Metropolitendə maraqlı sərgi açıldı
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC və Bakı Metropoliteni QSC-nin birgə təşkilatçılığı ilə “Gənclik” metrostansiyasında “Gəmiçilik-160 il” mövzusunda fotoqalereya açılıb.
Kult.az verir ki, sərgidə müxtəlif arxivlərdən əldə edilən nadir fotolar nümayiş olunur. Bu fotolar həm AXDG QSC-nin əməkdaşları, həm də araşdırmaçı-jurnalist, Bakı Media Mərkəzinin redaktoru, əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun araşdırması ilə ortaya çıxıb.
Sərgilənən hər fotonun yanında yerləşdirilən paspartunda onun annotasiyası qeyd edilib. Bundan başqa, sərgi izləyicilərinə fotoşəkillər barədə virtual məlumat almasına da şərait yaradılıb. Belə ki, izləyicilər smartfonları vasitəsi ilə şəkillərdəki “QR” koddan istifadə edərək, Bakı Metropoliteninin rəsmi saytında yerləşdirilmiş elektron qalereyaya daxil ola və fotoların yüksək keyfiyyətlə nümunələrini yükləyə bilərlər.
Fotolar ilin sonuna kimi sərgilənəcək.
Xatırladaq ki, bu il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyini qeyd edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət