Slimfit
  1. ƏDƏBİYYAT

“MƏSUM” GECƏ - ELŞƏN İSMAYIL

“MƏSUM” GECƏ - ELŞƏN İSMAYIL
Sakura

“MƏSUM” GECƏ - ELŞƏN İSMAYIL

Artıq onun heç bir şansı qalmamışdı. Çünki elə bir yola girmişdi ki, oradan geri dönüş yox idi. Daxili iztirab, ruhi sarsıntı... və s. - bir sözlə hal-hazırda duyduğu heç bir hiss onu xilas etmir, elə hey özünə çəkməyə davam edirdi...

İndi sevdiyi anasının qollarında olmaq, onun özəl qayğısını, nəvazişini duymaq, astadan qulağına pıçıltıyla söylədiyi şirin sözləri eşitmək... Hə, bir də onu tez-tez döysə də doğma atasının üzünü görmək, səsini eşitmək qədər gözəl xəyalları vardı qızın...

Amma gəl gör ki, tale, qismət, bəlkə də Tanrının özü bu gənc qıza necə də əzablı, dözülməz bir oyun oynamışdı. Yazıq qız sevmədiyi, əsla arzulamadığı, onunla birlikdə olmağı xəyalına belə gətirmədiyi yad bir kişi ilə yataqda idi. 15 yaşlı Gülərin ağlında evlilik yox idi. Çünki yaşadığı bölgənin insanlarının murdar düşüncəsinə rəğmən, o bir qız uşağı idi – bəli: uşaq...

Hər düşüncəsiylə tamamən fərqli bir dünyada yaşamaq istəyən qızcığaz indi sanki qorxulu bir məxluqun əsirinə çevrilmişdi. Keçən hər saniyə, hər dəqiqə onunçün duyduğu cəhənnəm əzabını daha dərinləşdirir, sonsuz bir uçuruma doğru aparırdı...

Baxmayaraq ki, ağuşunda ruhən öldüyü, sanki əzabla can verdiyi bu kişi də ona elə bir yad adam sayılmırdı (onlar qohum idilər), amma yazıq qızcığaz hər çırpınışda ürəyinin, qəlbinin, ruhunun – bütün varlığının necə əzabla, əziyyətlə məhv olduğunu dərindən hiss edirdi. Nə olsun ki, bu kişi də onu sevirdi (sevdiyini zənn edirdi), nə olsun ki, xasiyyət və şəxsi keyfiyyət anlamında yaxşı adam idi. Nə olsun ki...

Onlar bir-birini uzun illərdir tanıyırdılar. Ancaq qız heç vaxt bu oğlana (doğma xalası oğluna) arzularının və gələcək xoşbəxtliyinin sahibi gözüylə baxmamışdı. Sadəcə baxa bilmirdi. Çünki o uşaq idi. Uşaq... Heç vaxt onu ər namizədi kimi görməmişdi. Tez-tez görüşsələr də (əvvəllər sadəcə qohum kimi), əsla ona sevgili kimi bağlanmamış, yaxın adam kimi öyrəşməmişdi. Bir sözlə, yaraşıqlı, boylu-buxunlu olmasına baxmayaraq, bu oğlan heç vaxt qızın istəyində, arzusunda, xəyalında, təsəvvüründə olmamışdı. Xüsusən də onunla bir yataqda olmaq... sadəcə dəhşət idi... 

Bu yerdə bəzən bir tarixi söz yada düşür. Keçmiş kənd adamları aradabir uğursuzluğa düçar olanda Tanrıdan, Yaradandan əl üzəndə ona qarşı böyük bir üsyan hissiylə: “qismətimi yazan yerdə qələmin qırılaydı, Allah!” deyə, ah-nalə edərdilər. Bəli. Onları haradasa anlamaq olardı. Belə vəziyyətlərdə insanın inamı itə bilir, ruhən yalnızlaşan, qəddarlaşan adam qorxunc bir heyvana çevrilir sanki. Dərdin, əzabın mutasiyaya uğratdığı heyvan...

Dərd, bəla hissindən uzaq olan və ancaq şəxsi mənafe gündənlərsə ölənə qədər və öləndən sonra da ancaq bir adla xatırlanırlar: “heyvan”. Elələri üçün o ad belə çoxdur və hətta yazıq heyvanlara təhqir sayılır o kəslərə “heyvan” demək... 

Oğlan qızı çox sevirdi. Uşaqlıqdan ona möhkəm bağlanmışdı. Yaşları artdıqca valideynləri də (bacılar) bir-birinə tamam başqa gözlə (quda kimi) baxmağa başlamış, el arasında məşhur olan bir ifadə - “özgəyə verincə elə özüm alaram” kimi köhnə, pas atmış fikirlər dumanına qərq olmuşdular (yenə də valideyn diktaturası övladının “yaxşılığını” istəmək adı altında davam edir, bu gənclər kimi yüzlərlə minlərlə gələcəyin bədbəxt ailələri yaranırdı. Sonra da deyirlər, son zamanlar niyə boşanmaların sayı artıb.)...

Qüdrət, Gülərdən yaşca çox böyük idi: ən az 10 yaş fərq vardı aralarında. Ancaq di gəl ki, heç birinin ailə, evlilik haqqında normal bir düşüncəsi yox idi. Qüdrət tikintidə fəhlə işləyir, boş vaxtlarında isə tüfeyli həyat sürürdü. İşi-gücü ancaq küçədə gördüyü qızların, qadınların arxasınca düşmək və qazandığı beş-on manatı içkiyə, qumara vermək idi. Bəli. Şəhərin bəzi yerlərində qanunsuz kiçik qumarxanalar fəaliyyət göstərirdi.       

Hüquq-mühafizə orqanları tez-tez o yerləri aşkarlayıb haqqında tədbir görsə də, bəzən fəaliyyəti və xislətiylə dövlətə, dövlətçiliyə xəyanət edən bəzi məmurlar kirli planlarıyla “sudan quru çıxmağı” bacarırdılar. Amma təbii ki, hər zülmün sonu olduğu kimi, hər cinayətkarın da bir sonu var – həbsxana (el arasında ona “qoduqluq” deyirdilər – çünki elə cinayətkarlara bu ad çox yaraşırdı: qoduq)... 

Qüdrətin şəhvətlə yanan gözləri Gülər üçün cəhənnəm keşikçisini xatırladırdı. Ancaq bu yazıq qızcığaz nə qədər xatırlamağa çalışırdısa da, cəhənnəmə düşəcək qədər böyük günah sahibi olduğunu düşünmürdü. Həm də ki, uşağın nə günahı olacaqdı ki... Bəli. O uşaq idi, uşaq...

Görünür qızın atası Ziyad kişi başqa cür düşünürdü. Bacanağıyla quda olmaq arzusu azyaşlı qızının həyatını puç etməkdən daha üstün idi onun üçün. Boş vaxtlarında “nərd çempionu” olmaq kimi “böyük hünərə” sahib olan Ziyad, qudası Mehdinin yağ fabrikində nəzarətçi işləyirdi. Bəli. Fabrik müdürü olan bacanağının idarəsində sadəcə “nəzarətçi” vəzifəsinə yiyələnə bilən Ziyadın hirsi, hikkəsi qədər böyük xəyalları və planları var idi. Quda olandan sonra sanki nəsə dəyişəcək və Ziyadın “əlindəki kartlar” böyüyəcəkdi. Elədir ki var. Ziyad kişi öz azyaşlı – məktəbli qızını ərə verməklə şəxsi nüfuzunu artırmağı planlaşdırırdı...

Artıq onlar tamamən çılpaq idilər. Qüdrətin fiziki gücü və “kişiliyi” Gülərin alt paltarını çıxara bilmək üçün yetərli olmuşdu...

21-ci əsrdə hələ də orta əsrlərin köhnəlmiş və necə deyərlər, çürümüş təfəkkürüylə yaşayan insanların dərdi-səri ancaq onun-bunun arvadının geyimini, fəaliyyətini güdmək, qonşunun aldığı yeni maşını, təzə telefonu və s. əşyaları müzakirə etmək, aradabir: “hayıf deyildi SSRİ” deyərək, yeri gəldi-gəlmədi indiki dövrü, insanları tənqid etmək idi. Həmin təfəkkürə sahib olan insanlar üçün fərqi yox idi, kimin nə arzusu, nə xəyalı, nə planı var. Sanki yer kürəsi sırf bu iki-üç dələduzun ətrafında dönürdü. “Vorzakon” qanunlarıyla yaşayan və öz ailəsindən əksər hallarda xəbəri olmayan “xalxın kişiləri” başqalarının nikahlı arvadlarının, məktəbli qızlarının “qeyrətini çəkir”, hər məhəlləni özləri üçün xüsusi bir “respublika” elan etmişdilər...

Son anda narahatlıq hissinə qapılan qız anası Leyla gecəni yata bilmədi və ərini təcili surətdə yuxudan oyatdı. Deyinə-deyinə oyanan Ziyad həyat yoldaşının nigaranlığını nəinki görmədi. Hələ bir sevinc “nərəsiylə” otaqdan enib bu özəl günü bir daha qeyd etmək üçün mətbəxə yaxınlaşdı. Toyda xeyli spirtli içki qəbul etsə də, yuxudan oyanması onun üçün yeni bir bəhanə idi. Qadının nigaranlığı kişinin vecinə olmadı və o səhərə qədər elə hey içdi... 

Qüdrət Gülərə “hücum etməyə” hazırlaşan anda, bayaqdan çarəsiz qızcığaz kimi sadəcə ağlamsınıb taleyinə içdən-içə üsyan edən qız biranda nə düşündüsə də, yataqdan cəld kənara sıçradı. Və çarpayının yanındaki su bardağını əlinə götürdü. Onsuz da sərxoşluqdan gözü dumanlanan Qüdrət onun su içmək istədiyini zənn edib geri çəkildi. Bir neçə saniyə gözləyib yenidən öz “ovuna” doğru hücuma keçəcəkdi. Ancaq hər şey onun istədiyi kimi olmadı...

Məktəb illərinin ilk vaxtlarından ta indiyənədək Gülər ancaq bir şey haqqında ciddi düşünürdü – təhsil alıb həkim olmaq. Uşaqlığın ilk çağlarında eşitdiyi, qarşılaşdığı vəziyyətlər bir müddətdən sonra onu bu arzuya yaxınlaşdırmışdı. Bəzi insanların ehtiyac üzündən həkimə gedə bilmədiyi gerçəyi təəssüflər olsun ki, günümüzün reallığı idi. Xüsusən də adı “özəl” olan klinikalar. Sanki oğurluğun, adam soymağın müasir üsulu idi onlar. Bəli. Adi bir yoxlanış 40-50 manat, “uzi” ən az 50 manat və s... 

 

    Demokratik bir sistemdə də hər zaman qüsurlar və əngəllər olur. Ancaq bəzi məsələlər sanki qoca Şərqin taleyinə yazılmışdı. Maddi sıxıntılardan daha çox sosial-psixoloji vəziyyətlər xalqları inkişafa deyil, günü-gündən məhvə doğru aparırdı. Bu mövzularda ölkəmizin qonşu dövlətlərdən daha yaxşı vəziyyətdə olduğunu nəzərə alarsaq, Yaxın şərq və bəzi Asiya dövlətlərinin durumu haqqında düşünmək olduqca tükürpərdici idi... 21-ci əsr olmasına baxmayaraq, hələ də bir çox yerlərdə yeni doğulan körpələrin cinsiyyət problemi (oğlan və ya qız olması) qalmaqda idi. Və sırf bu kimi məsələlərə görə onlarla ailə dağılır, yüzlərlə arzular, xəyallar gerçəkləşmədən puç olub gedirdi... 

Gecənin zülmət dolu baxışları arasında göydə sayrışan ulduzların çılğın rəqsini görmək olurdu. Haradasa bir Avropa diyarında – bir malikanədə məşhur italyan bəstəkarı Antonio Vivaldinin “6 violonçel üçün konsert” əsəri səslənməkdə idi. Orada insanlar necə də xoşbəxt və qayğısız görünürdülər. Amma hər gülümsəyən baxışın altında sanki qəddar və artıq sıxıntından partlamağa hazır bir ürəyin sahibi yatırdı. Oradaki insanların qayğısı çox fərqli məsələlər idi. Ancaq elitan Avropalı da bir zamanlar Şərqdən daha acınacaqlı vəziyyətdə idi. Sadəcə özü-özüylə mübarizə apararaq, savaşaraq, vətəndaş müharibələri görərək əsrlərlə mənfi xüsusiyyətlərindən arınmış və artıq müasir dünyada nümunə halına gəlmişdi. Bəli. Avropa bunu uzunmüddətli mübarizə və inam hissiylə edə bilmişdi. 

Şərqdə isə ən yaxşı halda olan elə müstəqil Türk dövlətləri idi. Baxmayaraq ki, onlar da min il öncə ərəbin, farsın murdar ideologiyasına məhkum edilmiş, din adı altında, “əxlaq prinsipləri” bəhanəsiylə əslində əxlaqsızlığa düçar edilmişdi. Bəli. Ərəb və fars müxtəlif adlarla, müxtəlif bəhanələrlə Şərqi öz murdar yaşantıları və ideologiyalarının qurbanına çevirmişdilər. Bu günkü bir çox sosial məsələnin tarixi kökü məhz Sasanilər və Xilafət dövrünə dayanırdı. Özəlliklə də rüşvət...

Gülər əsəbdən və hikkədən partlamaq həddinə çatan və ona fasiləsiz olaraq bağıran Qüdrəti dinləmirdi. Otağın bir küncünə “sığınmışdı”. Bir neçə dəqiqə belə keçdikdən sonra başı yaralı olan qüdrət xeyli qan itirdiyinin fərqinə varıb halsızlaşdı. Əlində parçalanmış bardaq tutan Gülər isə elə hey ağlayırdı. İndi o, qurtulduğunu və yaxud daha böyük bir bəlanın içinə düşdüyünü yəqin edə bilmirdi. Qüdrətin bənizi keçən hər saniyə daha çox saralır və tədricən o, huşunu itirirdi. 

Qüdrət tamamilə huşsuz hala düşüb yerə sərildikdən sonra çarəsiz Gülər anın şokundan nə edəcəyini bilmədən yatağına gəldi. İndi onun beynində saysız-hesabsız fikirlər dolaşırdı. Özündən savayı ailəsini düşünürdü qızcığaz. Bundan sonra nə olacaqdı, nələr olacaqdı... 

Bütün azyaşlı gəlinlərin naləsi, qarğışı sanki o gecəni ittiham edirdi. Bütün pisliklər gecənin adına yazıldı o gün... Bəli, zülm əhlinin günahları da gecənin boynuna atıldı... Və gecə öz məsumluğunu isbat edə bilmədən yavaş-yavaş bitirdi - baş verən hər cinayətin bir müddətdən sonra unudulması kimi...

Gülər qanlı yorğan-döşəyinə sarılıb uyumaq və sanki yuxudaymış kimi bütün olanları unutmaq istəyirdi. Artıq göz yaşları da qurumuşdu. Nəfəsi daralırdı. Yuxu da öz sözünü deyirdi. Çünki saat nə az nə çox 4-dən keçmişdi. Sonda hər şeyin yaşı olacağını düşünərək yuxuya getdi Gülər. Qüdrətin səssiz bədəni isə bundan sonrakı gün haqqında dəhşətli fikirlər yaradırdı... 

 

ARDI VAR...

ELŞƏN İSMAYIL

21 İYUL 2020

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR