Messi ' Barselona'nın heyətində 700-cü oyununa çıxacaq
İspaniya "Barselona"sının Almaniyanın "Borussiya" (Dortmund) klubu ilə keçirəcəyi Çempionlar Liqasının V tur matçı Argentina millisinin futbolçusu Lionel Messi üçün əlamətdar olacaq.
"Report"un məlumatına görə, meydana çıxacağı təqdirdə, bu, 32 yaşlı hücumçunun Kataloniya təmsilçisinin heyətində 700-cü oyunu kimi tarixə düşəcək. Messi klub tarixində belə nailiyyətə imza atan ikinci oyunçu sayılacaq. Ən çox oyunu komandanın sabiq yarımmüdafiəçisi Xavi Ernandes keçirib. Xavidə bu göstərici 767-dir.
"Barselona"nın yetirməsi olan Messi klub tarixinin ən yaxşı bombardiridir. O, 699 oyuna 612 qol vurub və 248 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Barselona" - "Borussiya" matçı noyabrın 27-də "Kamp Nou" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət