsası haqqında demək olar ki, çox az məlumat var. Karvansara Səngəçaldan 25 km içəridə daş karxanalarının yanında yerləşir. Deyilənə görə, karvansara 20 il bundan əvvələ qədər istifadəyə yararlı vəziyyətdə imiş. Hətta burada hansısa qurumun bölmə idarəsi də yerləşirmiş. Sonradan idarə binadan köçürülüb və bina tamamilə baxımsız vəziyyətə düşüb. Daha heç kimi burada 5 əsrlik tarixə malik olan binanın yerləşdiyi maraqlandırmır.

Maraqlıdır ki, tikili dağılmaq üzrə olsa da, heç yerli sakinlərin də maraq dairəsində deyil. Sakinlər də buranı tövləyə çevirib, heyvan saxlamağa başlayıblar.

Karvansaraya getmək o qədər də asan deyil. Səngəçala çatdıqdan sonra hələ 25 km də içəri doğru irəliləməlisən ki, bu tarixi tikiliyə gəlib çata biləsən. Yol kələ-kötür və çalalarla dolu olduğu üçün bu yolu düz bir saata qət etmək olur.

HAŞİYƏ: Yol boyu qarşımıza çox sayda daşla dolu və boş "KamAZ" maşınları çıxır. Sakinlər yolun belə vəziyyətdə olmasını yük maşınlarının çox olması ilə əlaqələndirirlər.

Səngəçal sakini Nizami Quliyevin sözlərinə görə, Minəcikdə olan karvansara kimi Azərbaycan ərazisində 999 karvansara var. Rəqəmin 999 olmasını isə N.Quliyev, onun yadda qalan olması ilə izah edir: "Şirvanşahlar dövründə tikilən bu tarixi abidələrin 999 olmasının maraqlı tarixi var. Həmin dövrdə bu abidələrin 1000 olması istənilirmiş. Amma rəvayətə görə, karvansaraların eskizini çəkən memar onların sayının 999 olmasını təklif edir və izah edir ki, 1000 elə 1 deməkdir. 999 isə unudulmur".

Kənd sakini deyir ki, sovet dövründə Səngəçalda hərbi hissələr olub. Karvansarada da rus hərbçiləri yaşayıblar.

Amma indi karvansara tam qəzalı vəziyyətdədir. Bəzi otaqların tavanı, divarları dağılıb. Kənardan əzəmətli görünsə də, içəri daxil olanda daşların hər an başına dağılacağı qorxusunu yaşayırsan.

Beş əsrlik tarixə malik olan, əvvəlcə karvan sahiblərinin istirahəti üçün nəzərdə tutulan, sonradan hərbçilərin məskunlaşdığı binaya çevrilən, idarə binası kimi istifadə edilən və sonda da mal-qara saxlanılan tarix göz gör-görə məhv olmaq təhlükəsi ilə üz-üzədir.

Tədqiqatçı Faiq Nəsibovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, günümüzə çatan bu yolüstü karvansara Şirvan-Abşeron memarlıq məktəbinə aiddir. Quruluşca Səngəçaldakı karvansaraya bənzəyir, lakin ondan bir qədər kiçik və sadədir: "Tikili iki mərtəbəli dördbucaqlı formada inşa edilib. Qalın divarlar künclərdə yarımbürclərlə möhkəmləndirilib. Karvansaranın baş fasadında tağlı girişi olan portal qurulub. Bina qala tipli quruluşa malikdir və müdafiə sığınacağı kimi də fəaliyyət göstərib".

Deyilənə görə, əvvəllər abidənin dəmir darvazası olub.

Tədqiqatçı bildirir ki, daxili həyətin ortasında balaca hovuz yeri var. Həyətin ətrafında qonaq və xidmətçilər üçün otaqlar, təsərrüfat yerləri var.

"Heyvanların yerləşdirilməsi üçün otaq girişlə üzbəüz qurulub. Buranın tavanı kifayət qədər hündür olduğu üçün ehtimal etmək olar ki, ora dəvələr üçün nəzərdə tutulub. Girişin üstündə balaxana - kiçik qonaq otağı var. Karvansaranın daxili düzülüşü tam şəkildə simmetrikdir lakin bəzi otaqlar sonradan söküntüyə məruz qalıb. Tikilinin bəzi tavanları çöküb, divarların altında böyük lağımlar var. Fasadın bir hissəsi çökdüyünə görə giriş portalın uçma təhlükəsi yaranıb. Karvansaranın şərq divarına olan əlavələr onun vaxtilə təmir edildiyinə işarə edir. Minəcik karvansarasının su təminatı yaxınlıqda olan su quyusu vasitəsilə həyata keçirilirmiş. Bu su quyusu indi də işlək vəziyyətdədir", – deyə F.Nəsibov əlavə edib.

Onun sözlərinə görə, binanın tikilmə tarixini girişin üstündə olan daş kitabədən təxmin etmək olar. Bir neçə il əvvələ qədər qırılmış, lakin tam aradan çıxmamış hissələrdə Şirvanşah Xəlilullah adını oxumaq mümkün olub. Amma təəssüf ki, bu gün həmin kitabə dağılaraq məhv olub.

"Kitabənin paleoqrafiyası və titullarına əsasən onun Şirvanşahlar dövlətinin 35-ci hökmdarı I Xəlilullahın (1417-1465) vaxtına aid olduğu ehtimal edilir. Beləliklə, Minəcik karvansarasının Səngəçaldakı karvansara ilə eyni dövrdə, yəni XV əsrin ortalarında tikildiyini söyləmək olar", – deyə tədqiqatçı qeyd edib.

Qeyd edək ki, tikili dövlət tərəfindən qorunan abidələr siyahısına daxildir (106 saylı inventar). Onun bərpa məsələsi dəfələrlə gündəmdə olub. Lakin hələlik, real iş görülmür. Binada tez bir zamanda təcili bərpa tədbirləri görülməsə, bu abidəni də itirə bilərik.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Sputnik Azərbaycan-a bildirib ki, Minəcik karvansarası dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix mədəniyyət abidələri siyahısındadır.

"Qaradağ rayonu ərazisində Minəcik deyilən ərazidə yerləşən karvansara XV əsrdə inşa olunub. Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilib. İnventar nömrəsi 106 olan abidə hazırda qəzalı vəziyyətdədir", - deyə o təsdiq edib.

F.Hüseynov əlavə edib ki, abidə bərpa olunması üçün investisiya proqramına salınıb.

Minə çatmayandan biri – Beş əsrlik “Qaraçı” abidəsi məhv olur

 

Minə çatmayandan biri – Beş əsrlik “Qaraçı” abidəsi məhv olur

 

Minə çatmayandan biri – Beş əsrlik “Qaraçı” abidəsi məhv olur

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR