Slimfit
  1. MEDİA

"Mental qaydalar qadınların azadlığını məhdudlaşdırır" - Məşhur həkim-nevroloqla müsahibə

"Mental qaydalar qadınların azadlığını məhdudlaşdırır" - Məşhur həkim-nevroloqla müsahibə
Sakura

"Mental qaydalar qadınların azadlığını məhdudlaşdırır" - Məşhur həkim-nevroloqla müsahibə

İnce.Az”ın bu dəfəki müsahibi həkim-nevroloq, Avropa Nevrologiya Akademiyasının üzvü Qalib Əsədovdur.

- Qalib həkim, qadınlar sizə hazırda ən çox hansı problemlərlə müraciət edirlər?

- Qadınlar da, kişilər də beyin-qan dövranının pozulması, osteoxondroz, müxtəlif irsi-degenerativ xəstəliklər, dağınıq skleroz və s. şikayətlərlə müraciət edirlər. Amma qadınlar arasında əsəb pozuntuları,  el arasında “nevroz” deyilən patologiya (bu gün müasir elmdə bu termin işlənilmir), baş ağrısı, depressiya  daha çox yayılıb.

 - Bəs bu halların qadınlar arasında yayılmasının əsas səbəbini nədə görürsünüz?

- Bir sıra sosioloji konflikt, şəxsi həyatda müvəffəqiyyətsizlik, uğursuzluq çox həssas olan sinir sisteminə psixo-travmatik təsir göstərir. Bu da belə halların yaranmasına gətirib çıxarır. Biz də patriarxal cəmiyyətdə yaşayırıq və mental dəyərlər, müxtəlif adət-ənənələr, əxlaq qaydaları qadınların azadlığını daha çox məhdudlaşdırır, nəinki kişilərin. Məşhur avstriyalı psixoanalitik Ziqmund Freyd “Psixopatalogiya üzərəinə” kitabında yazırdı ki, basdırılmış arzular gələcəkdə travma və əsəbi gərginlik kimi üzə çıxır. Kişilər istədikləri kimi istirahətlərini təşkil edə bilir, dostlarıyla gəzməyə gedir, yəni daha çox azaddırlar. Qadınlarda isə belə sərbəstlik yoxdur. Onlar daim evdə oturmalı, hansısa hərəkəti etdikdə icazə almalıdırlar. Üstəlik hamiləlik, uşaq dünyaya gətirmə kimi kifayət qədər ağır proseslərin öhdəsindən gəlməli, daha sonra uşağa baxmaq, böyütmək, eyni zamanda ev işləriylə məşğul olmaq və ailə üzvlərinin qulluğunda durmaq təbii ki, qadının sinir sisteminə mənfi təsir göstərir. Əgər bura qadına göstərilən mənəvi və bəzən fiziki şiddəti də nəzərə alsaq, əsəb pozuntularının niyə məhz qadınlarda daha çox əmələ gəlməsinin səbəbini anlayarıq. Təbii ki, söhbət bütün ailələrdən getmir. Sadəcə qadını anlamaq, ona diqqət, qayğı göstərmək, sevgi, nəvaziş kifayət qədər olmadıqda zərif cinsin nümayəndələrində bu kimi hallar yaranır.

Əsəblərin pozulması. Bu hal ən çox hansı yaş qrupunda olan xanımlarda olur?

- Belə hallara bütün yaş qruplarında olan xanımlarda rast gəlinir. Amma əsasən, gənc qızlarda daha çox olur. Çünki qızlar daha güclü sevirlər, daha çox romantikdirlər və onlar sevgiyə ideal, ülvi bir hiss kimi baxırlar. Onlar sevgiyə başqa bir fiziki təmas, tələbatını ödəmək kimi bəsit yanaşmırlar. Qızlar daha tez bağlanırlar, daha sədaqətlidirlər. Çox vaxt bunu qarşı tərəfdən, öz sevgilisindən görməyəndə, uğursuz sevgi yaşayanda bu kimi problemlər yaranır. Bir də bu hallar çox vaxt erkən klimaks dövründə rast gəlinir. Klimaks başlayan zaman bəzən qadınlara elə gəlir ki, onlar üçün həyat artıq bitib, qocalıblar və beləcə kompleks yaşayırlar. Depressiyaya yaranır, yuxusu pozulur, emosional gərginlik əmələ gəlir.

- Bu xəstəliklər hansı müddətə orqanizmdə baş verir?

 - Yüksək oyanıqlıq, həssaslıq halları ilə yanaşı, astenik, depressiv əlamətlər başlayır. Xəstə, çox kiçik, əhəmiyyətsiz bir şeydən tez hirslənir. Ucadan danışmaq, qapının çırpılması, yazı qələminin səsi, su kranının şırıltısı, ətrafdakıların az, yaxud çox danışması xəstəyə pis təsir göstərir. Belə xanım ümumi yorğunluqdan, zəiflikdən, iş qabiliyyətinin azaldığından şikayətlənir, tez kövrəlir, başı ağrıyır. Bəzən xəstə başının sıxıldığını hiss edir. Ən çox yuxu pozğunluğu olur, xəstə yata bilmir. Yatağa uzandıqda yuxulaya bilməyəcəyində qorxur, yuxusu çox səthi olur, qorxulu yuxular görür. Odur ki, xəstə səhər yuxudan qalxdıqda çox əzgin, yorğun və əsəbi olur. Vəziyyətində baş vermiş dəyişiklikdən azad ola bilməyəcəyinə inanır, xəstəliyini ağır sayıb həkimə müraciət edir, amma xəstəlik hisslərinə qapılıb qalır. Hər bir hadisədən xəstə tez mütəəssir olur, xəyala dalır, əhvalı tez-tez dəyişir, bəzən bir hadisəni nəql edərkən onu həddindən artıq şişirdir, yalan danışır. Xəstənin emisional vəziyyəti sabit qalmır, şıltaqlıq edir, tez-tez küsür, qısqanc olur və s.

Qadınlarda əsəb pozuntusunun çox yayılmış formalarından biri də obsessiv-kompulsiv pozuntudur. Məsələn, xəstə evdən çıxıb getdikdə qazı, işığı söndürüb-söndürmədiyindən şübhəli olur, söhbət əsnasında başqasının qəlbini sındırdığından qorxur, uzun müddət bu haqda fikirləşir, başlamaq istədiyi işin öhdəsindən gələ bilməyəcəyindən qorxur, cürət edə bilmir. Xəstə sarışan fikrə qapıldıqda hər hansı bir mənasız fikir, yaxud sözü yadından çıxara bilmir, onu dəfələrlə təkrar edir, bütün bunların mənasız olmasına baxmayaraq həmin fikir xəstədən əl çəkmir. Məsələn, xəstə ardı-arası kəsilmədən əllərini yuyur, təmizlik işlərinə həddindən çox aludə olur və s.

Bəzən el arasında panik atak adlandırılan həyəcan-təşviş pozuntuları yaranır. Bu zaman xəstənin başına cürbəcür qorxulu fikirlər gəlir. İlk növbədə, o, çox ağır xəstəliyə (xərçəng, infarkt və s.) tutulmasından qorxur, onu tez-tez ölüm qorxusu hissi bürüyür. Çox vaxt qaranlıq otaqdan, qapı-pəncərənin bağlı olmasından, hündürlüyə qalxmaqdan qorxur. İtmiş, yaxud oğurlanmış bir şey haqqında onun yanında söhbət apardıqda üzünün dərisinin qızaracağından qorxur. Bütün bunların mənasız olduğunu dərk etməsinə baxmayaraq xəstə bu vəziyyətdən çıxa bilmir. Odur ki, qorxudan xəstənin gah üzü avazıyır, gah tərləyir, onu ürəkdöyünmə tutur.

Əsəb, stress... Bunun fəsadları özünü hansı xəstəliklərdə göstərir?

- Daimi, xroniki stress vaxtı qanda adrenalin adlanan maddənin miqdarı çoxaldığı üçün ilk növbədə arterial təzyiq yüksəlir. Bütün digər fəsadlar, yəni infarkt, insult, şəkər xəstəliyi, mədə yarası və s. məhz xroniki stress zamanı əmələ gələn fəsadlardır. Stresin 3 mərhələsi vardır. Əslində bu, orqanizmin müdafiə mexanizmidir. İlk dövrdə insana mənfi təsir göstərən emosional qıcığa qarşı orqanizm bütün qüvvələrini səfərbər edir. İkinci mərhələdə orqanizm bu arzuolunmaz vəziyyətdən çıxmaq üçün imkanları toplayaraq, vəziyyəti normallaşdırmağa çalışır. Çıxış yollarını araşdırır və adekvat tədbirlər görür. Əgər stress uzun müddət davam edərsə (sonsuzluq, narkoman və ya alkoqol qəbul edən ər, qalmaqallı həyat şəraiti və s.) orqanizmin bu müdafiə imkanları tükənir. Bax bu zaman üçüncü mərhələ başlayır. Daha doğrusu insanın müqavimət imkanları tükəndiyinə görə həm nevrotik pozuntular, həm də digər daha ciddi xəstəliklər (şiş, infarkt, insult, şəkər və s) yaranır.

- Ümumiyyətlə, bir çox xəstəliklərin səbəbini sinir sistemiylə bağlayırlar. Hətta həzm problemlərini də. Bu haqda nə deyə bilərsiniz?

- Bəli. Bütün digər xəstəliklər sinir sistemiylə bağlıdır. Biz beynimizin təcəssümüyük. Davranışımızı, əxlaqımızı, tərbiyyəmizi müəyyənləşdirən beyindir. Ona görə də əgər sinir sistemi gərgindirsə, narahatdırsa, təbii ki, ayrı-ayrı orqanların idarə olunması pozulur. Avtonom sinir sistemi adlanan şöbə daxili orqanların fəaliyyətini tənzimləyir. Məsələn, biz ürək döyüntünün tezliyini, gücünü, daxili sekresiya vəzilərinin hormon ifrazını, arterial təzyiqi, mədə-bağırsaq sisteminin fəaliyyətini idarə edə bilmirik, çünki bunlar iradəmizdən asılı deyil. Əgər beyin gərgindirsə, təbii ki,  bu vaxt daxili orqanların normal fəaliyyəti pozulur. Bu halda da yuxarıda adlarını çəkdiyim xəstəliklər əmələ gəlir.

- Qastrit də ən çox yayılmış xəstəliklərdəndir. Qastritə tutulmuş insan neçə müddətə sağala bilər?

-  Bəli, doğru buyurursunuz. Qastrit də yayılmış xəstəlikdir. O, mədənin selikli qişasının iltihabıdır. Buna bəzən “tələbə xəstəliyi” də deyirlər. Çünki tələbələr, adətən, rejimsiz qidalanır, quru, qızardılmış yeməklər, kolbasa, konserv məmulatlarını daha çox istifadə edirlər. Son zamanlar sübut olunmuşdur ki, xüsusi bakteriyalar var ki, (helikobakteri pilori) onlar qastritin yaranmasında mühüm rol oynayırlar. Qastritin nə vaxt sağalması xəstənin həkimə nə vaxt müraciət etməsindən asılıdır. Vaxtında müraciət eləsə, pəhrizlə, həkim göstərişinə uyğun dərman qəbul etmək və qidalanmaqla tez müddətə sağala bilər. Yadda saxlamaq lazımdır ki, istənilən xəstəliyin vaxtında müalicəsi daha ucuz və daha keyfiyyətli olur.

Əsəxəstəliyindəəziyyət çəkən insanlara nələri məsləhəgörürsünüz?

- Ən əvvəl xəstəliyin səbəbini aradan qaldırmaq lazımdır. Xəstə onu müalicə edən həkimə inanmalıdır. Onda özünə inam yaradılmalıdır. Ən yaxşı müalicə psixoterapiyadır. Əsəbləri pozulmuş xəstə özünün daxili həyəcanını, müxtəlif hisslərini hərtərəfli olaraq həkimə izah etmək istəyir, o çox arzu edir ki, həkim onu diqqətlə dinləsin. Odur ki, belə xəstəni müalicəyə başlayan həkim çox hövsələli və sakit olmalıdır. Belə xəstə həkimlə lazımi qədər söhbət edib “ürəyini boşaltdıqdan” sonra özündə rahatlıq və yüngüllük hiss edir. Ən əhəmiyyətli müalicə sanatoriya-kurort müalicəsidir. Xəstənin sinir sisteminin sakitləşməsi üçün səyahət, ov, dəniz gəzintisi çox xeyirlidir.

Xəstənin xəstəliyi yaradan səbəbə baxış bucağı dəyişməlidir. Tutaq ki, evdə və ya işdə stress yaradan amil  var, hansı ki, əsəblərin pozulmasına səbəb olub. Bunu ürəyində saxlayıb narahat olur, gərginlik keçirirsən. Çox vaxt belə olanda gedib aptekdən əsəb sakitləşdirən dərman alırlar. Yaxud da belə dərman üçün hansısa həkimə müraciət edirlər. Tez-tez mənə verilən sualdır – Doktor mənə bir dənə əsəb sakitləşdirici dərman deyin də.  Axı, bu əsəb sakitləşdirici dərmanlar neyləyəcək? Sadəcə onu keyiləşdirəcək, ya da tutaq ki, yuxusu pisdirsə yuxusunu normallaşdıracaq. Bu xəstəlik təkcə dərmanla düzələn bir hal deyil. İnsanın həmin  problemə olan münasibəti dəyişməlidir. Bayaq qeyd etdiyim kimi bunun ən yaxşı yolu dərman müalicəsi ilə yanaşı aparılan psixoterapiyadır. Müxtəlif psixoterapevtik üsullarla elə etmək lazımdır ki, həmin stressi yaradan səbəbə münasibət dəyişsin və tutaq ki, deyingən qayınananı anlasın, onun sözləri mənfi qıcığa səbəb olmasın. Bunun üçün də köməyə təkcə dərman gəlmir. Dərman preparatları yuxunu normaya sala, həyəcanı aradan qaldıra bilər, ancaq sabah dərman qəbul etməyəndə yenə də eyni problem yaranacaq. Ona görə də çox yaxşı olar ki, dərman preparatları ilə yanaşı xəstə müntəzəm psixoterapevtik seanslar alsın.

 Bizdə belədir ki, psixoloqun, nevroloqun yanına getmək ayıb sayılır. Dəfələrlə xəstələrdən eşitmişəm, deyirlər ki, mən dəli deyiləm ki, nevroluqun, psixoloqun və ya psixiatrın yanına gedim. Əslində isə hər bir insanın psixi problemi ola bilərrə bilər. Ona görə də peşəkar, eyni zamanda inadığınız həkimə müraciət edib problemi izah etmək lazımdır. Bizdə çox vaxt qadınlar öz problemləri ilə baş-başa qalırlar. Xüsusən gənc qızlar dərdlərini, keçirdikləri psixoloji sarsıntıları heç kəsə, hətta analarına belə deməyə qorxurlar, yanlış anlaşılmaqdan ehtiyat edirlər, dərdlərini içində gəzdirir və bəzən ağır depressiya vəziyyətinə düşürlər. Həkimə orqanizmdə artıq geri dönməz dəyişikliklər baş verdikdən sonra müraciət edir və bu zaman müalicə də istənilən effekti verməyə bilər.  Ona görə də bir daha tövsiyyə edərdim ki, narahatlıq varsa mümkün qədər  tez, vaxtında peşəkara müraciət etsinlər.

Azadə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR