Metroda onları görəcəksiniz...
Bakı Metropoliteninin “İçərişəhər” stansiyasında daha bir fərqli sosialyönümlü aksiya keçiriləcək. İki gün ərzində animatorlar "Soyuq ürək" qəhrəmanlarını canlandıracaqlar.
Trend-in məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin “Park Cinema” kinoteatrlar şəbəkəsi və “AnderSon” kafesi ilə birlikdə keçirəcəyi budəfəki aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq və insanların maarifləndirilməsinə töhfə verməkdir.
İki gün ərzində, noyabrın 24-25-də saat 12:00-dan 14:00-a qədər stansiyanın vestibülündə xüsusi geyimlərdə olan animatorlar zəngin şou göstərəcəklər. Bu səbəbdən aksiya daha çox azyaşlı sərnişinlərin diqqətini çəkəcək. Çünki animatorlar uşaqların böyük rəğbətini qazanmış "Soyuq ürək" animasiya filminin qəhrəmanlarını canlandıracaq və metropolitenin azyaşlı sərnişinlərinə sevincli anlar bəxş edəcəklər. Bu, gələn həftə Bakıda keçiriləcək "Soyuq ürək-2" animasiya filminin premyerası ərəfəsində sərnişinlərdə xüsusi ovqat yaradacaq. Ən əsası, xəstəlik və onunla mübarizə ilə bağlı maarifləndirmə işində böyük əhəmiyyət kəsb edəcək.
Stansiyadakı xüsusi lövhələrdə talassemiyalı xəstələrə yardım etmək üçün müvafiq məlumatlar yerləşdiriləcək.
Valideynləri övladları ilə bu aksiyada iştirak etməyə dəvət edirik.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət