Slimfit
  1. AZƏRBAYCAN

Milli həmrəyliyimiz, milli birliyimiz və əbədi müstəqilliyimiz xalqımızın tarixi nailiyyətidir

Milli həmrəyliyimiz, milli birliyimiz və əbədi müstəqilliyimiz xalqımızın tarixi nailiyyətidir
Sakura

Milli həmrəyliyimiz, milli birliyimiz və əbədi müstəqilliyimiz xalqımızın tarixi nailiyyətidir

 31 dekabr - xalqımıza bu gününə və gələcəyinə ərməğan edilən gün.

Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqları sırasındadır. Çünki bu gün onun gündən-günə çiçəklənən, güclənən, dünyada söz sahibi olan Azərbaycan adını ən mötəbər beynəlxalq tribunalardan ehtiramla səsləndirilməsini diktə edən müstəqil bir dövləti var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Müstəqil Azərbaycan bütün azərbaycanlıların Vətənidir. Bizim bir Vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – Azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”.

Bu gün dövlətimizin başçısının çağırışına səs verən dünyada yaşayan bütün azərbaycanlılar ölkəmiz üçün həlledici məqamlarda həmrəylik nümayiş etdirərək haqq səslərini ucalda bilirlər. Bu birliyin, həmrəyliyin təməlinin atıldığı tarix isə hər il böyük təntənə ilə qeyd edilir. Bu tarix 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu günün qeyd olunması isə ümummilli liderimiz Heydər Əliyevin xalqımızın tarixi taleyi ilə bağlı qəbul etdiyi mühüm qərarlardan biridir. Ulu Öndərimizin bütün dünya azərbaycanlılarına ən böyük əmanətlərindən biri də elə budur - müstəqil dövlətimiz və vahid məqsəd ətrafında sıx birləşmək ideyası.

Naxçıvanda qəbul edilən tarixi-siyasi
əhəmiyyətə malik qərar

1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. Məhz bu müqəddəs amallara çatmaq üçün 1991-ci il dekabrın 16-da Ümummilli Liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunub. Həmin sessiyadakı çıxışında Ulu Öndərimiz qərarın tarixi-siyasi əhəmiyyətini vurğulayaraq deyib: “Dünya Azərbaycan Türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu, məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür”.

Qərara əsasən, 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada qeyd edilib. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynayıb.

Azərbaycan dünya azərbaycanlılarının
milli iftixar, mənəvi dayaq və güvənc yerinə çevrildi

Dahi şəxsiyyət 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra milli birliyi təmin etməklə yanaşı, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində də ardıcıl, məqsədyönlü siyasət yürüdüb. Dünyanın müxtəlif dövlətlərində yaşayan azərbaycanlıların mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, onların məskunlaşdığı ölkələrdə siyasi, iqtisadi fəaliyyətini genişləndirməsi bu siyasətin prioritet istiqamətlərini təşkil edib. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş Ümummilli Liderimiz xarici ölkələrə çoxsaylı səfərlərində diasporumuzun nümayəndələri ilə görüşlər keçirib, onların problem və qayğıları ilə yaxından maraqlanıb.

Görkəmli dövlət xadiminin hakimiyyətə qayıdışından sonra Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri olub. Müdrik rəhbərin “Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi haqqında” 2001-ci il 23 may tarixli Sərəncamına uyğun olaraq, həmin ilin 9-10 noyabrında Bakıda təşkil olunan qurultay həmrəyliyə, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, diaspor quruculuğunun təkmilləşdirilməsi işinə ciddi töhfə olub. Bu qurultay milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvəsi idi. Ulu Öndərimiz qurultaydakı nitqində dünya azərbaycanlılarının həmrəyliyini vacib bir vəzifə kimi önə çəkib, bunun üçün zəruri olan prioritetləri diqqətə çatdırıb. Dahi rəhbər deyib: “Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır, Azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Azərbaycançılıq məfkurəsi aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik”.

Azərbaycançılıq ideyalarının gerçəkləşməsi
milli diasporun formalaşmasına yol açıb

Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli idealların, Azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addım idi. Qurultay həm də müstəqil Azərbaycanın və eləcə də dünya azərbaycanlılarının həyatında tarixi ictimai-siyasi hadisə kimi yadda qalıb. Qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yaranıb, soydaşlarımızın bir yerə toplaşdığı təşkilatlar dünyanın hər yerində daha aktiv fəaliyyət göstərməyə başlayıblar.

Milli diasporun formalaşması və dünyada Azərbaycan lobbisinin inkişafı məqsədilə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul edilib. Dövlət komitəsinin yaradılması və qanunun qəbul edilməsi, bütövlükdə, dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da sürətləndirib, xaricdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən idarə olunmasına və soydaşlarımızın Vətənlə əlaqələrinin möhkəmlənməsinə səbəb olub. Bu gün dünyanın dörd bir yanındakı azərbaycanlılar yaşadıqları xarici ölkələrdə cəmiyyətin iqtisadi, ictimai-siyasi və mədəni həyatına daha çox inteqrasiya olunur, həmin ölkələrlə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında yaxından iştirak edirlər.

Milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları bu gün dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına səbəb olub. Prezident İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən, həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə verib, 2008-ci il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilib. Bu dövrdən etibarən dövlətimizin diaspor siyasəti xaricdə yaşayan soydaşlarımızın daha da mütəşəkkil təşkilatlanması nəticəsində yeni mərhələyə qədəm qoyub, onların doğma Vətənə olan bağlılıqlarını artırıb.

2011-ci ildə Dünya Azərbaycanlılarının III, 2016-cı ildə isə IV qurultayları keçirilib. Bu qurultaylarda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak ediblər. Qurultaylar xaricdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni təxribatlarının qarşısının alınması istiqamətində mühüm rol oynayıb, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəylik bayramına çevrilib.

Dünya azərbaycanlıları Azərbaycanın və
Prezident İlham Əliyevin ətrafında sıx birləşirlər

Ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycanın iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söz və nüfuz sahibi olması dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırıb, onların müstəqil dövlətimizin xoşbəxt gələcəyinə inamının, özünüdərk hissinin güclənməsinə, ümummilli maraqlar ətrafında sıx birləşməsinə zəmin yaradıb. Müstəqil Azərbaycanın əldə etdiyi uğurlar onların milli şüurunu gündən-günə möhkəmləndirir. Odur ki, müxtəlif ölkələrdəki Azərbaycan diaspor təşkilatları soydaşlarımızın təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətinin məqsədyönlü xarakter alması naminə daha faydalı iş aparır, ölkəmizi daha yaxından tanıtdırmaq üçün müvafiq tədbirlər həyata keçirirlər.

Dövlətimizin başçısının hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımıza ünvanladığı təbriklər Ümummilli Liderimizin siyasi ideyalarına əsaslanan milli həmrəylik siyasətinin dövlət səviyyəsində uğurla həyata keçirildiyini nümayiş etdirir. Dövlət başçısının bu il dünya azərbaycanlılarına ünvanladığı təbrikində ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunmuş bu tarixi günün xarici ölkələrdə məskunlaşıb yaşayan milyonlarla soydaşımızın Azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin və Vətənə sədaqətinin rəmzi kimi hər il xalqımız tərəfindən ruh yüksəkliyi ilə bayram edildiyini bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yaxın keçmişimizin bir çox tarixi sınaq anlarında mütəşəkkil birlik və həmrəylik nümayiş etdirərək, bütün sahələrdə böyük inkişafa və uğurlara nail olub.

Dövlətimizin başçısı deyib: “Ümidvaram ki, harada yaşamalarından asılı olmayaraq, soydaşlarımız məskunlaşdıqları ölkələrin həyatına inteqrasiya ilə yanaşı, öz milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini, tarixi Vətənlə bağlılığı qoruyacaq, Azərbaycanın bu günü və aydın sabahı naminə əməl və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirəcəklər. Xarici ölkələrdəki çoxsaylı diaspor təşkilatlarımızın gələcəkdə də əzmkar iradə və yüksək vətənpərvərliklə bu amallar uğrunda çalışacağına, xalqımızın və dövlətimizin şərəfli adını daim uca tutacağına inanıram”.

Azərbaycan xalqı ümummilli
məsələlərdə həmişə həmrəylik nümayiş  etdirir

Vətən ana qucağı kimi isti, ata əli kimi möhkəm və əmindir. Onun coşqun çaylarının, şəlalələrinin səsi əbədi həyat nəğməsi, əbədi laylamızdı. Həm də elə bir layla ki, yalnız bu elin insanları üçün bəstələnib, bu layla yalnız və yalnız bizə rahatlıq və əbədi səadət bəxş edə bilər. Nə qədər ki bütün dünyada yaşayan azərbaycanlılar həmrəydir, Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmişik, heç bir qüvvə bizi sarsıda bilməyəcək. Ona görə biz xalqlar arasında ən müasir, dövlətlər arasında ən qüdrətli olmağa layiqik ki, dar gündə kimliyindən, siyasi mövqeyindən asılı olmayaraq birləşməyi bacarırıq, düşmənə qarşı tək yumruq ola bilirik, ümummilli bir məsələdə, Azərbaycan torpaqlarının azad olunmasında dövlətimizin, ordumuzun yanındayıq. Bu gün müstəqil Azərbaycanda görülən bütün işlər məhz bu məsələyə, milli iradənin, xalqın möhkəm iradəsinin formalaşmasına yönəldilib. Çünki məhz milli iradə, birliyimiz, həmrəyliyimiz həlledici məqamda öz sözünü deyəcək. Tarixboyu belə olub, bundan sonra da belə olacaq.

Dünya azərbaycanlıları ulu öndərimiz Heydər Əliyevin bu müraciətini heç vaxt unutmurlar: “Azərbaycanlılar! Harada olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən!”

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR