“Microsoft Edge” brauzeri “iOS” və “Android” sistemli qurğularda quraşdırılacaq
“Microsoft” korporasiyası “iOS” və “Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğular üçün “Edge” brauzerini təqdim etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə korporasiyanın rəsmi bloqunda deyilir. Tərtibatçıların sözlərinə görə, “Edge” mobil-versiya “Windows 10” əməliyyat sistemli kompüter və smartfon arasında informasiyanı tez ötürməyə imkan verəcək. Məsələn, istifadəçilər digər qurğuda açılan səhifələrə baxa, eləcə də yaddaşda saxlanılmış parolları sinxronlaşdıra biləcəklər.
Məlumata görə, hazırda beta-versiya şəklində mövcud olan “Edge” mobil brauzerini “TestFlight” əlavələrin sınağı servisi vasitəsilə yükləmək mümkündür. Bundan başqa, proqram hələlik planşetlərlə işi dəstəkləmir.
Testlərdə iştirak üçün istifadəçilərdən “Microsoft” rəsmi saytında qeydiyyatdan keçmək tələb olunur.
Qeyd edək ki, köhnəlmiş “Internet Explorer” brauzerini əvəzləyən “Microsoft Edge” 2015-ci ildə “Windows 10” əməliyyat sistemi ilə birlikdə istifadəyə verilib. Əvvəllər proqram yalnız “Windows” sistemli qurğuları dəstəkləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət