Dərc edildi: Baxış sayı: 1479
Mikayıl Müşfiq - Bir də baxsan mənə
Baxışın qəlbimi incitmişdir;
Bu baxışdan, bu duruşdan əl çək.
Bir də baxsan mənə, iş bitmişdir;
Bir də baxsan mənə, fikrim dönəcək.
Yenidən uyğusu qaçmış gecələr,
Sevgilər, fırtınalar başlanacaq.
Ayrılıqlar, qarışıq bilməcələr...
Yanacaq sıtmalı ruhum, yanacaq!
Bu baxışdan, bu duruşdan əl çək!
Yoxsa könlümdəki qızğın şimşək
Üstünə od sovurar hər yerdən.
Orda dur, burda dayan, hey bəklə,
Səni tale günəşim güdməklə
Keçməsin qorxulu vadilərdən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət