Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev maliyyə sektorunun inkişafı üzrə strateji təşəbbüsləri açıqlayıb.

Ens.az Teleqraf.Az-a istinadən xəbər verir ki,Mərkəzi Bank rəsmisi Azərbaycam Maliyyə Forumunda bildirib ki, bu təşəbbüslər əsasən dörd mühüm prioriteti əhatə edir: “Bunlardan birincisi maliyyə sektorunun, institutlarının, bazarlarının və infrastrukturunun sabitliyinin təmin edilməsi üzrə təşəbbüslərdir. Bu istiqamətdə, 2024-cü il ərzində Mərkəzi Bank tərəfindən prudensial tənzimləmə çərçivəsinin modernizasiyası davam etdirilmiş, banklarda korporativ idarəetmə standartlarına yenidən baxılmış, bununla bağlı gələcək vizyonu əks etdirən tövsiyələr qəbul edilmiş, sığorta və investisiya şirkətləri üçün korporativ idarəetmə standartları tətbiq edilmişdir. Risklərin idarə edilməsi və effektiv nəzarət məsələlərinə hər zaman olduğu kimi xüsusi önəm verilmiş, Mərkəzi Bank tərəfindən “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”, eləcə də “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” təsdiq edilmişdir. Bu istiqamətdə banklarda ekoloji risklərin idarə edilməsi, əməliyyat risk menecmenti və s. sahələr üzrə tənzimləmələrin tətbiqinə start verilmişdir. Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə dair yeni qaydalar qəbul olunmuşdur. Sığorta sahəsi üzrə risklərin xaricə ötürülməsi habelə, katastrofik risklərin təkrarsığortalanması ilə bağlı tələblər müəyyən edilmiş, sığortaçıların dayanıqlı təkrarsığorta siyasəti formalaşdırılmışdır.

İkinci qrup təşəbbüslərə maliyyə vasitəçiliyinin və maliyyə inklüzivliyinin genişləndirilməsi üzrə tədbirləri aiddir. Ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının genişlənləşdirilməsi və yeni çeşid maliyyə alətlərindən istifadənin təmin edilməsi məqsədilə banklarda davranış modelləri əsasında kreditləşməyə dair prudensial tənzimlənmə çərçivəsi qəbul edilmiş, kredit müqavilələri üzrə borcalanın həyat sığortası ilə bağlı yeni tənzimləmələr gətirilmiş, agent bankçılıq üçün hüquqi-normativ baza formalaşdırılmış, Yaşıl Taksonomiya təsdiqlənmiş, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri, yaşıl maliyyə və bir sıra digər sahələr üzrə məlumatlılığın artırılması məqsədilə çoxsaylı tədbirlər keçirilmişdir.

Üçünçü qrup üzrə rəqəmsallaşma və yeni maliyyə texnologiyalarının tətbiqinə istiqamətlənmiş tədbirlərdən danışmaq istərdim. Sözsüz ki, 2023-cü ildə “Ödəniş xidmətləri və sistemləri haqqında” Qanunun qəbul edilməsi ilə ödəniş və maliyyə texnologiyaları sahəsi yeni mərhələyə qədəm qoymuşdur. Ötən dövr ərzində Mərkəzi Bank tərəfindən 14 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 operator lisenziyalaşdırılmışdır. Həmçinin qeyd edilməlidir ki, Ani Ödənişlər Sisteminin əhatə dairəsinin genişləndirilməsi davam etdirilmiş, “Açıq bankçılıq” üzrə tələblər təsdiq olunmuşdur. Maliyyə innovasiyalarının inkişafı məqsədilə Mərkəzi Bank ötən ildən etibarən xüsusi tənzimləmə rejiminin tətbiqinə başlamışdır. Bu məqsədlə, xüsusi tənzimləmə rejiminin ayrıca internet resursu yaradılmış, artıq 21 müraciət qeydə alınmış və onlardan 4 innovativ məhsul meyarlara uyğun seçilərək Xüsusi Tənzimləmə Rejiminə qəbul edilmişdir. Hazırda bu innovativ məhsullar sınaqdan keçirilir.

Son qrup olaraq, maliyyə xidmətləri istehlakçılarının maarifləndirilməsi və onların hüquqlarının müdafiəsinin gücləndirilməsi çərçivəsində həyata keçirilmiş tədbirlərdən bəhs etmək istərdim. İstehlakçıların hüquqlarının müdafiəsi, maliyyə məhsullarının və xidmətlərinin keyfiyyətinin artırılması, habelə istehlakçıların şikayətlərinin effektiv həllinin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən geniş maarifləndirmə proqramları həyata keçirilmiş, “Maliyyə institutlarının bazar davranışlarına dair tələblər” layihəsi hazırlanmışdır. Ümumilikdə bazar davranışlarının tənzimlənməsi məsələləri cari ildə xüsusi prioritet təşkil edəcəkdir”.