Slimfit
  1. MARAQLI

Milyarderlərin psixologiyası...

Milyarderlərin psixologiyası...
Sakura

Milyarderlərin psixologiyası...

Bir zaman «milyarder» sözünü eşidəndə iki cəhətdən təəccüblənirdik: İlahi, insanda bu qədər sərvət olar? İlahi, nə xoşbəxt adamdır! Lakin vaxt keçdi, XXI əsrdə «milyarder» anlamı biz Azərbaycan türkləri üçün adiləşdi: ona görə ki, dollar meydanında milli manat cılızlaşdı. Qısa müddət kəsiyində köhnə anlamlı «milyarderlər» dəstəsi əhatəmizi bürüdü və biz ziyalılar təbəqəsi yoxsul, ağaclardan-filəndən məhrum adaya çevrildik. Bəlkə çevirdilər? Maraqlıdır, milyarderlərin sərvət qazanma yollarından daha çox onların xarakterləri, psixologiyaları düşündürücüdür. Səbəbi? Bəlkə onlar adi adamlardan hansısa xüsusiyyətləriylə seçilirlər(mişlər)? Şübhəsiz! Amma başqa mövqedən, yəni səriştəlilik, çeviklik, hərislik, soyuqqanlılıq və s. xüsusiyyətləriylə. (Bu başqa bir mövzudur).

Yüz il öncə Ç.Lambroza imperializmin «köpək balıqları»nı, «pul dağarcıqlarını», əslində biznes klassiklərini sıralamış, öz fikirlərini bildirmişdir. Əlbəttə, Ç.Lambrozanın epitetləri o qədər də nəzakətli səslənmir. Öz əlinin qabarı ilə, ardıcıl əməyilə, istehsalatda uğuru ilə milyonları qazananlara halal olsun və həm də o mənada ki, bu sərvətdən xalqına, dövlətinə də sərf edirlər, bundan ləzzət alırlar. «Ləzzət» dilimə qeyri-şüuri gəldi və öz-özümə düşündüm ki, həqiqətənmi külli pul-sərvət sahibləri cibindən xərcləməyilə ləzzət alırlar?! Etik-fəlsəfi anlamda «ləzzət» elə hissdir ki, insanı yer üzünün nemətlərinin qədrini-qiymətini bilməyə çağırır. Kimisi əqidəli ləzzətə üstünlük verir, yəni əsl həqiqəti tapmağa, düzgün informasiya almağa nail olur. Kimisi ruhani ləzzəti əsas götürür, daha doğrusu, özünü ən ali, ruhi vəziyyətdə təsəvvürə gətirir, kimisi də…

Kimisi də pula, sərvətə o qədər aludəçilik göstərir ki, hər şeyini: sağlamlığını, yaxın-doğmalarını, ailəsini və s. qurban verir. Gecə-gündüz yalnız bu barədə xəyala dalır, qürurunu və nəhayət özü də bilmədən fiziki və mənəvi sağlamlığını itirir. Streslərə tuş gəlir. Belə halda o(lar), nəinki öz həyatına, hətta ətrafındakı mikro və makro mühitə belə laqeyd yanaşır. Unutmayaq ki, belə təqdirdə hisslərini dəyişdirməyi bacarmır, həyatını cilovlamaqda acizlik göstərir. Bu isə istər-istəməz milyarderlərin psixologiyasını tamamilə başqalaşdırır…

Mən düzü, onların psixologiyasına başqa yönümdən, mənfi müstəvidən yanaşmağı qərarlaşdırmışdım, əlimdə faktlarım yetərincəydi. Axşam bu yazını tamamlamaq ovqatım olmadığından, işi sabaha – səhərə saxladım. Bu səhər (12 sentyabr) təmizdi, ağacların yarpaqları titrəyirdi, bakirə ab-hava insanı yalnız yaxşılığa səsləyirdi və mən də bu hissimə tabe oldum.

Milyarderlərin psixologiyasını ayrı cür təsəvvür edənlər istənilən qədərdir. Təbiidir, lakin tarixi keçmişə qayıdanda, onların həyat tərzinə, məişətinə varanda o nəticəyə gəlinir ki, heç bir fövqəladəlikləriylə seçilmirlər, elə bir qəribəlikləri də gözə dəymir… Milyarderləri görən olmayan bir şəxsdən soruşsun ki, filan milyarderin zahiri əlaməti, görkəmi Necədir, yaxud necə təsəvvürə gətirərsən? Cavabında qəribə cizgilərin mövcudluğunu sadalayacaqdır. Əslində, onların fiziki xüsusiyyətləri başqalarından heç nəylə fərqlənmir. Tarixi şəxsiyyət baxımından milyarderlər geniş alına, sıx saçlara, güclü alt çənəyə və s. malikdirlər. Məsələn, Rokfellər, Huld, Vanderbildt və Morqanda olduğu kimi, Kin və Karneçi vaxtından qabaq dazlaşmışlar. Onların bir qismi qısa boylu olsalar da, dahilərə xas bəzi əlamətləri büruzə vermişlər. Evlənərkən hətta qadının boylarının özlərindən hündür-qısalığına belə laqeyd qalmışlar. Moris, Vanderbildt, Berinq, Huld bir və iki barmaq qısa idilər. Gill, Kin, Zahe, Qrikson Harmonin sifət cizgiləriylə xoş təsir oyatmışlar. Demək, onlarla ünsiyyətə dərhal qoşulmaq mümkündü və hansısa mübhəm sözünü demək cəsarəti reallaşır. Krukeri tarixçilər qeyri-adi gözəlliyə malik milyarder kimi təsəvvürdə canlandırmışlar. Unutmayaq ki, onların arvadları qənirsiz gözəl olmuşlar; bu məsələdə zövqlərinə arxayın kəsilmişlər. Görünür, pul, sərvət qadın seçimini optimallaşdırır. Əlbəttə, bu mənim fantaziyamın qənaəti də ola bilər. Çünki imkanım olmayan təqdirdə yalnız xəyala arxayınlaşa bilərəm… Heyif ki, milyarderlərin övladlarının vücudu və idrakı zəif olur, amma bu, heç də o deyil ki, ataları tükənmişdir…

Psixoloji xüsusiyyətləri etibarilə milyarderlər ağıllı adamlarla bərabərdir, seçilmirlər, əqli tarazlıq yerindədir. Xəsisliklə, daima yola gedən qənaətçil, sənayenin bütün incə proseslərini dəqiqliyilə öyrənmək, geniş və tükənməz səbr, iradə və təhsilin həyatı, iş keyfiyyətləri göstərir ki, onların heç vədə özlərini dahilər cərgəsinə salmırlar və bu haqda düşünmək belə həvəsinə gəlmirlər. Onlar öz işlərində, pul qazanmaqda dahidirlər, çünki çılğın iş qabiliyyətlərinə malikdirlər. Di gəl, ədəbiyyatı oxumurlarsa, incəsənəti çox sevirlər, musiqiyə aludədirlər.

Milyarderlərlə dahilər arasında bəzi nüanslı cəhətlər var: erkən yaşlarından çalışırlar ki, tez kamilləşsinlər, sərbəst düşünsünlər. Məsələn, Stefae Jirar 10 yaşında gəmidə yunqa olmuşdur; Qordon Bennet nəşriyyatda faktor idi; Huld 12 yaşında divar kağızı çəkənin yanında gəmi tərsarəsi sahibinin tərəf-müqabiliydi. Hayt da, Karneci də həmçinin, uşaq ikən artıq pul qazanmışlar. Milyarderlərin xeylisi fəhlə-kəndli ailələrində doğulmuş, istehsalata belə bir məişət intellektiylə düşmüşlər. Texniki və ruhani təhsilinə həvəs göstərmişlər. Klerek texniki, Gill isə ruhani elmlərinə ciddi maraqlı olmuşlar. Az-çox mənimsəmişlər. Hamısımı belə idi? Təəssüf ki, bir qisminin ilahidən bəxti gətirmişdir. Vanderbildt və Haribaldi hətta əlyazmalardan heç nə qanmamışlar, Trest və Karrentini yazmağı bacarmamışlar. Savadsızlıq əməyin xüsusi sahəsində əsaslı, lazımi biliklərə yiyələnməyə və getdikcə «boğazlarını» arıtlamağa maneçilik törətməmişdir. Məlumdur ki, savadlı insan nəzəri biliyə daha çox vaxtını sərf edir, enerjisini fanatikcəsinə xərcləyirsə, milyarderlər bu potensial imkanını əməli işdən – istehsaldan əsirgəmir.

Yoxsulluq pis qismətdir, taleyin ən amansız oyunudur öz bəndəsi üçün. Lakin bu əzabverici və pessimist payı hər bir yoxsul bir cür qarşılayır. Ruhdandüşmə , ümidsizlik kimi hallara təslimçilər ömürlərinin sonuna qədər taleləriylə barışırlar. Əksinə, ciddi inadkarlıq, vəziyyətdən çıxmaq yollarını araşdırıb tapmaq, səbrlilik kimi müsbət keyfiyyətləri özündə tapanlar geniş pula, sərvətə yiyələnirlər. Biz böyük hünər sahibi H.Z.Tağıyevin simasında bunun şahidinə çevrilmişik. Müşahidələr, faktlar göstərir ki, milyarderlər əsasən uşaqlıqda, yeniyetməlikdə yoxsul, ağır həyat yaşamışlar. Müəyyən məğləğ üçün çox qapıları döymüşlər, özlərini oda-közə çırpmışlar. Klerk üçün 5000 dollar lazımdı və buna qədər isə o, texniki elmləri öyrənirdi. Müəllimliyindən, qazmaçılığından əl götürməmişdi. Nəhayət, o, lazım olanı qazandı və işini sonadək apardı. Karnegi toxuculuq fabrikində gündə yorulmadan saatlarla çalışırdı, 6 frank 25 sent qazanırdı. Gill bir az fərqliydi həmin milyarderlərdən. O, fabrikant oğlu olsa da, müstəmləkə dükanında 2,5 frank qazanırdı və rəhbər işləməyə başladı. Lovğalığı yaxına buraxmırdı, buxar gəmiləri cəmiyyətində qazançı idi. Edison karyerasına teleqrafçı kimi ayaq açmışdı. Karlin sonralar öz adını daşıyan şirkətini və maşınını yaratdı. Çeşney, Reblinq və Şrekeks istedadlı uşaqlardı, təhsilə bir o qədər ehtiyacları yoxuydu. Sonralan ən iri ipək, dəmir və şəkər şirkətlərini təsis etdilər.

Milyarderlər ticarət və maliyyə sahələrində də uğurlar qazanmışlar. Belələri bacarıqlı, işgüzar şagirdlər olmuşlar. Kloflind, Hordon, Pilisi kimi. Maraqlıdır, Fins və Douj ilk əvvəllər qələmə üstünlük vermişlər, yazıçılığa başlamışlar. Huld, Rokfellər, Zaqe və Fyold əvvəllər şəxsi katib işləmişlər, kağız-kuğuz aparıb gətirmişlər. Sonra cibləri gətirmişdir.

Bu sadalananlar – milyarderlərin bir qismi uşaqlığın da, yoxsulluğun da üzünü, çətinliyin şapalağını duymuşlar, amma ağılla nəyisə götür-qoy etmişlər, yollar seçmişlər. Mən bir dəfə yazmışdım ki, Bakının küçələrinə səpələnmiş, imkanlıların «zirehli» maşınlarına su çiləyən, əslində arzularını çiləyən uşaqların gələcəyi yaxşı olmalıdır. Onlar milyonçu olmaq üçün öz ağıllarına və sağlam vücudlarına arxayındılar. Mən indi də bu nikbin ümidimi itirmirəm. Raslanın «Kasıb uşağın psixologiyası» əsərində yazır ki, özünə ən zəruri əşyaları təkbaşına əldə etməyə və hətta başqalarına belə qulluq etməyə məcbur olan yoxsul uşaq, həyatın yaratdığı çətinliklərdən daha tez yaxa qurtara bilər. Çünki o, yalnız özünə güvənməlidir.

Milyarderlərin qəribə taleləri olduğu kimi, beləcə də psixologiyaları vardır, enişli-yoxuşlu həyat yollarında qazandıqları mənəvi-maddi sərvətlərin cavabında. Amma çağdaş milyarderlər yaddan çıxarmasınlar, aralarında elələri tapılır ki… dünya onlara məxsusdur, dünya onların ovcundadır. Həqiqətənmi belədir?..

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR