İki gün sonra millimiz Millətlər Liqasında bu ölkənin komandasına qarşı oynayacaq. Ümid edək, çox azarkeşimizi narazı salmış Kosovo ilə dünənki oyundakı nəticə həmin qarşılaşmadakı qələbəylə unudulacaq, “Avro-2020” yolunda ilk ciddi addım atılacaq.

Ümidlər, gözləntilər… Bunlar hamısı təbii ki, xəyallardır.

Gerçəkliyə qayıdanda isə biz hələ təyyarədəyik. O təyyarədə ki, onu AFFA ənənəvi olaraq milli üçün özəl olaraq təşkil edib. Adətən, belə reyslər zamanı federasiyanın rəhbərliyindən baş katib Elxan Məmmədov səfərin təşkilatçısı kimi ayaqüstü bir qrup azarkeş və media nümayəndələri ilə görüşür. Bu, bir tərəfdən nəzakət qaydasıdır, əlbəttə ki. Amma vacib bir faktı qeyd edim. Bəzən belə səfərlərdə həm Elxan Məmmədovun özü, həm də AFFA barədə dəfələrlə tənqid yazan jurnalistlər də təmsil olunur. Məsələn, elə bu yazının müəllifi də. Amma insafən bildirim ki, E.Məmmədov heç vaxt səfərlərdə haqqındakı belə yazılara görə narazılıq etməyib, hətta nəsə bir ehyam belə vurmayıb. Bunu isə onun ziyalı geninə, müsbət insani keyfiyyətinə və yaxşı yol yoldaşlığına bağlayaq.

Elxan Məmmədov, AFFA-nın vitse-prezidenti Rauf Əliyev, Qurban Qurbanovun rəhbərlik etdiyi millinin məşqçilər korpusu təyyarənin “biznes-klass”ında əyləşib. Onlarla bərabər daha iki məşhur sima var –Vaqif Sadıqovla İsgəndər Cavadov. İndi, bu dəqiqə hamısı bir yerə toplaşıb nə barədəsə qızğın söhbət edir, ya da müzakirə aparırlar. Kiçik bir haşiyəyə çıxıb bu şəxslərin hamısını təkcə xaricdə millinin matçları zamanı deyil, toplu halda bizim çempionat oyununda görməyi də arzulayaq. Müzakirələr aparsınlar, stadionların neyçün boş olmasının səbəbini araşdırsınlar, problemləri öyrənsinlər. Qurban Qurbanov təyyarədəki bu söhbətdə fəal iştirak etmir. Bütün fikri komandadı. Bu gün artıq üçüncü, ya dördüncü dəfədi ki, onlardan aralanaraq futbolçuların əyləşdiyi salona gəlir, nə işlə məşğul olduqlarına nəzarət edir. Təkcə bu kiçik fakt deyil, bilinən və daha çox ictimaiyyətin bilmədiyi başqa bir çox fakt da Qurban Qurbanovun milliyə nə qədər xüsusi və ciddi yanaşdığından, bu işin məsuliyyətini çiynində sonədək ləyaqətlə daşımaq istəyi və əzmindən xəbər verir. Bir qrup hövsələsiz azarkeşlərimiz kaş ki, səbr etməyi bacaraydı…

Mən bunlar qeyd edəndə başımın üstündə onu görürəm. Noutbukumun açıq olduğunu görüb soruşur:

- Kinoya baxırsan?

- Yox, yazı yazıram.

Gülümsəyir. Və ona təklif edirəm:

- Saytda olacaq, vaxtınız olsa, baxarsız.

Yumor hissini işə salır:

- Yazılarınızı oxuyanda pis oluram.

Yəqin, bəzi dostcasına tənqidləri nəzərdə tutur.

***

Bu yerdə mən istər-istəməz Rəşad Sadıqovu xatırlamalı oluram. Millidə kapitan olanda adəti üzrə yaxınlaşıb jurnalistlərlə saatlarla söhbət edərdi, vaxtın necə keçdiyini hiss etdirməzdi. Yeri nə qədər də görünmüş… Özünə və U-21 komandasına uğurlar arzulayaq.

Yeri gəlmişkən, indi hazırkı kapitan Kamran Ağayevin ünsiyyətə açıq olması, jurnalistlərlə müzakirələr aparması yaxşı haldı.

Əslində, millidə istiqanlı futbolçular az deyil. Amma sanki çoxusu utancaqdı, ya da ola bilər, jurnalistlərlə söhbətdən çəkinirlər (Kamran Ağayevlə yanaşı Qara Qarayev də istisnadı), səfərdə vaxtlarını daha çox planşet və noutbuklarda filmləri izləməyə həsr edirlər. Ya da “iqra” oynayırlar. Amma millinin mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlunun göstərdiyi şəkildə bir futbolçumuzun kitab oxuduğuna şahid oluruq. Millinin yeni gənc oyunçusu Rahil Məmmədovdu. Özünün dediyinə görə, İran yazıçısı Perinuş Səniinin xatirələrini oxuyurmuş.

Qara Qarayevin gəlib yanımda əyləşib söhbətə başlaması yazıda fasilə verməyimə səbəb olur. Çox şey barədə danışırıq, mətbuata çıxarılası, daha çox isə çıxarılmayası. Ondan soruşuram:

 

- Siz futbolçular səfərlərdə tez-tez olursunuz. Şəxsi istirahətə vaxt tapırsınız? Məsələn, əyləncəyə…

- Mümkün deyil. Nə əyləncə?! Məşq, otel… Bir faktı deyim. Son Avroliqa oyunundan qabaq 2 gün və çempionat matçından əvvəl daha 2 gün oteldə qalmışıq. Yəni həftənin 4 gününü. Bu yaxınlarda hesabladım, ötən ilin 365 gününün 150 neçə gününüsə otellərdə keçirmişik. Hardasa 5 ay. Təsəvvür elə də!

- Sizin də normal bir həyat tərziniz yoxdu.

Təəssüflə başını bulayıb razılaşır.

Və elə bu vaxt təyyarə bələdçisi Malta hava limanına endiyimizi xəbər verir.

Bakı vaxtı ilə saat 22.22-di.

Sonra biz bu hava limanından, deyəsən, 2-3 şəhərin içindən keçməklə bizim otelimizin yerləşdiyi Sent-Pol-Bey şəhərinə getməliyik. 2-3 şəhər deyəndə isə ağlınıza bizdəki kimi bir neçə saatlıq məsafə gəlməsin. Cəmi 15-20 dəqiqəlik yoldu...