Millət vəkili naxçıvanlı şagirdlərin problemini həll etdi
Naxçıvan Muxtar Respublikasından olan şagirdlərin Bakı məktəblərinə dəyişdirilməsi ilə bağlı yaranan qeydiyyat problemi həll olunub.
Axar.az xəbər verir ki, bunu Gununsesi.org-a açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev deyib.
“Mənə bildirdilər ki, məsələ həll olundu. Nazirlikdə xüsusi mərkəz yaradılıb. Naxçıvanın təhsil nazirliyi ilə birlikdə problemin həllinə nail olunub. Mən Təhsil naziri Ceyhun Bayramova təşəkkür edirəm ki, müraciətimə operativ yanaşıldı və problem həllini tapdı. Saytınıza da məsələyə diqqətimizi çəkdiyinə görə təşəkkür edirəm”.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasından olan şagirdlərin Bakı məktəblərinə dəyişdirilməsi üçün qeydiyyat problemi yaranmışdı. Məktəblərə qəbul və yerdəyişmə üçün yaradılan onlayn sistem Muxtar Respublikadan olan şagirdlərin qeydiyyatını apara bilmirdi. Millət vəkili Qüdrət Həsənquliyev Təhsil naziri Ceyhun Bayramovla əlaqə saxlayaraq, problemin həllini xahiş etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət